25 Oktyabr 2021, Bazar ertəsi

 

 

 

 

 

Naxçıvan karatenin yeni “brilyant oğlanı”nı yetişdirir

         Bu ayı Azərbaycan karatesi üçün əlamətdar ay hesab etmək olar. İlk dəfə olaraq Tokyoda keçirilən Yay olimpiya yunlarına daxil edilən karate idman növündə idmançılarımız uğur qazanmaqla adlarını Azərbaycanın idman tarixinə yazdırmış oldular. Təbii ki, belə qələbə əldə edən gənc idmançılar üçün əlavə motivasiyadır – indi yüzlərlə uşaq və yeniyetmə onları özlərinə kumir seçir, bayrağımızı beynəlxalq arenalarda dalğalandırmaq istəyirlər. Bu yol onlar üçün heç də asan olmur – ağır məşqlər, təlim-məşq toplanışları, mütəmadi çıxış etdikləri dünya və Avropa çempionatları, turnirlər və ən əsası üzərlərində hiss etdikləri məsuliyyət. Sonuncu hiss, demək olar ki, idmançıların qələbəsində mühüm, müstəsna rol oynayır. Bugünkü yazımızın qəhrəmanı yaşının az olmasına baxmayaraq, bu hissi hər zaman məsuliyyətlə dərk edən, istedadlı idmançıların uğurlarını təkrarlamağı özünə yol seçən, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi Rəşid Süleymanovdur.

          İlk təəssüratlar 

         Rəşid Süleymanovun uğurlarının meyarı atası İlahəddin Süleymanovdur. Məhz buna görə söhbətə elə atası ilə başladıq: “Rəşidin qazandığı qələbələrdə məşqçisi Nəriman Quliyevin rolu böyükdür. İlk məşqlərdən başlayaraq bu günə qədər onun bütün məşqləri ilə maraqlanır, bilmədiklərini individual şəkildə öyrədir. Rəşid kiçik yaşlarından dəcəl uşaq olub və onun enerjisini sərf etmək üçün idmana yazdırmağı uyğun bildik. Əslində, bəzi idman növləri arasında seçim etmək tərəddüdü yaşayırdım. Lakin özünün də istəyini nəzərə alıb karateni seçdik və indi yanılmadığımızı düşünürəm. 7 yaşından etibarən Rəşid karate ilə məşğul olmağa başladı. İlk yarışına yollanarkən...”

         ...Bu məqamda İlahəddin müəllimin sözünü kəsirik və yarış barədə Rəşidin fikirlərini öyrənirik: “Kiçikyaşlı olduğum üçün elə də çox xatırlamıram. Atam daha yaxşı bilər. Ancaq onu deyim ki, ilk görüşdə tatami üzərinə çıxarkən çox həyəcanlı idim. Məşqçim və atam bu barədə məni tənbeh etmişdi və həyəcanlı olduğum halda heç bir uğur qazanmayacağımı demişdilər. Lakin yenə də o ilk həyəcan məni “tək” buraxmadı. Məsuliyyətli olmalı və bu yola qələbə ilə başlamağı istəyirdim. Və bacardım... İlk hissi atamla bölüşdüm, onu qucaqladım, ürəyimin necə döyündüyünü, bəlkə, özümdən çox atam hiss edib”.

         Atası söhbətə davam edir: “Övladın uğuru hər zaman valideyn üçün böyük qürurdur. Valideynin borcu övladını Vətəninə, millətinə layiqli vətənpərvər biri kimi yetişdirməkdir”.

 

Məşqçi sevinci 

Rəşid Süleymanov 2006-cı il sentyabrın 6-da dünyaya gəlib. Vətənpərvər ailədə böyüyən Rəşid məktəbə addım atdığı ilk günlərdən dərslərində fəallığı ilə seçilib. Bəzən “idmanı ayaq və əldən çox beyninlə etmək lazımdır”, – deyirlər. Zehni göstəricisi, məsuliyyətli davranışı məhz Rəşidin uğurlu karyeraya sahib olmasından xəbər verirdi. Rəşid karateyə yazılmamışdan öncə bu idman növünün əlifbasını artıq öyrənmişdi. 5 yaşında olarkən atası tərəfindən karatedəki əl, qol, ayaq hərəkətlərinə yiyələnən Rəşidin ilk müəlliminin elə atası olduğunu da deyə bilərik. 7 yaşından karateyə yazılan idmançımızın məşqçi-müəllimi Nəriman Quliyev deyir ki, onda həvəs elə ilk məşqdən özünü büruzə verməyə başlayıb: “Rəşiddə olan yüksək qavrama qabiliyyəti, elə ilk məşqdə özünü göstərmişdi. Aktiv hərəkətləri, rəqibləri ilə sonadək mübarizə aparmağı onun gələcək karyerasının uğurlu olacağını göstərirdi. Bir müddət kollektiv məşqlərdən sonra onunla individual olaraq çalışmağa başladım. Ümumiyyətlə, federasiyamızda belə hallar tez-tez olur. İstedadlı uşaqlarla mütəmadi olaraq təklikdə dərslər keçilir, onların zəif cəhətləri üzərində çalışırıq. Məqsədimiz isə bizə göstərilən etimadı doğrultmaq, beynəlxalq yarışlarda Naxçıvan idman ənənələrini təbliğ etməkdir. İdmançılarımız demək olar ki, buna müvəffəq olublar. Bunlardan biri də Rəşiddir. Onun son olaraq Avropa çempionatında qalib adını qazanması bir məşqçi kimi məni qürurlandırdı”.

 

Uğurları

Rəşid Süleymanovun məşqlərə başlamasından çox keçmir ki, o, öz həmyaşıdları arasında seçilməyə başlayır. Keçirilən yoldaşlıq görüşləri, şəhər və muxtar respublika birinciliklərində rəqiblərini üstələyən idmançımız artıq beynəlxalq yarışlar barədə düşünməyə başlayır. Məşqçilər onun gələcək perspektivlərini nəzərə alaraq 2017-ci ildə Bakıda təşkil olunan Qara dəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate üzrə beynəlxalq turnirdə iştirakını lazım bilirlər. 11 yaşlı karateçimiz məşqçilərin ümidlərini doğruldaraq -38 kiloqram çəki dərəcəsində qalib adını qazanır. 2018-ci ili idmançımız üçün uğurlu il hesab etmək olar. İlk olaraq Rusiya Federasiyasının Lipetsk şəhərində keçirilən karate üzrə “Böyük Pyotr” kuboku uğrunda turnirdə 10-11 yaşlı idmançılar kateqoriyasında Bürünc medal qazanan Rəşid həmin il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində karate idman növü üzrə “Sambo-70” adlı açıq çempionatda, Krım şəhərində keçirilən Rusiya çempionatında, Omsk şəhərində uşaq və yeniyetmələr arasında keçirilən karate-do üzrə Rusiya çempionatında, Sankt-Peterburqda keçirilən məktəblilərin Rusiya çempionatında fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Moskva açıq birinciliyinin də qalibi olan Rəşid Türkiyə Respublikasının İstanbul şəhərində 30 ölkədən 2000 idmançının iştirak etdiyi karate üzrə VIII “Istanbul Open” beynəlxalq turnirdə 40 kiloqram çəki dərəcəsində Gümüş medal qazanıb. Mütəmadi olaraq çıxış etdiyi ölkə və beynəlxalq turnirlərdən “evə” əliboş dönməyən Rəşid üçün ən böyük uğur onun 2020-ci ildə Azərbaycan millisinə dəvətidir. Milli komandamızın üzvü olan idmançımız Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatında ona bəslənən ümidləri doğruldur. 14-15 yaşlı yeniyetmələrin kumite yarışında Danimarka, Xorvatiya, Almaniya və Rusiya idmançılarını tatamidən başıaşağı yola salan Rəşid həlledici qarşılaşmada Belarus idmançısı Artem Şaruba ilə qarşılaşıb. “Bu, mənim üçün ən vacib qarşılaşma idi. Çünki məşqçilərimin, mənə inananların ümidlərini doğrultmaq istəyirdim. İlk yarış günündə deyilən sözlər həmişə qulağımda olub – “həyəcanlanmamaq və məsuliyyətli olmaq”. Rəqib üzərində 6:0 hesablı qələbə qazananda artıq inandım ki, Avropa çempionatının qalibiyəm. Fəxri kürsünün ən yüksək zirvəsinə qalxmaq, bayrağımızı yüksəltmək və himnimizi səsləndirmək hər bir idmançı üçün böyük qürurdur. Bu qüruru yaşatdığım üçün xoşbəxtəm”. Bu uğurlar onu göstərir ki, federasiya karatenin yeni “brilyant oğlanı”nı yetişdirir.

 

Gələcək planı 

Fikirlər müxtəlif ola bilər. İdman bəziləri üçün hobbi, bəziləri üçün isə iş kimidir. Hazırda idman mənim həyatımda işimdir, həyat tərzimdir. Bir günümü belə, idmansız təsəvvür etmirəm. Gələcək karyeramda medal kolleksiyamın zəngin olması üçün hələ çox çalışmalıyam.

 

Ən yaxın dostu - atasıdır 

Süleymanovun atasının da bir vaxtlar karate ilə məşğul olması onun üçün əlavə stimuldur. İdman sahəsində indi onun ən yaxın dostu məhz atasıdır. Rəşid deyir ki, bəzən dostları onu atası ilə münasibətə görə qısqanırlar. Çünki ata ilə oğul arasında valideyn-övlad sevgisi ilə yanaşı, həm də məşqçi-tələbə münasibəti var və bu, uğura aparan yolun ən vacib məqamlarından biridir.

 

Atanın arzusu 

Rəşid bir çox uğurlara imza atıb və təbii ki, burada əsas rolu məşqçisi oynayıb. Hər zaman ona məşqçi ilə necə rəftar edilməyi, onun sözünə qulaq asmasını söyləyirəm. Hər bir valideyn övladını ən yüksək yerdə görmək istəyər. Ən böyük arzum Rəşidin olimpiya oyunlarında iştirakı və orada Azərbaycan bayrağını dalğalandırmasıdır.

 

Nəticə... 

İdmançı həyatı keşməkeşlidir – onların bəziləri bu sahəni tanınmış olmaq üçün, bəziləri isə iş üçün seçir. İş üçün bu sahəyə gələnlər ən çətin zamanlarında belə, öz yolundan dönmür. Medal kolleksiyasını böyük turnirlərin medalları bəzəsə də, Rəşid Süleymanov bununla kifayətlənmək fikrində deyil. Onun əsas məqsədi böyüklər arasında dünya və Avropa çempionu olmaqdır. Onun özü də yaxşı bilir ki, bu yolda ona “Sehrli xalat” yox, əzmkarlığı, məsuliyyəti və davamlı məşqi köməklik edəcək...

 Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR