21 Noyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının növbəti yığıncağı keçirilib.
Yığıncaqda şəhər və rayonlarda fəaliyyət göstərən uşaq futbolu üzrə məşqçilər iştirak ediblər.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, bu gün Naxçıvanda futbolun inkişafı, kütləvi hal alması üçün hər bir imkan yaradılıb. Məşqçi-müəllimlər, eləcə də bu sahə ilə yaxından maraqlananlar bundan səmərəli istifadə etməlidirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarının icrası nəticəsində muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən rayon və kəndlərimizdə stadionlar yenidən qurularaq uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib. Bu, idmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Stadionların yenidən bərpası uşaq və yeniyetmələrin, gənc­lərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayır. Eyni zamanda bu stadionlarda keçirilən yarışlar, turnirlər istedadlı gənc­lərin üzə çıxarılmasına şərait yaradır.

Vurğulanıb ki, muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də idman obyektlərinin tikilməsi, mövcud obyektlərin yenidən qurulması artıq ənənə halını alıb.
Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.
Müzakirələrə yekun vuran Azad Cabbarov qeyd edib ki, qarşıdakı mövsümdən etibarən Naxçıvan Muxtar Respublikasında futbol üzrə uşaq liqaları təşkil olunacaq. Dünya praktikasında olduğu kimi, liqalardakı oyunlar 10-14 yaşlı futbolçular arasında keçiriləcək. Komandaların heyətində istedadlı futbolçular seçiləcək və onlar muxtar respublikanı yığma komanda halında ölkə və beynəlxalq yarışlarda təmsil edəcəklər. Qarşıdakı günlərdə artıq liqaların əsasnaməsi, oyun qrafikləri hazırlanacaq.
Federasiya sədri uşaq liqalarına nəzarəti məşqçi Sakit Rzayevə həvalə edib. Hakimlər Komitəsinin də yeni tərkibi müəyyənləşib və komitənin sədri Elmar Rzayev seçilib.
Bildirilib ki, növbəti aydan etibarən hakimlərin məşqlərinə start veriləcək və məşqləri Bakıdan dəvət olunacaq təcrübəli hakimlər aparacaqlar. Eyni zamanda hakimlərimiz növbəti mövsümdən etibarən ölkə birinciliklərində oyunlara təyinat almaları üçün seminarlara göndəriləcəklər.
Azad Cabbarov vurğulayıb ki, növbəti ayda federasiyanın yeni yığıncağı təşkil olunacaq və komandaların məşqləri başlayacaq. Məşqçilərin təcrübələrini artırmaq məqsədilə Azərbaycanın tanınmış futbol mütəxəssisləri Naxçıvana dəvət olunacaq, seminarlar, kurslar təşkil ediləcək. Həmçinin gənc məşqçilər təcrübə keçmək üçün digər klubların təlim-məşqlərinə də qatılacaqlar.
Sonda Futbol Federasiyasının sədri muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ­Sədrinə minnətdarlıq edərək bildirib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.

  Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR