23 Sentyabr 2019, Bazar ertəsi

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, fılologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli ilə müsahibə 

– Hüseyn müəllim, istərdim ki, əvvəlcə mütaliənin mahiyyəti, insan həyatında, ümumən, cəmiyyətdə yeri, əhəmiyyəti barədə söz açaq.
– Məlumdur ki, cəmiyyətin ilkin təşəkkül çağlarından etibarən insanlar həmişə öyrənməyə, məlumatlarını genişləndirməyə, dərinləşdirməyə böyük ehtiyac duymuşlar. Bu isə, hər şeydən öncə, onların yaşam tələbatı, həyatını daha yaxşı qurmaq istəyi ilə bağlı olmuşdur. Yazının, sonralar kitab çapının kəşfı ilə bu sahədə işlər əsaslı və sistemli xarakter almışdır. İnsanlar həyatda topladıqları təcrübəni, gəldikləri qənaətləri, öyrəndikləri bilikləri, eşitdikləri əhvalatları yazıya köçürməklə, nəşr etdirməklə onların daha geniş yayılmasını, həmçinin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasını etibarlı şəkildə gerçəkləşdirmək imkanı qazanmışlar. Beləliklə, yazının, kitab mədəniyyətinin yaranması bəşər tarixində mütaliəyə də müvafiq meydan açmışdır.
İnsan şəxsiyyətinin yüksək mənəvi dəyərlər əsasında formalaşmasında, kamilləşməsində müvafiq kitabları mütaliə etmək, oxuyub öyrənmək əvəzolunmaz rola malikdir. Mütaliə yolu ilə öz səviyyəsini yüksəldən, bilik dairəsini, dünyagörüşünü genişləndirən insanlar nə qədər çox olursa, bu, bütövlükdə, cəmiyyətin hərtərəfli inkişafına böyük rəvac verir. Ona görə də mütaliə yalnız fərdi xarakter daşımır, həm də çox geniş ictimai əhəmiyyətə malikdir. Qədim yunan mütəfəkkiri Sokrat yazırdı: “Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar”. Mütaliəsiz insan, oxuyub öyrənməkdən uzaq düşən cəmiyyət əsl tərəqqidən, müasir dəyərlərdən də kənarda qalar. İyirminci əsrin məşhur amerikan ədibi Rey Bredberi bunları nəzərdə tutaraq yazırdı: “Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər”.

– Sözsüz ki, mütaliə geniş mahiyyət daşıyır və təkcə bədii əsərlərin oxunması ilə məhdudlaşmır...
– Ədəbi əsərləri oxumaq mütaliənin ən kütləvi, geniş yayılmış sahəsidir. İxtisasından, peşəsindən, məşğuliyyətindən asılı olmayaraq, insanlar bədii ədəbiyyata maraq göstərir, müxtəlifməzmunlu və janrlı nümunələri oxuyurlar. Bədii əsərlər oxucuların estetik zövqünü, dünyagörüşünü dolğunlaşdırır, onların mənəvi-əxlaqi təkamülündə, hərtərəfli inkişafında mühüm rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Hər bir bədii əsər insanlara təsir göstərir, şübhəsiz ki, müsbət təsir göstərir, onların xarakterinin formalaşmasına, inkişaf etməsinə, mədəni səviyyəsinin artmasına böyük təsir göstərir”. Ona görə də bədii mütaliənin insan və cəmiyyət həyatında misilsiz rolu inkarolunmazdır.
Hazırkı elmi-texniki tərəqqi dövründə, qloballaşma şəraitində hər bir şəxsin həm də müxtəlif ixtisas sahələri üzrə müvafiq kitabları oxuması çox vacib məsələdir. Burada təkcə şagirdin, yaxud tələbənin fənlərə aid dərslikləri oxuması nəzərdə tutulmur. Həm də əlavə mütaliə materiallarından söhbət gedir. Məsələn, ali məktəbdə təhsil alan tələbə hər hansı fənnə aid dərslikdən ümumi, ən zəruri məlumatları əldə edə bilir. İstənilən mövzunu daha dərindən öyrənməsi üçün onun mütləq əlavə elmi mənbələrə də üz tutması lazım gəlir. Və yaxud hər hansı şəxs maraq dairəsinə uyğun olaraq müxtəlif əsərləri də mütaliə edir, siyasət, tarix, incəsənət, idman və başqa sahələrə dair kitablar, jurnallar oxuyur. Başqa bir istiqamət isə ali, yaxud orta ixtisas təhsilindən sonrakı elmi mütaliədir. Bəllidir ki, elm sürətlə inkişaf edir, hər ixtisas üzrə biliklər daha da zənginləşir. Belə olan halda cəmiyyətdə gedən tərəqqi prosesindən geri qalmamaq üçün hər bir ixtisaslı mütəxəssis öz sahəsinə uyğun yenilikləri də izləyib öyrənməyə, fəaliyyətində nəzərə almağa borcludur. Bütün bunlar mütaliənin zəruriliyindən və əhatəsinin genişliyindən soraq verir.
– Muxtar respublikamızda əhalinin mütaliə vərdişlərinin möhkəmləndirilməsi, davamlı xarakter alması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərinizi bilmək istərdik.
– Özünün qədim və zəngin maarifçilik ənənələri ilə tanınan Naxçıvanda hazırkı mərhələdə mütaliəyə münasibət, bu istiqamətdə görülən sistemli, ardıcıl işlər böyük əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün digər sahələrlə yanaşı, elmin, təhsilin, mədəniyyətin inkişafına möhtəşəm qayğı göstərir, sistemli, fundamental maarifçilik tədbirlərini ən yüksək səviyyədə həyata keçirir. Bu istiqamətdə görülən işlər özünün heyrətamiz miqyası və konseptual mahiyyəti ilə səciyyələnir. Bəzi məqamları sadalamaq istərdim. Hazırda muxtar respublikamızda uşaqların, yeniyetmələrin, gənclərin, ümumən, əhalinin hər bir kateqoriyasının mütaliə vərdişlərinə yiyələnməsi üçün hər cür şərait yaradılmışdır. Ulu diyarımızın hər bir şəhəri, qəsəbəsi və kəndində ən müasir standartlara cavab verən kitabxanalar fəaliyyət göstərir. Onların zəngin kitab fondu vardır. Şagirdlər və digər sakinlər bu kitabxanalardan lazım olan ən müxtəlif kitabları götürüb oxuya bilirlər. Ulu öndər Heydər Əliyev kitabın, kitabxananın əhəmiyyətini yüksək dəyərləndirərək demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.
Bunlarla yanaşı, kitabxanaların, muzeylərin, orta, orta ixtisas və ali təhsil müəssisələrinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət nazirliklərinin, Gənclər Fondunun, eləcə də Yazıçılar Birliyinin və digər yaradıcılıq təşkilatlarının keçirdikləri konfranslar, simpoziumlar, kitab müzakirələri, təqdimatları, “dəyirmi masa”lar, ədəbi disputlar, “İmza günü”, “Mütaliə aylığı”, “Elm aylığı”, “Oxu günləri”, viktorinalar, intellektual yarışlar və digər tədbirlər də mahiyyət etibarı ilə kitabların tanıtdırılmasına, mütaliənin təbliğinə və genişləndirilməsinə, bu sahəyə marağın artırılmasma uğurla xidmət göstərir. Kütləvi informasiya vasitələrinin bu sahədə səmərəli fəaliyyətini qeyd etmək yerinə düşər.
Muxtar respublikamızda geniş vüsət alan “Startap Naxçıvan” hərəkatı çərçivəsində “İdeyadan başlanğıca” devizi altında həyata keçirilən çoxşaxəli tədbirlərin mahiyyətində də gənclərin elmə, kitaba bağlılığının möhkəmləndirilməsi, yaradıcılığa həvəsləndirilməsi, onların bu yöndəki fəaliyyətinin stimullaşdırılması dayanır. Aydın məsələdir ki, bu layihələrdə iştiraka hazırlaşan gənc öz təkliflərini elmi cəhətdən əsaslandırmaq üçün həm də müvafiq kitablara, mənbələrə üz tutacaq, onları diqqətlə oxuyub öyrənəcək, təhlil edəcək, bu zəmində yeni ideyalarını ortaya çıxaracaq. Göründüyü kimi, “Startap Naxçıvan” hərəkatı bütün digər mühüm aspektləri ilə yanaşı, həm də gənc­lərin müvafiq mütaliə vərdişlərini, ixtisas biliklərini, yaradıcı təfəkkürünü dərinləşdirmək məqsədini də izləyir. Bütün bunların hamısı muxtar respublika rəhbərinin müdrik, düşünülmüş maarifçilik siyasətinin mühüm tərkib hissələri kimi böyük əhəmiyyətə malikdir.
– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiqlənməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər də mütaliə vərdişlərinin formalaşdırılması və möhkəmləndirilməsi işinə bənzərsiz töhfədir.
– Bəli! Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı adıçəkilən sərəncam hamını mütaliəyə dəvət edən qiymətli tarixi sənəddir. Siyahıdakı kitablarda yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi, tarixi keçmişə, milli kökə bağlılığının möhkəmləndirilməsi, siyasi dünyagörüşünün yetkinləşməsi, müstəqil dövlət quruculuğu prosesində iştiraka hazırlanması, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsi və sair kimi çox vacib vəzifələr öz ifadəsini tapmışdır. “Oxunması zəruri olan kitabların siyahısının ümummilli liderimiz Heydər Əliyevin “Yeni 2001-ci il, Yeni əsr və Üçüncü min­illik münasibətilə Azərbaycan xalqına müraciəti” ilə başlaması təsadüfi deyil. Biz bu möhtəşəm müraciətdə Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun elmi və siyasi şəkildə təhlil olunub hərtərəfli şəkildə dəyərləndirilməsini görürük. Müraciət əsl vətənpərvərlik təlimidir. Siyahıda, həmçinin Azərbaycan şifahi və yazılı ədəbiyyatının, klassik pedaqoji və publisistik irsin gənc nəslin təlim-tərbiyəsində böyük əhəmiyyət daşıyan seçmə nümunələri, türk-islam dünyasının tarixi keçmişini, mənəvi-əxlaqi dəyərlərini əks etdirən materiallar, Şərq və Qərb klassiklərinin bir sıra əsərləri də yer almışdır. Sərəncamın verilməsindən ötən müddət ərzində bu siyahıya daha üç kitab – Xalq yazıçısı Elçinin “Baş” romanı, tədqiqatçı R.Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” əsəri və “Pedaqoji fikir tarixindən” adlı nəşrlər də daxil edilib. Sonuncu kitabdakı materialların bilavasitə təlim-tərbiyə, maarif, mütaliə məsələlərinə həsr olunmasını söhbətimizin mövzusu baxımından məxsusi vurğulamaq istərdim.
Ümumiyyətlə, oxunması zəruri olan kitablar barədə Sərəncam hər bir vətəndaşı mütaliə vərdişlərinə yiyələnməyə, sağlam siyasi, ideoloji, mənəvi əsaslar üzrə formalaşmağa çağırmaqla təkcə bu gün üçün deyil, həm də gələcək inkişafımız üçün böyük tarixi əhəmiyyət daşıyır. Ötən müddət ərzində biz artıq onun böyük faydalarını görməkdəyik, o cümlədən yeniyetmələrin, gənclərin mütaliəyə marağının artması həmin Sərəncamın böyük əhəmiyyətinin təzahürüdür.
– Kitab mütaliəsi və müasir internet texnologiyaları, sosial media. Bu barədə fikirləriniz...
– Təbii ki, məlumat bolluğunun, sosial medianın, müxtəlif informasiya texnologiyaları vasitələrinin imkanlarının genişləndiyi bir şəraitdə elə olur ki, gənclik kitab mütaliəsini nisbətən arxa plana keçirir. Əlbəttə, müasir sosial-mədəni tərəqqini informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Bu, artıq bizim həyatımızın, məişətimizin, fəaliyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Və müasir gənclik də internetdən, sosial şəbəkələrin imkanlarından istifadə edir. Bu məqamda dünyanın böyük alimlərindən olan Albert Eynşteynin sözlərini xatırlatmaq istərdim. Məşhur fizik yazırdı ki, bəşəriyyətin gələcəyi elmin, texnikanın inkişafından daha çox bu inkişafın nailiyyətlərindən hansı məqsədlə istifadə olunmasından asılıdır. Müasir mərhələdə internet texnologiyalarına yanaşmada da bu prinsip öz aktual­lığını saxlayır. Əgər yeniyetmə və gənclər internetin geniş imkanlarından faydalanmaqla elmi, bədii və sair faydalı kitabları, qəzetləri, jurnalları oxuyursa və bu, onların biliyinin artmasına, dünyagörüşünün dərinləşməsinə, şəxsiyyətinin sağlam prinsiplər əsasında formalaşmasına müsbət təsir göstərirsə, bunu ancaq alqışlamaq gərəkdir. Amma mənasız, gərəksiz əyləncələr ardınca qaçıb, necə deyərlər, internetdə “vaxt ­öldürmək” – bu, artıq zərərlidir. Ona sərf olunan zaman da, ayrılan diqqət də havayı gedir, xeyir yox, ziyan gətirir. Beləliklə, kitab mütaliəsinin öz yeri, sosial-mədəni tərəqqiyə xidmət göstərən yeni texnologiyaların da öz yeri var.
Onu da nəzərə alaq ki, uşaqlar oxuyub öyrənməyə kitabla başlayırlar, kompüterdən, internet texnologiyalarından istifadə bir qədər sonraya aiddir. Ona görə də kitab mütaliəsinin təməli də çox erkən yaşlardan qoyulur. Uşaq əlinə qələm alıb yazmağı öyrəndiyi, yenicə şəkil çəkməyə, hərfləri oxumağa başladığı ilkin mərhələdən onda kitaba, mütaliəyə sevgi oyatmaq lazımdır. Uşağın, yeniyetmənin yaşı artdıqca, mühitin dairəsi genişləndikcə, əlavə imkanlar yarandıqca kitaba, mütaliəyə maraq daha da möhkəmləndirilməlidir. Çünki insanın mənəvi kamillik yolu, hərtərəfli vətəndaş kimi formalaşması bundan çox asılıdır.
– Böyük şairimiz Nizami Gəncəvinin zəngin həyat təcrübəsindən yoğurulmuş müdrik qənaətləri ilə fikirlərimizi yekunlaşdıraq:

Dünyada nə qədər kitab var belə,
Çalışıb əlləşib gətirdim ələ,
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.
Müsahibə üçün sağ olun!

 Muxtar MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR