23 Sentyabr 2019, Bazar ertəsi

Futbol üzrə Azərbaycan I divizionunun 22-ci mövsümü Naxçıvan idman tarixinə qızıl hərflərlə yazıldı. Muxtar respublikanın yeni formalaşan “Araz-Naxçıvan” futbol klubu ilk dəfə olaraq çempion adını qazandı. 30 oyunda 25 qələbə, 4 heç-heçə və yalnız 1 məğlubiyyət  – bu, müstəqillik dövrü Azərbaycan futbol tarixində rekord göstəricidir. Təbii ki, bu uğura imza atanlar məşqçilər korpusu və futbolçulardır. Bu tarixi uğurun səbəbkarları ilə söhbətləşməyi qərara aldıq. Suallarımızı komandanın baş məşqçisi Əsgər Abdullayev, futbolçulardan Eşqin Quliyev, Bəxtiyar Soltanov və Tərlan Xəlilov cavablandırır.

– Əsgər müəllim, “Araz-Naxçıvan”dan təklif aldıqda tərəddüd etdinizmi?
– Etiraf edim ki, bəli. Çünki komanda yeni yaranmışdı və hansı yer uğrunda mübarizə aparacağını dəqiq bilmirdim. Naxçıvana gəldim və burada olan şəraiti gördükdən sonra klubun uğurlu çıxış edəcəyinə inandım. Muxtar respublika rəhbərinin idmana göstərdiyi qayğı komandanın uğurunda müstəsna rol oynadı. Əgər bu dəstək olmasaydı, uğur qazanmaq mümkün olmayacaqdı.

Bilirsiniz, Naxçıvanda hər zaman futbol olub. Məqsədimiz bura gəlib gün keçirmək yox, Naxçıvan futboluna öz töhfəmizi verməkdir. İstəyirik ki, qarşıdakı illərdə Azərbaycan millisinin heyətinə çağırılan futbolçular arasında “Araz-Naxçıvan” komandasının da oyunçuları olsun. Bu minvalla davam edərsə, qısa vaxtda Naxçıvanda futbol daha geniş inkişaf edəcək.
– Səhv etmirəmsə, artıq bir mövsüm ərzində “Araz-Naxçıvan” milliyə futbolçu qazandırdı...
– Bəli. Məlum olduğu kimi, qapıçımız Emil Balayev milliyə dəvət olundu. Müdafiəçimiz Tural Hümbətov isə U-21-in düşərgəsinə yollanacaq. Bu, bizim üçün müsbət haldır. Çünki futbolçularımız inandı ki, hər zaman yığmaya dəvət oluna bilərlər. Sadəcə, bunun üçün bir qədər səylə çalışmaq lazımdır.
– Bəs digər futbolçulardan hansıları milliyə namizəd hesab edirsiniz?
– Qoy bu suala özləri cavab versinlər (əli ilə əyləşən futbolçuları göstərir)...
– Onda Eşqin Quliyevdən başlayaq.
– Komandanın çempion olacağına inanırdım. Kapitan olaraq meydanda üzərimə çox iş düşür. Kapitan baş məşqçinin meydandakı köməkçisidir, onun dediklərini futbolçulara çatdırmalıdır. Müəyyən yaş qrupundan olan milli komandalarda çıxış etmişəm, indi isə məqsədim yenidən yığmaya çağırılmaqdır. Qarşımıza qoyulan hədəf çempionluq idi və buna nail olduq. Əgər çempion ola bilməsəydik, gərək karyeramızı başa vurardıq.
Bəxtiyar Soltanov: – Biz bura çempion olmaq üçün gəlmişik. Eşqin düz vurğuladı, kapitan kimi onun niyyəti nə olubsa, biz də onun arxasında olmuşuq. Elə deyil, Tərlan?
Tərlan Xəlilov: – Mən komandaya ikinci dövrədə qoşulmuşam. Lakin elə mövsüm başlayandan bəri “Araz-Naxçıvan”ın oyunlarını izləyirdim. Hətta “Şuşa” komandası ilə oynayarkən Naxçıvana gəlmişdim və azarkeşlərin komandanı necə dəstəklədiklərinin şahidi olmuşdum. Qış transfer pəncərəsində təklif gəldi və düşünmədən qəbul etdim. Səbəb isə çempionluğa oynayan komandanın futbolçusu olmaq istəyim idi.
– Əsgər müəllim, çempionluq hər məşqçiyə qismət olmur. Sizin üçün Naxçıvanda çempion olmağın xüsusi dəyəri varmı?
– Təbii ki. Çünki uzun illər böyük futbolsuz qalan bir bölgədə yenidən azarkeşlərə bu sevinci bəxş etməyin özü elə qələbədir. Bayaq da qeyd etdiyim kimi, bizim çempion olmağımızın əsas səbəbi muxtar respublika rəhbərinin idmana göstərdiyi diqqət və qayğıdır. Ali Məclis Sədrinin idmanın inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqdan sonra komanda formalaşıb. Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin də əməyini və dəstəyini xüsusi vurğulamalıyam. Naxçıvanda çempion olmaq qürurvericidir. Bu cür yaradılan şəraitdə uğur qazanmamaq olmazdı. Düzdür, bu, futboldur, nə olacağı bilinmir. Lakin əsas insanda özünəgüvəncdir. Biz ilk turdan buna inandıq və sonda bacardıq. Bu çempionluq məşqçilik karyerama qızıl hərflərlə yazıldı.
– Bəxtiyar, bir vaxtlar səni Azərbaycanın ən istedadlı gənc futbolçusu hesab edirdilər. Sonradan karyeranda eniş yaşandı. Ancaq özünü yenidən “Araz-Naxçıvan”da göstərə bildin.
– “Araz-Naxçıvan” mənim karyeramda böyük rol oynadı, çempionluq sevinci yaşadım. Qələbə medalını Ali Məclisin Sədri təqdim etdi. Həmin anı sözlə ifadə etmək çətindir; çox həyəcanlı idim. Belə bir uğuru Premyer-Liqada da yaşamaq istəyirik və buna nail olacağımıza əminəm.
– İkinci dövrədə komandanın düşərgəsinə qoşulmağına baxmayaraq, uğurlu mövsüm keçirdiyini deyə bilərik. Tərlan, “qırmızı-bəyaz, çempion “Araz” şüarı xatirində necə qalıb?
– “Araz-Naxçıvan”ın heyətində ilk oyunumu “Bakılı”ya qarşı keçirdim. Həmin an anladım ki, bu komandaya yalnız çempionluq yaraşır. Çünki azarkeşlərimiz məni fərqli qarşıladılar. Bu şüarı həmin oyunda yaddaşıma həkk etdim və kuboku aldıqdan sonra uca səslə “qırmızı-bəyaz, çempion “Araz” sözlərini dedim. Etiraf edim ki, ikinci dövrənin ilk 2-3 matçında özümü yaxşı tərəfdən göstərə bilmədim. Bunu Əsgər müəllim də təsdiq edər...
Əsgər Abdullayev: – Futbolçu o zaman uğur qazanır ki, o, meydandakı səhvini başa düşür, anlayır və öz üzərində çalışır. Tərlan bu cür futbolçulardandır.
– Əsgər müəllim, geridə qalan mövsümü qısa olaraq necə şərh edərdiniz?
– Mən hər zaman demişəm və indi də deyirəm: bu çempionatda “Araz-Naxçıvan”ın yeganə rəqibi elə “Araz-Naxçıvan” olub. Çünki biz bütün oyunlara eyni tərzdə hazırlaşmışıq, rəqiblər arasında fərq qoyma­mışıq. Düşünürəm ki, çempion olmaq istəyən komanda bunu etməlidir. Mövsümə iki qələbə ilə başladıqdan sonra hamı bizim gücümüzə bələd oldu və ilk xal itkimizi “Mil-Muğan”la oyundan aldıq. Bundan sonra düşündüm ki, bu gün İmişli klubu bizə qarşı belə oynayırsa, sabah başqaları fərqli olacaq. İstirahətsiz olaraq davam etdik və sonda uğur üzümüzə güldü. Təsəvvür edin, autsayderlər qrupunda yer alan komandalar belə, bizə qarşı ciddi hazırlaşırdılar. Çünki bizdən alacaqları hər hansı xal və ya xallar onları gündəmdə saxlayacaqdı. Mövsümün qısa analizinə gəlincə, asan oyunumuz olmadı. Hətta son turda qazandığımız 9:0 hesablı qələbə belə, çətin idi. İlk 40 dəqiqədə rəqib müqavimət göstərdi.
– Bəs futbolçular mövsümü necə dəyərləndirərdilər?
Eşqin Quliyev: – Komandanı meydana kapitan kimi çıxarmaq oyunçuda məsuliyyəti artırır. Çünki hər hansı uğursuzluqda səbəbkarlardan biri də sən olursan. Hər uğurun arxasında mübariz ruh, çalışmaq durur. Biz mövsüm ərzində buna sadiq qaldıq və çempion olduq.
Bəxtiyar Soltanov: – Mövsümdə bütün matçlarımız gərgin keçdi, elə oyunlar oldu ki, məğlub durumda olmağımıza baxmayaraq, sonradan qələbə qazandıq. Son dəqiqələrdə vurduğumuz qollar oldu. Hər hansı bir klub çətinlik çəkməsə, o zaman uğur da qazana bilməz.
Tərlan Xəlilov: – Mənim üçün ən çətin oyun “Neftçala” ilə öz meydanımızda heç-heçə etdiyimiz görüş idi. Biz onlardan qat-qat üstün oyun sərgilədik, lakin meydanda azlıqda qalmağımız bir qədər oyunumuza mənfi təsir göstərdi. Bu görüşü ona görə çətin hesab edirəm ki, qələbəni əldən verdik. Çox istəyirdik, azarkeşlərimizi 3 xalla sevindirək. Bu matçdan da çətin oyunlar keçirdik. Mövsüm ərzində “Araz-Naxçıvan” ən gözəl oyununu sonuncu görüşdə göstərdi.
– Bundan sonrakı planlarınız nədir?
Əsgər Abdullayev: – İlk olaraq, qarşıdakı mövsümə ciddi şəkildə hazırlaşmaq və bu uğuru Premyer- Liqada da təkrarlamaq. Sizə deyim ki, “Energetik”lə matçdan sonra artıq hazırlıqlara başlamışıq. İndidən orda necə oynayacağımızı, rəqiblərin hansı tərz oyun üslubuna üstünlük verdiklərini müzakirə edirik. Sonda muxtar respublika rəhbərinə dərin min­nətdarlığımızı bildiririk. Gündən-günə inkişaf edən Naxçıvan Muxtar Respublikasına məhz çempionluq yaraşırdı. Naxçıvan bütün sahələrdə birincidir. Futbolda da bu, belə olmalı idi. İndi qarşımıza qoyduğumuz məqsəd Premyer-Liqada birinci olmaqdır.

Söhbətləşdi: Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR