23 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvanda insanların qədimdən bəri taxılçılıqla məşğul olması bu ərazidə dəyirmanların da geniş yayılmasına səbəb olub. Qədim dəyirmanların bir çoxunun günümüzədək gəlib çıxması, dəyirman daşlarının və digər maddi nümunələrin aşkarlanması bunu təsdiq edir. Elmin, texnikanın inkişaf etdiyi müasir dövrdə çox böyük istehsal gücünə malik olan avtomatlaşdırılmış dəyirmanlar işi xeyli asanlaşdırıb. Bununla belə, diyarımızda qədim su dəyirmanlarından bu gün də istifadə edilir, onlar bərpa olunaraq işlək vəziyyətə gətirilir.
Son illər muxtar respublikada yaradılan belə müəssisələrdən biri də Şərur şəhərində yerləşən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin nəzdin­­də fəaliyyət göstərən “Dostluq” un ­dəyirmanıdır.
Dəyirmanın təcrübəli işçilərindən İlyas Nağıyev bizimlə söhbət zamanı dedi ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, atılan addımlar hamımızı sevindirir. Sahibkarlıq fəaliyyətinə belə geniş meydan verilməsi də bu tədbirlərin davamıdır. Öyrəndik ki, sahibkar Adil Məmmədova məxsus dəyirman 2000-ci ildə verilən güzəştli kredit dəstəyi hesabına iki-üç nəfərlə fəaliyyətə başlayıb. Hazır­da müəssisədə 10-a yaxın işçi çalışır. Burada işçilərə normal iş şəraiti yaradılıb, onlar xüsusi geyim formaları və servis xidməti ilə təmin olunublar. Müəssisədə müxtəlif çeşiddə yüksək­keyfiyyətli məhsul emal etmək məqsədilə Almaniyanın bu sahə üzrə qabaqcıl təcrübəyə malik firmalarının istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаr alınıb, quraşdırılıb. Gün ərzində 17 ton məhsul emal etmək gücündə olan dəyirman tək şərurluların deyil, qonşu Sədərək və Kəngərli rayonları sakinlərinin də una olan tələbatının ödənilməsində böyük rol oynayır.

Buradakı istehsal prosesi ilə tanış olduq. Buğda əvvəlcə beton çəlləyə tökülür, buğdaələyən maşına keçir. Taxıl təmizlənir və məhsul yuyulmaq üçün digər maşına ötürülür. Həmin avadanlıq buğdanı yuyur və qurudur. Yuyulmuş buğda 1-2 saat dincə qoyulur. Sonrakı prosesdə buğdanın üst hissəsi, yəni qabığı soyulur və oradan əsas aparata, döyən avadanlığa ötürülür. Buğda döyülüb un halına salınandan sonra ələyə keçir. Ələk vasitəsilə məhsul birinci növ una, eləcə də kəpəyə ayrılır. Sonra kisələrə doldurulub ağzı tikilərək sifarişçiyə verilir. Burada olarkən alıcı Müzəffər Kərimovla söhbət etmək imkanı da əldə etdik. O, üyüdülən unun keyfiyyətindən ağızdolusu danışdı, müəssisənin fəaliyyətindən, xidmətin səviyyəsindən razılığını bildirdi.
Müəssisə ilə tanışlıqdan gəldiyimiz qənaət bu oldu ki, hazırda muxtar respublika iqtisadiyyatında özəl sektor xüsusi yerə və rola malikdir. Təbii ki, bu sektorun inkişafında yerli məhsul istehsalı mühüm rol oynayır. Dövlət tərəfindən sahibkarlığın inkişafına verilən dəstək, həyata keçirilən iqtisadi islahatlar bu sahənin də inkişafına əsaslı töhfələr verməkdədir.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR