16 Sentyabr 2019, Bazar ertəsi

Hələ qədim dövrlərdən Azərbaycanda elə nəsillər, elə qəbilələr olub ki, onlar öz döyüşkənliyi ilə təkcə Qafqazda yox, hətta Avropada da tanınıblar. Tarixi sənədlər göstərir ki, onların arasında yüksək rütbəli hərbçilər – generallar da olub. Belə şəxsiyyətlərdən biri də Naxçıvan xanları sülaləsindən olan, Azərbaycanın və Rusiyanın hərb tarixində mühüm rol oynamış general Hüseyn xan Naxçıvanskidir. O, milli hərb tariximizə 6 general bəxş edən Kəngərli nəslindəndir. 

Hüseyn xan hamıdan fərqli olaraq nəinki öz şöhrətli nəslinin ənənələrini zənginləşdirmiş, həm də igidliyi ilə sonrakı nəsillər üçün unudulmayacaq yüksək qəhrəmanlıq nümunəsi qoyub getmişdir. Naxçıvanda doğulan, ilk təhsilini burada alan Hüseyn xan faciəli bir tale yaşamış, ömrünün qalan hissəsini isə qürbətdə – Rusiya hərb elminə həsr etmiş çox mahir bir hərbçi olmuşdur.
Atası general II Kalbalı xan oğlunu hərbçi kimi görmək istədiyindən Hüseyn xanı imperatorun himayəsində olan və Rusiyanın ən mötəbər, zadəgan oğullarının təhsil aldığı Peterburqdakı Paj korpusunda oxumağa göndərmiş, həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra rus ordusunda hərbi xidmətə başlamışdır. Süvari alayındakı 20 illik xidməti zamanı Hüseyn xan kornetdən ən böyük hərbi rütbəyə, əlahəzrətin general-adyutantı rütbəsinədək yüksəlmişdir. Rus-yapon savaşında qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına, müharibədən sonra isə rus ordusunun qocaman və şöhrətli alaylarına – Nijeqorodsk draqun və leyb-qvardiya süvari alaylarına rəhbərlik etmişdir. I Dünya müharibəsi ərəfəsində Hüseyn xan 2-ci süvari diviziyasının komandiri təyin edilmiş, ona general-leytenant rütbəsi verilmişdir. Qafqaz müsəlmanlarından təşkil edilmiş “Vəhşi diviziya” kimi tanınan diviziya və polyaklardan təşkil olunmuş süvari diviziya ona tabe olmuşdur.
Hüseyn xan Naxçıvanskinin döyüşlərdə göstərdiyi şücaətə görə aldığı orden və medalların sayı-hesabı yox idi. O, çar Rusiyasının 20 mükafatı və 9 xarici ordenlə təltif olunmuşdur. Hüseyn xan Naxçıvanski Rusiya ordusunun sayca az olan o generallarından idi ki, 1917-ci il inqilabını tanımadı və son günə qədər taxt-taca sadiq qaldı. O, 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən həbs olunmuş və güman edilir ki, güllələnmişdir. Dəfn yeri məlum deyil. Tarix bu əfsanəvi sərkərdəni unutmadı. Rus və Azərbaycan xalqlarının xatirə yaddaşında bu günədək əsl qeyrət, hünər və sədaqət rəmzi kimi qalan Hüseyn xan Naxçıvanskinin şərəfli adı daim yaddaşlarda yaşayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq Muzeyində daimi ekspozisiyası formalaşdırılarkən bu görkəmli hərbi sərkərdənin də xatirəsini yaşatmaq məqsədilə onun həyatı və hərbi fəaliyyətinə həsr olunmuş guşə yaradılmışdır. Bu gün muzeydə Hüseyn xan Naxçıvanskiyə aid maraqlı fotolar, arxiv materialları və sənədli məlumatlar nümayiş olunur.
Hüseyn xan Naxçıvanskinin hərbi fəaliyyəti ilə bağlı fotolar – “Süvari alayının leyb-qvardiyasının zabitləri və alayın komandiri Hüseyn xan Naxçıvanski”, “Dağıstan süvari alayının leyb-qvardiyasının zabitləri və alayın komandiri Hüseyn xan Naxçıvanski doğma polku ilə tanış olarkən”, “Süvari alayının zabitləri parad formasında, I cərgədə Hüseyn xan Naxçıvanski”, “Hüseyn xan Naxçıvanskinin rəhbərliyi altında hücumlara həsr olunmuş Ümumdünya Poçt İttifaqı marka”sının fotosurəti, rəssam Rəfael Qədimovun yağlı boya ilə çəkdiyi Hüseyn xan Naxçıvanskinin portreti və digər qiymətli, nadir eksponatlar ekspozisiyada öz yerini tapmışdır.
Görkəmli sərkərdənin ailə üzvlərinə aid materiallar da muzeydə nümayiş olunur. Bu materiallardan Hüseyn xanın atası II Kalbalı xan Naxçıvanskinin, bacısı Zərrintac xanımın, oğlu Nikolay Naxçıvanskinin fotoları, eyni zamanda müəllifi Müsəllim Həsənov olan 117 səhifədən ibarət “Qərib məzarlar” adlı kitab-albomu da qeyd etmək olar. Kitab-albomda Hüseyn xanın qızı Tatyana Hüseynova Martinovanın qəbrinin təmirdən sonrakı fotosu və onun haqqında qısa məlumat verilmişdir. Onun qəbri Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təmir edilib.
Görkəmli rus qafqazşünası, professor Rudolf İvanovun Naxçıvanski generalları sülaləsinin nümayəndəsi Hüseyn xan Naxçıvanskiyə həsr etdiyi “Əlahəzrətin general-adyutantı” kitabı da guşədə yer alıb. Əsərdə Hüseyn xan Naxçıvanskinin 34 illik hərbi fəaliyyəti ilə sıravi hərbçidən general-adyutant səviyyəsinə yüksəlməsinin səbəbləri ətraflı şəkildə açıqlanmışdır.
“Əlahəzrətin general-adyutantı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi ilə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur. Ekspozisiyada həmin kitabdan bir çox çıxarışlar da öz əksini tapmışdır. Bu çıxarışlarda Hüseyn xanın çar Rusiyasının ordusunda xidmətinin 15 illiyinin tamam olması münasibətilə 3-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə mükafatlandırılması və İran şahının təqdimatı ilə ulduz və almazlarla bəzədilmiş İranın 2-ci dərəcəli “Şir və Günəş” ordenini qəbul etmək və yaxasında daşımaq ixtiyarının verilməsi ilə bağlı yazılar qeyd olunmuşdur.
Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə Hüseyn xan Naxçıvanskinin 34 illik hərbi fəaliyyəti haqqında çəkilmiş “Qayıdış” sənədli filminin videoyazısı da muzeydə nümayiş olunan eksponatlar sırasındadır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmışdır. Çəkilişləri Naxçıvanda, Bakıda, Sankt-Peterburqda aparılan film Azərbaycan və rus xalqları arasındakı mədəni və tarixi bağların keçmişi, bu günü baxımından çox əhəmiyyətlidir.
Xatirəsi bu gün də Rusiyada və Azərbaycanda əziz tutulan Hüseyn xan Naxçıvanski ona görə dəyərli və qiymətlidir ki, o, böyük sərkərdə olmaqla yanaşı, eyni zamanda Vətəninə bağlı cəsur insan və sədaqətli əsgər idi. Belə insanlar isə xatirələrdə yaşamalı, adları daim xatırlanmalıdır: dünənimiz, bu günümüz və gələcəyimiz üçün.

Hüseyn xan Naxçıvanski irsinin yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi də öz fəaliyyətini uğurla davam etdirir. Tariximiz böyük bir məhəbbətlə qorunur, bu tarixin şanlı səhifələrinə şərəflə, ləyaqətlə, şücaətlə düşən görkəmli şəxsiyyətlərimizin adı daim yaşadılır. Belə ki, muzeydə Naxçıvan xanlığı ilə bağlı və Kəngərli nəslinin nümayəndələrinə həsr olunmuş tədbirlər təşkil edilir, sərgilər hazırlanır, açıq dərslər keçilir. Müxtəlif dövlət təşkilatları, ali və orta ixtisas təhsili müəssisələrinin kollektivləri muzeyi ziyarət edir və Hüseyn xan Naxçıvanski ilə yanaşı, Kəngərli nəslinin yetişdirdiyi digər generallara həsr edilmiş guşələrlə tanış olurlar.

Zülfiyyə Əliyeva
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və
Açıq Səma Altında Muzey Kompleksinin
baş fond mühafizi, elmi işçi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR