19 Oktyabr 2019, Şənbə

Ölkəmizin, o cümlədən qədim diyarımızın inkişafı, yüksəlişi üçün daim çalışan ümummilli liderimiz Heydər Əliyev xalqı və dövləti qarşısındakı müqayisəolunmaz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf strategiyasının müəllifidir. Məhz həmin strategiyanın muxtar respublikamızda vətənpərvərliklə davam etdirilməsinin nəticəsidir ki, bu gün özünün sosial-iqtisadi inkişaf dövrünü yaşayan, günü-gündən çiçəklənən qədim diyarımız beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb, belə mühüm tədbirlərin reallaşdırılmasında hər kəsin rəğbətlə ifadə etdiyi inkişafın Naxçıvan nümunəsini yaradıb.

 

Muxtar respublikanın sürətli inkişafı ölkəmizin tərəfdaşı olan dövlətlərlə iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrinin genişlənməsinə də yol açıb.
Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli, aprelin 9-da İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani, aprelin 16-da isə Avropa İttifaqının ölkə­mizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti ilə görüşüb. Görüşlərdə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunulub.
Müasir dövrdə təhsilin innovasiyayönümlü inkişafı mühüm əhəmiyyət kəsb edir. Təbii ki, innovasiya dedikdə təhsil, tədris-təlim prosesinin gedişini və alınmış nəticələrin keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən yeni ideyalar, texnologiyalar, metodlar, vasitələr və əldə olunmuş nəticələr nəzərdə tutulur. Bu nəticələri innovasiyaların tətbiqi üzə çıxarır. Əminliklə deyə bilərik ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında innovasiyalar uğurla tətbiq olunur. Ötən illərdə bu sahədə yaradılan şərait imkan verir ki, gənclərin ideyaları dəstəklənsin və startap layihələri uğurla həyata keçirilsin. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının əsas məqsədi də muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.
Aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədə də bu məsələlər qeyd olunub, müvafiq tapşırıqlar verilib.
Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələr hər il müasir silah və texnikalarla təmin olunur. Bu da mütəxəssis hazır­lığını zəruri edir. Ona görə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər sırasında kadr hazırlığına xüsusi diqqət yetirilir. Nəticədə, mürəkkəb reaktiv qurğuları və digər döyüş texnikalarını idarə edən şəxsi heyət formalaşıb. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yaradılan şərait bu sahədə işlərin uğurla həyata keçirilməsinə imkan verir.
Aprelin 18-də Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Ali Məclisin Sədri təlimi izləyib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün alınmış xidməti avtomobillərə baxışdan sonra təlim başlayıb.
Ali Məclisin Sədri nəzəri dərslərin real ərazi maketləri üzərində keçirilməsi, uzlaşmış təlim və məşğələlərin nəticələrinin qarşılıqlı təhlil və müzakirə olunması barədə tapşırıqlar verib.
Sonra “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirə keçirilib.
Ali Məclisin Sədri “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə tapşırıqların uğurla yerinə yetirildiyinə görə Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının şəxsi heyətinə təşəkkür edib.
Muxtar respublikamızda həyata keçirilən ardıcıl ekoloji tədbirlər bu gün dünya miqyasında nümunə kimi götürülür. Yeni yaşıllıq zolaqlarının və meşələrin salınması, təbiətin mühafizəsi, aparılan ardıcıl maarifləndirmə işləri nəticəsində insanların təbiətə doğma münasibətinin formalaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə Naxçıvanda bu sahədə uğurlu nəticələrin əldə edilməsinə səbəb olub. Görülən işlərin nəticəsində, artıq muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Vaxt var idi ki, bu rəqəm 0,6 faiz təşkil edirdi. Dünya miqyasında yaşıllıq sahələrinin sürətlə azaldığı bir vaxtda muxtar respublikada həmin sahələrin artması bu məsələdə dünya üçün növbəti Naxçıvan nümunəsini gündəmə gətirir.
Aprelin 27-də muxtar respublikada növbəti iməcilik keçirilib. Ali Məclisin Sədri yaşıllaşdırma tədbirində iştirak edib.
Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edir. Görülən işlərin davamı olaraq bu il Şahbuz rayonunun Badamlı qəsəbə avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Aprelin 27-də Ali Məclisin Sədri yolda aparılan yenidənqurma tədbirləri ilə tanış olub, hava şəraitinə uyğun olaraq asfalt işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Muxtar respublikamızda iqtisadiyyatın hərtərəfli inkişafı təbii sərvətlərimizdən səmərəli istifadəyə imkan verir. Artıq diyarımız ölkəmizin əsas mineral su istehsalçısına çevrilib. “Badamlı” mineral suyu da bu gün geniş ixrac imkanlarına malikdir. Tələbatın artmasının nəticəsidir ki, hazırda Badamlı qəsəbəsində yeni zavod inşa olunur.
Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” mineral sular zavodunun inşası ilə maraqlanıb, istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə tapşırıqlar verib.
Reallıq budur ki, tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları vardır. Bu çağırışlara cavab vermək üçün elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Muxtar respublikada fəaliyyətdə olan dövlət proqramlarının icrası zamanı məsələlərə yanaşmada müasir dövrün tələblərinin əsas götürülməsi, inkişafın planlaşdırılması və idarə olunmasına əsaslanan səmərəli idarəetmə sisteminin mövcudluğu davamlı yüksəlişi təmin edəcək əsaslı amillərdən biridir. Naxçıvanın bugünkü sürətli sosial-iqtisadi inkişafına paralel olaraq milli-mənəvi və ideoloji dəyərlərimizin ən yüksək səviyyədə yaşadılması, mədəni, elmi sahələrdə mühüm irəliləyişlərin əldə olunması Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi kimi diqqəti cəlb edir.

 Rauf KƏNGƏRLİ

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR