23 Oktyabr 2019, Çərşənbə

Futbol üzrə Azərbaycan I divizionunun lideri “Araz-Naxçıvan” futbol komandası çempionatın 26-cı turunu da qələbə ilə başa vurdu. Doğma azarkeşlər önündə Qazaxın “Göyəzən” futbol komandasını qəbul edən qırmızı-ağlar böyükhesablı qələbə qazanmaqla çempionluğa bir addım daha yaxınlaşdı. İndi komandamızın mövsümü qızıl medallarla başa vurması üçün yalnız 4 xala ehtiyacı var. Mövsümün başa çatmasına 4 tur qaldığını nəzərə alsaq, o zaman indidən “Araz-Naxçıvan”ı təbrik etmək olar.

Turnir cədvəlinin autsayderi “Göyəzən” qarşısına “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayevin fərqli heyətlə çıxacağı gözlənilirdi. Birincisi, komandamızda cəzalı sayının çox olması bunu deməyə əsas verirdi. Qırmızı vərəqə ilə cəzalanan Bəxtiyar Soltanov və Ruslan Abıyevə ötən tur sarı vərəqə limitini dolduran Akif Tağıyev və Əlimirzə Daşzərini də qoşulmuşdu. İkincisi isə bir qədər zəif təsir bağışlayan Qazax təmsilçisi önündə əsas heyət futbolçularının istirahət edəcəyi gözlənilirdi.

Lakin Ə.Abdullayev oyundan öncə açıqlamasında bütün oyunlara eyni tərzdə hazırlaşdıqlarını deməklə çempionluğa iddialı olduqlarını bir daha ortaya qoymuşdu. Odur ki, baş məşqçi meydana əsas heyət futbolçularını buraxmışdı. Qapıda Emil Balayevə bel bağlayan məşqçi, müdafiə xəttini Tural-Ruslan-Mikayıl-Cavid dördlüsünə tapşırmışdı. Yarımmüdafiə xəttində Eşqin-Tərlan-Elgiz triosu isə üçlü hücum xəttində Elmin-Elgün-David tandeminə köməklik edirdi.
Baş məşqçinin tapşırıqlarına əməl edən futbolçular ilk dəqiqələrdən meydana qələbə əzmi ilə çıxdıqlarını nümayış etdirdilər. Artıq ilk 5 dəqiqədə rəqib iki dəfə mərkəzə dəvət oluna bilərdi. Əvvəlcə David Canıyevin başla zərbəsi qapıçıdan keçsə də, rəqib müdafiəçi topu qapı xəttindən çıxarmağı bacardı. Az sonra Elmin Çobanov diqqət mərkəzinə düşdü. Onun qüvvətli zərbə ilə vurduğu top qapıdan bir qədər aralı keçdi. Cərimə zərbələrinin mahir ustası Tərlan Xəlilovun, təxminən, 25 metrdən mükəmməl zərbəsini isə qapıçı dəf etdi. Rəqib qapıçı Həsən Həsənov bu görüşdə özünəməxsus reaksiyası ilə yadda qaldı. O, 20-ci dəqiqədə Davidin daha bir qüvvətli zərbəsini alqışalayiq reaksiya ilə qapıdan uzaqlaşdırdı. Ancaq onun qapıda nəhəngləşməsi 23 dəqiqə çəkdi. Bu dəfə sağ cinahdan Elgün Abbaslının ötürməsindən sonra hamıdan yüksəyə tullanan David Canıyev qapıdakı tilsimi qırmağa müvəffəq oldu – 1:0. Azarkeşlər yenicə qolun sevincindən ayrılmışdılar ki, David onları yenidən sevindirdi. Bu dəfə Tərlan Xəlilovun ötürməsindən sonra rəqib müdafiəçiləri aldadan hücumçumuz qapının uzaq küncünü dəqiq nişan aldı – 2:0. Bu, Davidin cari mövsümdə vurduğu 16-cı qol oldu. İndi onu qolvurma liderliyindən yalnız 2 qol ayırır. Qoldan sonra tamamilə müdafiəyə çəkilən “Göyəzən” ilk hissənin sonunadək hesabı qorumağa müvəffəq oldu. Halbuki 40-cı dəqiqədə Elmin Çobanov hesab arasındakı fərqi artıra bilərdi. Lakin qapı dirəyi hesabın artmasına mane oldu.
Birinci hissəni 2 top fərqi ilə öndə başa vuran “Araz-Naxçıvan” ikinci hissəyə də qolla başladı. 48-ci dəqiqədə künc zərbəsindən sonra müdafiəçilər topu uzaqlaşdırmaq istəsələr də, top müdafiəçimiz Ruslan Zamanovun önünə düşdü. O isə, öz növbəsində, başla qapıçını “ovlamaqda” heç bir çətinlik çəkmədi – 3:0.
Artıq tam olaraq qələbəni təmin edən komandamız 73-cü dəqiqədə daha bir dəfə rəqibi meydanın mərkəzinə dəvət etdi. Meydana yenicə daxil olan Fərid Quliyev cərimə meydançasında rəqib müdafiəçilər tərəfindən kobudluğa məruz qaldı. Bu isə hakim Fərid Məmmədovun diqqətindən yayınmadı. Referi isə tərəddüdsüz 11 metrlikdəki ağ nöqtəni göstərdi. Topa elə “zərərçəkmişin” özü yaxınlaşdı. F.Quliyevin qapıçını məyus etməsi tablodakı rəqəmin də dəyişməsinə səbəb oldu – 4:0. Bu həm də Fəridin cari mövsümdə 3-cü qolu oldu. Bundan sonra komandamız hücuma atılsa da, hesab dəyişmədi və cari mövsümdə “Araz-Naxçıvan” futbol komandası 21-ci qələbəsini bayram etdi. Həmçinin 4:0 hesablı qələbə qırmızı-ağların 163 günlük həsrətinə də son qoydu. Belə ki, sonuncu dəfə komandamız məhz bu arenada “Bakılı”nı 4:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti oyununu səfərdə keçirəcək. Bu səfər oyunu aprelin 27-də Yevlaxın “Karvan” futbol komandasına qarşı olacaq.

Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR