18 Sentyabr 2019, Çərşənbə

Bu gün muxtar respublikamızda professional teatrların formalaşmasında baza rolu oynayan xalq teatrlarının inkişafı üçün hərtərəfli şərait yaradılıb. Belə teatrlar həm istedadlı gənclərin üzə çıxarılması, həm də hazırladıqları müxtəlifməzmunlu tamaşalarla tamaşaçıların estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayırlar.
Bu il 10 yaşını qeyd edən və Naxçıvandakı belə teatrlar sırasında öz yeri olan Babək Rayon Xalq Teatrı ötən müddət ərzində hazırladığı səhnə əsərləri ilə tamaşaçı rəğbəti qazanıb. Biz də bu teatrın fəaliyyətini ətraflı öyrənmək üçün Babək Rayon Mədəniyyət Sarayına üz tutduq. Teatrın fəaliyyəti ilə bağlı bizi sarayın direktoru Faiq Heydərov məlumatlandırdı.

O bildirdi ki, 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesini səhnələşdirən Babək Rayon Mədəniyyət Sarayının dram dərnəyinin üzvləri bunun ardınca 2008-ci ildə Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir hissəni tamaşaçılara təqdim ediblər. 2009-cu ildə Q.Fiqereydonun “Ezop” əsərini peşəkar səviyyədə hazırlayıb. Elə həmin il dram dərnəyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Xalq teatrı” statusu verilib. Kollektivin üzvləri rayonda fəaliyyət göstərən mədəniyyət evlərinin işçiləridir. Hazırda teatrın 8 daimi üzvü vardır.
Faiq Heydərov onu da qeyd etdi ki, xalq teatrı gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayacaq tamaşalar hazırlamağa çalışır və müəyyən mənada buna nail olub. Belə ki, teatr 2015-ci ildə keçirilən xalq teatrlarının muxtar respublika festivalında birinci yerə layiq görülərək diplomla təltif olunub. 2017-ci ildə keçirilən festivalda Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış tamaşa ilə çıxış edən teatr “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.
Teatrın aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli söhbətə qoşularaq bildirdi ki, Babək Rayon Xalq Teatrı öz repertuarına bu günə qədər 14 tamaşa daxil edib. “Ezop”, “Solğun çiçəklər”, “Ana”, “Bəxtsiz cavan”, “Beş manatlıq gəlin” və digər tamaşaları ilə Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Naxçıvan şəhərlərində də uğurla çıxış edib.
Vidadi Rəcəblinin sözlərinə görə, muxtar respublikamızın bölgələrində müstəqil teatrların yaradılması və onun inkişafına dəstək göstərilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. Bunun nəticəsidir ki, rayonlarda fəaliyyət göstərən xalq teatrları bu gün peşəkar kadr hazırlığında baza rolunu oynayır. Babək Rayon Xalq Teatrında fəaliyyət göstərən üzvlərdən bir neçəsi artıq peşəkar səviyyədə püxtələşərək bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında öz fəaliyyətlərini davam etdirirlər. Bu isə teatrımızın uğurudur.
Vidadi Rəcəbli qeyd etdi ki, onlar yazıçı Əfqan Əsgərovun “Qız atası” komediyasını uğurla səhnələşdiriblər. Rejissorluğunu etdiyi səhnə əsərinin quruluşçu rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Cabir Məmmədovdur. Rollarda Rasim Qasımov, Ələkbər İsmayılov, Elsevər Məmmədov, Nuray Mehdiyeva çıxış edirlər. Teatr kollektivi həmin tamaşa ilə bu il keçirilən xalq teatrlarının muxtar respublika festivalında uğurla çıxış edib.
Qeyd edək ki, iyulun 23-də Babək Rayon Xalq Teatrının yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Teatr 10 illik fəaliyyəti dövründə hazırladığı tamaşalardan parçaları uğurla təqdim edib.

Pərviz HACILI

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR