23 Avqust 2019, Cümə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin tövsiyələri əsas tutularaq gənc nəslin sağlam yetişdirilməsi başlıca amil kimi götürülür, idman və idmançılara xüsusi diqqət və qayğı ilə yanaşılır, müasir idman infrastrukturu yaradılır, mövcud idman obyekt və qurğularından səmərəli istifadə diqqətdə saxlanılır. Görülən bu işlərin davamı kimi Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurularaq sakinlərin ixtiyarına verilib. Biz də yenidənqurmadan sonra idmançılara yaradılan şərait və keçirilən məşq prosesləri ilə tanış olmaq üçün kompleksə yollandıq.
İşıqlı, təmiz, sakit, hər cür şəraitlə təmin edilmiş kompleksdə ilk olaraq iki əcnəbi vətəndaş diqqətimizi cəlb edir. Söhbət əsnasında öyrənirik ki, onlar kompleksin zalında oynanılan mini-futbol matçını izləməyə gəliblər. Kompleksin direktoru Ramil Hacı da bizə yaxınlaşır və əcnəbi qonaqların artıq ikinci gündür ki, gəlib burada futbola baxdıqlarını bildirir. Keçirilən görüş mini-futbol üzrə muxtar respublika birinciliyi olduğu üçün elə kompleksin direktoru ilə söhbətimizə də futbol yarışı haqqında başlayırıq. Ramil müəllim deyir ki, kompleksdə həftənin bütün günləri mini-futbol üzrə oyunlar keçirilir. Burada təkcə futbola həvəsi olan gənclər yox, eyni zamanda dövlət qulluqçuları arasında da oyunlar oynanılır.

Kompleksin direktoru bizi buradakı idman salonları, məşq otaqları ilə tanış edərək bütün zəruri infrastrukturun yenilənməsi, tavan və döşəmələrin dəyişdirilməsi, işıqlandırma, havalandırma və istilik sistemlərinin yenidən qurulması haqqında məlumat verir.
Öyrənirik ki, kompleksin hər biri 220 tamaşaçı yeri olan iki universal salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması muxtar respublikanın idman nüfuzunu yüksəltməklə yanaşı, şəhər və rayonlarda, kəndlərdə yaşayan gənc­lərin idmana həvəsinin artırılması, onların potensiallarının üzə çıxarılması və ümumilikdə, idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. Bəhs etdiyimiz kompleksin mini-futbol, voleybol, basket­bol və trenajor zallarında da idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. İki idman zalında güləş, karate, boks və digər idman növləri üzrə yarış və məşqlərin keçirilməsi mümkündür. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Yarış nəticələrinin göstərilməsi üçün elektron məlumat lövhəsi qurulub. Kompleksdə idman ləvazimatlarının satış bölməsi və bufet istifadəyə verilib, iş, soyunub-­geyinmə və digər xidməti otaqlarda lazımi şərait ­yaradılıb.
Müsahibim onu da vurğulayır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Olimpiya İdman Kompleksində görü­lən işlərlə tanışlıq zamanı kompleksin imkanlarından səmərəli istifadə olunması və yaradılan şəraitin qorunub saxlanılması barədə tapşırıqlar verib. Bu gün həmin tapşırıqlara ciddi əməl olunur.
Kompleksin direktoru onu da diqqətə çatdırdı ki, bir çox idman federasiyaları ölkə və beynəlxalq səviyyəli yarışları məhz burada keçirir. Eyni zamanda təlim-məşq toplanışlarının da bu kompleksdə təşkil edilməsi muxtar respublikada idmana olan marağı xeyli artırıb. Buraya gələn qonaqlara hər cür qayğı və xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi də mütəmadi olaraq kompleksin fəaliyyəti ilə maraqlanır, lazımi tapşırıqlar vaxtında yerinə yetirilir. Biz də, öz növbəmizdə, dövlətimizin adını daim yüksək tutmaq üçün çalışır, bayrağımızın ən mötəbər kürsülərdə dalğalanması istiqamətində işlər görür, göstərilən qayğıdan bəhrələnirik.
Muxtar respublika rəhbərinin gərgin əməyi sayəsində bu gün Naxçıvan ölkənin idman mərkəzlərindən birinə çevrilib, bu sahədə mühüm uğurlara imza atılıb. Bunun nəticəsidir ki, cari ildə kompleks bir çox ölkədaxili və beynəlxalq turnirlərə, yarışlara ev sahibliyi edib. Həmçinin idmanın maddi-texniki bazasının gücləndirilməsi, müxtəlif idman növlərinin kütləviləşməsi istiqamətində görü­lən işlər öz bəhrəsini verməkdədir. Bu gün muxtar respublikada idmanın zəngin ənənələrini davam etdirməyə qadir olan bir çox beynəlxalq dərəcəli idman ustası, məşqçilər nəsli yetişməkdədir. Gənclər və İdman Nazirliyinin, yerli idman federasiyalarının məqsədyönlü, səmərəli fəaliyyəti nəticəsində bu gün idman özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Kompleksdə yaradılan şərait daha çox məşqçilərin və idmançıların sevincinə səbəb olub. Kikboksinq məşqləri keçən məşqçi-müəllim Natiq Yaqubov bildirdi ki, onların məşq etmələri üçün hər bir imkan yaradılıb. Həftədə üç dəfə burada məşqlər keçirilir və uşaqların sayı gündən-günə artmaqdadır. Buna səbəb isə yaradılan gözəl şəraitdir. Bu imkanları məşqçilər, idmançılar üçün yaradan muxtar respublika rəhbərinə minnətdarlı­ğımızı bildiririk.
Uzun illərdir, sərbəst güləşlə məşğul olan David Yaqubovun fikrincə, kompleksin yenilənməsi idmana göstərilən diqqətin bariz nümunəsidir. Bizim üçün bu cür şərait yaradılır, biz də, öz növbəmizdə, keçirilən yarışlarda uğur qazanıb muxtar respublikanın idman ənənələrini layiqincə davam etdirəcəyik.
Ramin Hacı sonda onu da vurğuladı ki, kompleksin qapıları təkcə peşəkar idmançılara yox, hər bir gəncin üzünə açıqdır. Gəncləri idmana cəlb etmək, onları zərərli vərdişlərdən uzaq tutmaq və sağlam gənclik yetişdirmək borcumuzdur. Belə idman komplekslərinin istifadəyə verilməsi isə Naxçıvanda idmana olan marağı gündən-günə artırır. Yaradılan bu şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4478395
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1762
5274
21351
142436
4478395

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter