23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Beynəlxalq Şahmat Festivalı daha mühüm uğurlarla yadda qalacaq

“Döyüşlər rinqdə baş verir, müharibələr isə lövhələr üzərində aparılır” və “şahmat beyinin əyləncəsidir” kimi deyimlər son dövrlər daha çox səsləndirilməyə başlanılıb. Bunu bir çox səbəblərlə izah edirlər. Lakin buna ən real cavabı hollandiyalı rəssam İpe Rubinqstal şahmatı fiziki sınaqlarla birləşdirərək şahboks yaratmaq qərarına gələrkən verib. Bu ideyanı ilk dəfə şahmat və boks haqqında olan “Komiks” kitabından götürən Rubinqstalın fikrincə, şahboksda şahmat və boksun raundları bir-birini əvəzləyir – şahboks getdikcə daha çox məşhurluq qazanır və dünya şahboks təşkilatının nəzarəti altındadır. Psixoloqlar isə şahmatın yaddaşı gücləndirmək üçün əla bir vasitə olduğunu deyirlər. Bu həmçinin çətin tapşırıqları həll etmək və yeni ideyalar yaratmaq imkanı verir. Təsadüfi deyil ki, alman psixiatoru Alois Altsqeymer xəstələrinə ona qarşı mübarizə metodu kimi şahmat oynamağı tövsiyə edirdi.

Şahmat fitrətən, yəni anadangəlmə yüksək istedad və intellektual qabiliyyətə malik olan insanlar üçün bir oyun hesab edilir. Bəli, bu, müəyyən qədər həqiqətdir, amma insanın şahmat oynayaraq öz intellektual qabiliyyətini yüksəltməsinin mümkünlüyü də bir reallıqdır. Həkimlərin apardığı araşdırmalar göstərir ki, şahmat beyinin hər iki yarım­kürəsinin fəaliyyətini aktivləşdirir, yaradıcılıq qabiliyyəti, diqqət, tənqidi düşüncə kimi vərdişləri insanda cəmləşdirir.

Bu idman oyunu bir tərəfdən gənc­lərin əqli inkişafına kömək edirsə, digər tərəfdən onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin hər yerində olduğu kimi, muxtar respublikada da şahmat məktəbləri üçün yeni binaların tikintisi, mövcud binaların yenidən qurulması və idman federasiyalarının yaradılması işinə başlanılmışdır. Ulu öndər müstəqillik dövründə də şahmatın inkişafına diqqət göstərmiş, onun himayə və qayğısı ilə bu sahədə möhkəm maddi-texniki baza yaradılmışdır.
2003-cü ildə Naxçıvan Muxtar Respublikasında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatı bu növün muxtar respublikada uşaq, yeniyetmə və gənclər arasında kütləviləşməsinə, inkişafına böyük təkan oldu. Naxçıvan Muxtar Respublikasında Şahmat Federasiyası yaradıldıqdan sonra Naxçıvan şəhərində şahmatçılar üçün məktəb tikilib istifadəyə verildi. İdman siyasəti, daha dəqiq desək, zəka oyununun inkişaf tədbirləri təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmadı, rayonlarda da bu növün kütləviləşməsi üçün addımlar atıldı. Ardıcıl olaraq Culfa, Şahbuz və Şərur, 2011-2013-cü illər arasında isə Ordubad, Sədərək, Babək və Kəngərli rayonlarında Uşaq-gənclər şahmat məktəblərinin yeni binalarının şahmatçıların ixtiyarına verilməsi bu tədbirlərin davamıdır. 2009-cu ildə isə Naxçıvan şəhərində ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Şahmat Mərkəzi istifadəyə verildi.
Zəka oyununun inkişafı hər bir ölkənin, xalqın ümumi intellektual potensialının göstəricisidir. Ölkəmizdə bu növün dövlət səviyyəsində himayə olunması, infrastrukturun müasirləşdirilməsi, beynəlxalq səviyyəli şahmat mütəxəssislərinin hazırlanması sahəsində ardıcıl işlər görülür. Bu, şahmata nə qədər önəm verildiyinin göstəricisidir. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafına göstərilən diqqətin nəticəsidir ki, yetişən gənc nəsil üçün şahmat daha əlçatan olmuşdur. Bununla yanaşı, ümumtəhsil məktəblərində şahmat fənninin dərs proqramına daxil edilməsi, Naxçıvanda beynəlxalq şahmat festivallarının və digər yarışların keçirilməsi şahmat hərəkatının genişlənməsinə, gənclərin bu idman növünə marağının xeyli artmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışlarının birində demişdir: “Gənclərin intellektual və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində şahmat əvəzsiz vasitədir. Ona görə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına xüsusi diqqət göstərilir, uşaq-gənclər şahmat məktəbləri ilə yanaşı, ümumtəhsil məktəblərində də şahmat fənni tədris olunur. Hər il Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalı və digər şahmat yarışları şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir. Biz, xüsusilə Beynəlxalq Şahmat Festivalının işinə mühüm əhəmiyyət veririk. Bu mötəbər və ənənəvi yarışa göstərilən böyük maraq, iştirakçı zəka sahiblərinin sayının hər il artması haqlı olaraq Naxçıvanı özünəməxsus şahmat mərkəzinə çevirmişdir”.
Şahmat möcüzəli, istedad tələb edən, “beyinin gimnastikası” adlı bir oyundur. Bu idman uşaqlarda qalib gəlmək əzmi formalaşdırır, onların zehni inkişafında mühüm rol oynayır. Buna görə də şahmatı təkcə idman növü kimi deyil, insan məntiqini zənginləşdirən elm kimi də qəbul etmək lazımdır.
5 yaşından zəka oyununu oynamağa başlayan, dünya çempionu, kubalı şahmatçı Xose Raul Kapa­blankanın fikrincə, şahmat, sadəcə, oyun deyil, intellektual vaxt keçirməkdir. Həmçinin onda elmin müəyyən elementləri var. Zehni işdə işləyənlər üçün şahmat oynamaq idmançılar üçün idmanla məşğul olmaq kimidir. Şahmat insan əqlini məşq etdirməyin ən gözəl yoludur.

Bəli, şahmat oyunu uşağın dünya­görüşünün inkişafına təsir edir, diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvəlcədən oyunun nəticəsini görməyi öyrədir. İxtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü inkişaf etdirir.
Bu gün muxtar respublikamızda şahmatın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir və keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında aparılan kadr islahatı isə şahmatın tarixində yeni və davamlı inkişaf mərhələsinin əsasını qoyub. Federasiya 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı­­ vəziyyəti və qarşıda duran vəzifələr haqqında” ­keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqların və qarşıya qoyduğu vəzifələrin icrasını diqqət mərkəzində saxlayır. Federasiya sədrinin muxtar respublikanın bir sıra rayonlarında orada fəaliyyət göstərən şahmat müəllimləri, şahmatçılar və valideynlərlə keçirdiyi görüşlər, müzakirələrin aparılması, problemlərin yerində öyrənilməsi və həlli bu idman növünün inkişafına mühüm təkan verib. Federasiyanın düzgün seçilmiş inkişaf strategiyası nəticəsində uşaqların, xüsusilə də valideynlərin bu idman növünə marağı gündən-günə artır. Demək olar ki, hər ay, şahmat məktəblərində şəhər və rayon, eyni zamanda idarə və təşkilatlar, dövlət qurumları, məktəblilər arasında birinciliklər və mütəmadi olaraq tempo yarışları təşkil olunur. Federasiyadan aldığımız məlumata görə, son aylar şahmat məktəblərinə müraciət edənlərin sayı xeyli artıb. Digər yenilik isə mükafat fondunun təsis edilməsi ilə bağlıdır. Şahmat Federasiyasının sədri Seymur Talıbovun şəxsi təşəbbüsü ilə yaradılan fond şahmatçılar və məşqçi-müəllimlərin zəka oyununa marağını artırmaq məqsədi daşıyır.
Naxçıvanda hamı şahmat oynayır, – desək, yəqin ki, yanılmarıq. Sağlam gəncliyin yetişdirilməsinə və analitik düşüncə tərzi formalaşdırmağa xidmət edən şahmatın inkişafına diqqət və qayğını hər addımda görmək olar. Bu gün Naxçıvan şəhərindəki Şahmat Mərkəzi və bölgələrdəki şahmat məktəbləri 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub, ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılıb, ümumilikdə, ümumtəhsil məktəblərinə 490 ayaqlı, 500 asma və 3910 stolüstü şahmat dəsti verilib. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərinin I-IX siniflərində 5720 saat şahmat dərsi tədris edilir. Şahmatın tədrisi ilə 445 müəllim məşğul olur. Təhsil müəssisələrində şahmat müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə müəllimlərin sertifikasiya imtahanları keçirilmiş, şahmatı tədris edən 401 müəllim imtahanı uğurla vermişdir. Muxtar respublikada fəaliyyət göstərən 200-dən artıq məktəblə ayda bir dəfə Naxçıvan Şahmat Mərkəzi arasında onlayn bağlantı yaradılır. Bağlantı vasitəsilə eyni vaxtda yüzlərlə şagirdə mərkəzin müəllimləri tərəfindən ustad dərsləri keçilir. Bununla yanaşı, ayda bir dəfə müəllimlər üçün onlayn seminarlar təşkil olunur.
İdmanın bu növünün uşaq və gənclər arasında kütləviləşməsi məqsədilə də müəyyən işlər görülür. Bunlardan biri də müəllim və şagirdlər üçün kitabların, dərs vəsait­lərinin tərcümə olunub çap etdirilməsidir. Şahmat Federasiyasının təşkilatçılığı ilə 800 nüsxə nəşr olunan “Pillə-pillə” kitabı məhz ümumtəhsil məktəblərində şahmatın dərslik, dərs vəsaiti və digər tədris-metodik­­ ədəbiyyatlara olan ehtiyacının qarşılanması məqsədini daşıyır. Sertifikat almış şahmat müəllimlərinə federasiya tərəfindən hədiyyə edilən bu yeni nəşr, heç şübhəsiz ki, Naxçıvanda şahmatın tədrisinin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcək.

Şahmat Federasiyasının sədri Seymur Talıbov müəllimlərlə keçirilən görüşlərin birində demişdir: “Şahmat məktəbində heç kəsə məhdudiyyət qoyulmamalı, məktəblilərin öz aralarında oyun oynamaları üçün əlavə sinif otaqları hazırlanmalıdır. Cəmiyyətə şahmatı doğmalaşdırmaq lazımdır. Çünki muxtar respublika rəhbəri tərəfindən idmana hər zaman diqqət, qayğı göstərilir”.
Bəli, bu gün şahmat muxtar respublikada cəmiyyətə doğmalaşan bir idman növüdür. Məhz bunun nəticəsidir ki, hər il olduğu kimi, bu il də ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Şahmat Mərkəzində Beynəlxalq Şahmat Festivalı keçiriləcək. Bu gün başlayacaq “Naxçıvan Open – 2019” Beynəlxalq Şahmat Festivalında 14 ölkədən 350-yə yaxın zəka sahibi iştirak edəcək. Bu festivalda ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının şahmatçısı da mübarizə aparacaq. Sevindirici haldır ki, festivalın “A” qrupunda 1 qrossmeyster, 2 beynəlxalq usta və 2 FİDE ustası olmaqla, 5 zəka sahibimiz ən güclülərlə eyni masa arxasında əyləşəcək.
Yüksək səviyyədə təşkil olunan festival bu gün muxtar respublikada idmanın unikal inkişafının növbəti göstəricisi olmaqla yanaşı, Naxçıvanın beynəlxalq nüfuzunun daha da artmasına, qədim diyarımızın tarixinin, bugünkü tərəqqisinin təbliğinə, həm də turizmin inkişafına böyük təkan verəcək.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006436
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
670
4717
13926
88818
4006436

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter