15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 2020-ci ilin yekunu və 2021-ci ildə görüləcək işlərə dair hesabat yığıncağı keçirilib.
Yığıncağı Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov açaraq muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan, ötən müddət ərzində təməli qoyulan idman məktəbləri, mərkəzləri və ümumtəhsil məktəblərində yaradılan idman klublarından, eləcə də idmanın müxtəlif növləri üzrə peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlər, ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələrin əldə olunmasından danışıb.

Qeyd edilib ki, ötən müddət ərzində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bədii gimnastika bölməsi fəaliyyətə başlayıb, hazırda Ordubad rayonunda, Naxçıvan Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində növbəti gimnastika bölməsinin, Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə ağır atletika bölməsinin yaradılması istiqamətində iş davam etdirilir. Naxçıvan şəhərində və rayonlarda yerləşən ümumtəhsil məktəblərində 29 atletika, 2 ağır atletika idman klubu yaradılıb, klublara zəruri idman avadanlıqlarının verilməsi nəzərdə tutulmuşdur. Federasiyada yaradılmış atletika, bədii gimnastika və ağır atletika bölmələrində, ümumilikdə, 1340 atlet və gimnastla 54 məşqçi-müəllim məşğul olur.
Vurğulanıb ki, Atletika Federasiyası idmanın bu növünün inkişaf etdirilməsini daim diqqətdə saxlamalı, gələcəkdə də Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirməlidir.
Federasiyanın sədri gənclərin fiziki cəhətdən sağlam olmalarını diqqət mərkəzində saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə idmanın inkişafı üçün göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov diyarımızda həyata keçirilən idman siyasətinin uğurlarından, müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, hazırda muxtar respublikada 35 min 105 idmançı 2213 qrupda idmanla məşğul olur.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində istifadəyə verilən müasir idman komplekslərinin sayına 2020-ci ildə daha bir idman kompleksi əlavə olunub, Uzunoba gölünün ətrafında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təlim-məşq kompleksi salınmış və hazırda tikintisi davam etdirilir.
Gənclər və İdman naziri bildirib ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar artıq bir çox işlər görülüb, Gənclər və İdman Nazirliyi Atletika Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 2021-ci il 2 fevral tarixdə keçirilən iclasda qəbul edilən qərar layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Yekunda bir qrup idmançı və məşqçi-müəllim diplom və hədiyyələrlə mükafatlandırılıb.

*  *  *

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı idarə heyətinin yığıncağı keçirilib. Yığıncaqda təşkilatın sədri Mirməcid Seyidov məruzə ilə çıxış edərək ötən il görülən işlər barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə müharibə iştirakçılarının qəhrəmanlıqlarla dolu döyüş yolunun təbliği və gənclərdə vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi məqsədilə “Canlı tarixlər” layihəsi reallaşdırılıb, müharibə iştirakçıları ilə görüşlər keçirilib, videosüjetlər hazırlanıb.
Vurğulanıb ki, sentyabrın 27-dən başlayan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qələbəsi ilə yekunlaşıb, düşmən işğalında olan torpaqlarımız azad edilib. Muxtar respublikamızda gənclərlə aparılan işin və yaradılan şəraitin nəticəsidir ki, naxçıvanlı gənclər də Vətən müharibəsində iştirak edib, şücaət və rəşadət göstərib.
Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində müxtəlif kateqoriyalar üzrə müharibə iştirakçıları və şəhid ailələrinin qeydiyyatının aparılması işi davam etdirilib. Vətən müharibəsində şəhid olan, xəsarət almış və müharibə veteranı adı qazanan muxtar diyarımızdan olan müharibə iştirakçıları haqda məlumatların toplanması işi aparılmaqdadır. Şəhidlərin, o cümlədən muxtar respublikamızdan olan milli qəhrəmanların xatirə günlərinin keçirilməsi təmin olunub.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR