Mayın 20-də Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci və Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümünə həsr edilən xüsusi veriliş yayımlanıb.
Verilişdə aparıcı Kazuyasu İşida, Azərbaycan- Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonra qazanılan uğurlar, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında dinləyicilərə hərtərəfli məlumat veriblər.
Qeyd olunub ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bu qısa dövr ərzində dövlətçilik ənənələrinin bərpası, demokratik idarəetmənin formalaşması istiqamətində mühüm uğurlara imza atıb.

Verilişdə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi çətinliklərdən, o cümlədən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Prezident cənab İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atır.
Verilişdə, həmçinin Azərbaycanın müasir turizm potensialına malik olduğu, burada mövcud olan tarixi abidələr, təbii müalicə ocaqları barədə də yapon dinləyicilərə ətraflı məlumat verilib.
Verilişdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və cari ildə yaradılmasının 95-ci ili qeyd edilən Naxçıvan Muxtar Respublikası barədə də ətraflı danışılıb. Qeyd edilib ki, Azərbaycanın ən qədim ərazilərindən olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan dünya ­sivilizasiyalarının mərkəzlərindəndir. Azərbaycan xalqı bu diyarda tarixi çox qədimlərə gedib çıxan zəngin mədəniyyət yaradıb.
Məhz bəşər övladının ilk mədəni nümunələrinin qorunduğu və Nuhun gəmisinin lövbər saldığı Gəmiqaya abidəsi, yaşı min ilə yaxın olan Möminə xatın türbəsi, 14 il Əmir Teymurun qoşunları ilə mübarizədə təslim olmamış Əlincəqala Naxçıvanda yerləşir. Müqəddəs “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində bəhs edilən Əshabi-Kəhf ziyarətgahı da məhz Naxçıvandadır.
Bildirilib ki, Naxçıvanın muxtariyyəti dövlətçilik ənənələrinin davamı olaraq meydana gəlib. Verilişdə Naxçıvanın turizm imkanları, müalicəvi iqlimi, dərman bitkilərinin bolluğu, şəfalı mineral suları ilə fərqləndiyi də yapon tamaşaçıların diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvanın inkişafı gündən-günə daha da sürətlənir.

AZƏRTAC