22 Oktyabr 2020, Cümə axşamı

İctimai-siyasi, iqtisadi, sosial tədbirlərin reallaşmasında həyatın bütün sferalarında uğurlu fəaliyyəti ilə seçilən gənclərin rolu böyükdür. Hazırda dövlət tərəfindən yaranan imkanlar bu aparıcı təbəqəni cəmiyyətin vacib qüvvəsinə çevirib. Təbii ki, burada əsas məqsəd intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Qürur duyuruq ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, cəmiyyətdə vətənpərvər vətəndaş kimi formalaşması siyasəti muxtar respublikamızda məqsədyönlü şəkildə davam etdirilir. Gənclər və idman siyasəti Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

 Geniş spektri əhatə edən proqram

Günü-gündən müasirləşən qədim diyarımızda həyata keçirilən gənclər və idman siyasəti uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın da məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, eyni zamanda idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasıdır. Təbii ki, adıçəkilən mühüm dövlət sənədinin icrası zəngin idman ənənələrinə məxsus diyarımızda bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına, xüsusilə də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə səbəb olacaqdır. Proqramda diqqətçəkən digər məqam çox geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, Azərbaycançılıq ideologiyasını, milli-mənəvi dəyərləri mənimsənilmələri, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə etməsidir.

Gənclər işıqlı sabahımızdır

Muxtar diyarımızda uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır ki, bu tərəqqinin geniş vüsət almasında gənclərin rolu böyükdür. Ümumiyyətlə, Naxçıvanda gənclər siyasəti məhz ulu öndərin böyük ideyaları üzərində qurulub: milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik ruhunda tərbiyəsinin təmin edilməsi, onların elmi və intellektual potensialının inkişafı üçün ciddi təhsil və sosial islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində gənclərin rolunun əhəmiyyətli dərəcədə artırılması və onlarda məsuliyyət hissinin formalaşdırılması. Təbii ki, bu da gənclərimizin qürur mənbəyinə çevrildiyi kimi həm də onların üzərinə mühüm vəzifələr qoyur. Qloballaşma dövründə milli maraqlara və dəyərlərə əsaslanan bu siyasət gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Nəticəsi isə ötən dövr ərzində gənclərimizin qazandıqları nailiyyətlərdir.

Gənclər siyasətinin uğurlarından danışarkən qeyd etmək yerinə düşər ki, pandemiya dövrü olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 70-i gənclərlə olmaqla, 181 tədbir keçirilib. Yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, tariximizin gələcək nəsillərə çatdırılması, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, yaradıcı düşünən, sağlam gənclərin yetişdirilməsi məqsədilə bir sıra tədbirlər keçirilib, onların muzeylərə ekskursiyaları təşkil olunub, film və tamaşa nümayiş etdirilib. Gənclərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunun artırılması daim diqqətdə saxlanılıb, ölkədaxili bilik yarışlarında iştirakları təmin edilib. Həmçinin muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub, asudə vaxtın səmərəli təşkili məqsədilə yeni startap layihələrinə start verilib.
Göründüyü kimi, gənclər siyasətinin cəmiyyətin demokratik inkişaf tələblərinə uyğun həyata keçirilməsinə, gənclərin qüvvə və bacarıqlarının, onların yaradıcılıq imkanlarının milli dövlət quruculuğu məsələlərinin icrasına səfərbər olunmasına çalışılır. Ölkədə həyata keçirilən islahatların proqramlarının reallaşdırılması, ümumbəşəri və milli dəyərlərin təbliğinin təmin edilməsinə ciddi önəm verilir. Azərbaycanın tarixi və mədəni irsini yaymaqla, onların vətənpərvərlik, Vətənə sədaqət, öz dövlətinin müstəqilliyinin müdafiəsinə hazırlıq ruhunda tərbiyə edilməsi, ən əsası isə gənclər arasında işsizliyin aradan qaldırılması üçün başqa dövlət orqanları ilə birgə fəaliyyət göstərilməsi daim diqqət mərkəzində saxlanılır.
İdman sahəsində görülən işlər gələcəyə hesablanmış mühüm addımlardır

Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir və dövlətlər vətəndaşların idmanla məşğul olmaları üçün müəyyən edilmiş bir siyasət həyata keçirirlər. İdmanın kütləvililiyinin təmin edilməsi, eyni zamanda cəmiyyətdə sağlam nəslin formalaşmasına səbəb olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri cənab Vasif Talıbov idmanın cəmiyyət həyatındakı müstəsna roluna belə siyasi qiymət vermişdir: “Bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır, eyni zamanda zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə edə bilsinlər”.
Bu gün qürur duyuruq ki, muxtar diyarımızda idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Müasirləşən idman qurumlarının sayı artırılır, yeni-yeni idman obyektləri tikilir, onların fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bu prosesin daha da genişmiqyaslı olması üçün müəyyən addımlar atılır və bu, özünün inkişafında yeni mərhələyə qədəm qoyur. İdman üçün görülən işlər isə öz bəhrəsini verməkdədir. Belə ki, cari ilin ilk yarısında zərərli vərdişlərdən imtina və sağlam həyat tərzinin təbliği məqsədilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında və əlamətdar günlərin qeyd edilməsi məqsədilə yeniyetmə və gənclər arasında birinciliklər, hakimlər və məşqçilər üçün toplanış və seminarlar keçirilib, muxtar respublikanın rayonlarında sadətipli idman qurğularının yerləşdirilməsi üçün istirahət parklarında yerlər ayrılıb, tennis kortu, çimərlik futbolu meydançası və velosiped zolağı istifadəyə verilib.
Konseptual şəkildə ardıcıl işlərin görüldüyünü, idmançılara diqqət və qayğının göstərildiyini, onların dövlət tərəfindən mükafatlandırıldığını nəzərə alsaq, Naxçıvanda hərtərəfli inkişaf üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Belə ki, diyarımızda bədən tərbiyəsi və idman geniş vüsət alıb, bu sahədə sistemli şəkildə böyük işlər görülüb, idmanla məşğul olmaq üçün lazımi şərait yaradılıb, uşaq, yeniyetmə və gənclərin yarışlarda iştirakı təmin edilib. Uşaq və yeniyetmələrin fiziki tərbiyəsi ilə bağlı iş müntəzəm və məqsədyönlü aparılıb, onların valideynləri ilə maarifləndirici söhbətlər edilib. Muxtar respublikada həyata keçirilən idman siyasəti uşaq, yeniyetmə və gənclərin idmana olan marağını artırıb, şəhər və rayonlarda, həmçinin kəndlərdə istifadəyə verilən idman obyektləri, zalları onların sevimli məkanlarına çevrilib. Məlum olduğu kimi, idman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, ali və orta təhsil müəssisələrinin tələbələrinə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətləri aşılayır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”. Naxçıvanda idman təkcə uşaq, yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, sağlamlıq imkanları məhdud insanlar səviyyəsində inkişaf etdirilir.
İdman sahəsində səmərəliliyə nail olmaq üçün güclü hüquqi bazanın yaradılması vacibdir. Muxtar respublikamızın mühüm idman və mədəniyyət platformasına çevrilməsi həm də strateji əhəmiyyətli inkişaf konsepsiyası baxımından önəmlidir. Belə ki, mötəbər beynəlxalq tədbirlərin diyarımızda keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını nümayiş etdirməklə yanaşı, həm də mədəniyyət-humanitar planda güclü, cəlbedici mərkəz olduğunu bütün dünyaya göstərmiş olur. İdman tərəqqisi, idman mədəniyyəti muxtar respublikanın beynəlxalq aləmdə nüfuzuna müsbət təsir göstərməklə yanaşı, həm də iqtisadi potensialını nümayiş etdirir. Belə mötəbər tədbirlər, sadəcə, idman yarışlarını deyil, həm də dostluğu möhkəmləndirən, idmançılar arasında münasibətləri gücləndirən önəmli bir amildir.

Nəticə...

İnsan potensialı zəngin, infrastrukturu güclü, maddi-texniki bazası beynəlxalq standartlara cavab verən bir diyarda idmanın inkişafı da güclü olmalıdır. Muxtar respublika iqtisadiyyatının daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Həmçinin idmançılarımızın qazandıqları qələbələr gənc nəslə müsbət təsir göstərir, onları daha böyük uğurlar qazanmağa səsləyir, vətənpərvərlik ruhu aşılayır. Odur ki, Naxçıvanda idmanın inkişaf etdirilməsi, sağlam nəslin yetişdirilməsi işi prioritet sahə kimi diqqətdə saxlanılır.

- Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR