30 Noyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında futbolun kütləvi hal alması üçün məqsədyönlü addımlar atılır, müvafiq tədbirlər həyata keçirilir. Bu idman növünün təbliği və kütləviliyinin artırılması, istedadlı və perspektivli gənclərin üzə çıxarılması məqsədilə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun nəzdində “Araz-Naxçıvan” futbol məktəbinin fəaliyyətə başlaması da həmin tədbirlərin davamıdır. 5-15 yaş arası uşaqların iştirak edəcəyi məktəbdə UEFA-nın futbol təhsili proqramından istifadə olunacaqdır.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayonlarının orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlər, eyni zamanda futbol məşqçiləri ilə görüşlər keçirilib. İlk olaraq Şərur və Kəngərli rayonlarında keçirilən tədbirlərdə 100-dən artıq müəllim və məşqçi iştirak edib. Ordubad, Culfa, Şahbuz və Babək rayonlarında da analoji tədbirlər təşkil olunub.
Tədbirlərdə çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb və bu sahədə görülən işlərin davamlı xarakter aldığını nəzərə çatdırıb. Vurğulanıb ki, bu gün muxtar respublikanın bütün şəhər və rayonlarında müasir təhsil ocaqları tikilərək istifadəyə verilib. Bu təhsil ocaqlarında uşaq və yeniyetmələrin idmanla məşğul olması üçün hər cür şərait yaradılıb.
Gənclər və İdman Nazirliyinin Bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxışında diqqətə çatdırıb ki, Naxçıvanda əhalinin bədən tərbiyəsi və idmana meylinin gücləndirilməsi ilə bağlı təşkil olunan tədbirlər sosial faydalı əhəmiyyətə malikdir. İdmanın kütləvi xarakter almasına yönələn belə tədbirlər müxtəlif yaş qruplarına məxsus şəxslərin cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında iştirakını təmin edir.
Futbol məktəbi haqqında geniş məlumat verən Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev bildirib ki, muxtar respublikamızda idmanın, o cümlədən futbolun inkişafı diqqət mərkəzindədir və bu sahədə görülən işlər əhalinin sağlam həyat tərzinin təmin edilməsi üçün xüsusi önəm kəsb edir. Layihənin məqsədi Naxçıvanın bütün şəhər və rayonlarındakı istedadlı uşaqları üzə çıxarmaq onları futbol məktəbinə cəlb etməkdir. Bu işdə əsas yük fiziki tərbiyə müəllimlərinin və məşqçilərin üzərinə düşür. Futbol məktəbinə cəlb olunacaq istedadlı uşaqlar UEFA-nın tərtib etdiyi proqram əsasında məşqlər keçəcək, onların içərisində ən yaxşıları Azərbaycan millisinin düşərgəsinə göndəriləcək. Bu həm də muxtar respublikamızda uşaq futbolunun inkişafına bilavasitə təsir edəcək. “Qələbələr bir ümidlə başlayar” adlı layihədə uşaqlara çətinliklərin öhdəsindən gəlmə, qərarvermə qabiliyyəti, özünüidarəetmə və öz səhvlərindən öyrənmək bacarığı aşılanacaq.
Tədbirdə iştirak edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan imkanlardan yüksək səviyyədə bəhrələnən güclü idmançılar yetişdirəcəklərini ifadə ediblər.
Tədbirdə iştirak edən müəllim və məşqçilər üçün slayd göstərilib.
Sonda bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə fərqlənən müəllimlər mükafatlandırılıb.
Qeyd edək ki, layihə son olaraq Naxçıvan şəhərində təşkil ediləcək.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR