İyunun 14-də İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində Milli Qurtuluş Günü münasibətilə yeni­yetmələr (2006-2008-ci illər təvəllüdlü) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın qaydaları haqqında idmançılara geniş məlumat verib və onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 çəki dərəcəsi üzrə 50 idmançı mübarizə aparıb. Birincilikdə oğlan idmançılar ilə yanaşı, qız idmançılar da öz güclərini sınayıblar. Birinci­liyin yekununa əsasən Əlislam Səfərov, Rəhim Qaybalıyev, Səid Seyidov, Seymur Hüseynli, Rza Paşayev, Faiq Məmmədli, Əziz Hacıyev, Rauf Cabbarov və Sadiq Həsənzadə müvafiq olaraq 23, 26, 29, 32, 35, 42, 46, 50 və 50+ kiloqram çəki dərəcələrində, qızlar arasında isə Cənnət Əliyeva 24 kiloqram çəki dərəcəsində I yerə layiq görülüblər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti