04 Aprel 2020, Şənbə

Azərbaycanda hər bir kəsin maraq göstərdiyi yunan-Roma və sərbəst güləş idman növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Güləş ölkəmizin milli idman növüdür. Bu növ ABŞ-da təşəkkül tapsa da, milli güləşimizin əksər elementləri, fəndləri və mübarizə metodları sərbəst güləşlə eynilik təşkil edir. Qəbul etdiyimiz milli güləş tarixən daha qədimdir. Təsadüfi deyil ki, milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlirik. Güləşin qədimliyini sübut edən faktlardan biri də Azərbaycanda toy və bayram şənliklərində insanların bu idman növündə özlərini sınamalarıdır. Ölkəmizdə güləş yarışları xüsusi yerlərdə – zorxanalarda keçirilirdi. Milli güləşin inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən milli irsimiz və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən yaradılan idman məktəbləri, göstərilən diqqət və qayğı ilə əlaqədardır.

 Muxtar respublikada güləşin inkişafı

Ölkə Prezidenti cənab İlham Əliyevin bütün idman sahələrinə diqqət göstərməsi, idman növlərinin inkişafı üçün verdiyi sərəncamlar, peşəkar idmançıların yetişməsi üçün yaradılan infra­struktur güləş idman növünün də kütləviləşməsinə stimul olub. Artıq ölkəmizin bütün regionlarında bu idman növü ailələrdə belə, deviz, şüar halını alıb. “Hər ailədə bir güləşçi” devizi Naxçıvan Muxtar Respublikasında güləşin kütləvi şəkildə inkişafına təkan verib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində milli idman növünün geniş yayılması üçün hər cür şərait yaradılıb.
Muxtar respublikada yaradılan Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası məhz bu diqqət və qayğının təzahürlərindən biridir. Federasiyanın sədr müavini Yaşar Səfərov bizimlə söhbətində əvvəlcə cari ilin ilk 6 ayında muxtar respublikada keçirilən yarışlar barədə məlumat verdi: “Güləş muxtar respublikada son illər geniş vüsət almağa başlayıb. Onu qeyd edim ki, hazırda federasiyada 22 məşqçi-müəllim fəaliyyət göstərir və onların 1500-dən çox tələbəsi var. Bu say o deməkdir ki, muxtar respublikada uşaq, yeniyetmə və gənc­lərin güləşə hədsiz dərəcədə marağı var.
Cari ilin ilk 6 ayında federasiya bir çox yarışlar, turnirlər təşkil edib. 18 yanvar 2014-cü il tarixdə Uşaq-Gənclər İdman Məktəbinin idman zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kiçikyaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər turniri keçirilmişdir. Yarışda 50 idmançı iştirak etmişdir. 26 fevral – Xocalı soyqırımına həsr olunmuş daha bir turnirimiz 21-22 fevral tarixlərində keçirilmişdir. Sərbəst güləş üzrə Naxçıvan şəhər turnirində 11 çəki dərəcəsində 80 idmançı iştirak etmişdir.
3-5 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda Beynəlxalq Turnir təşkil olundu. Ənə­nə halını alan bu turnirdə 7 ölkə­dən 120 idmançı iştirak etmişdir ki, Naxçıvan komandası bu turnir­də beşinci yerə layiq görülmüş­dür. Federasiya 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş sərbəst güləş üzrə 1997-­1999-cu illər təvəllüdlü yeni­yetmələr arasında Naxçıvan Muxtar Respublika turniri keçirmişdir. İlham Əliyev adına Olimpiya-İdman Kompleksində iyun ayında reallaşdırı­lan muxtar respublika turnirində 10 çəki dərəcəsində 84 güləşçi birincilik uğrunda mübarizə aparmışdır”.
Federasiyanın sədr müavini muxtar respublika güləşçilərinin ölkə birinciliklərində uğurla çıxış etdiyini də vurğuladı. Y.Səfərov bildirdi ki, 2-4 mart 2014-cü il tarixlərində Bakı şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilmişdir. Bu yarışda muxtar respublikamızı 6 pəhləvan təmsil etmişdir. Güləşçilərimizdən Təbriz Məmmədov 63 kiloqram cəki dərəcəsində yalnız finalda məğlub olaraq həmin birincilikdə gümüş medal qazanmışdır. Həmçinin 7-10 aprel 2014-cü il tarixlərində Balakən Olimpiya-İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələrin doqquzuncu respublika oyunları keçirilmişdir. 16 idmançı ilə bu yarışda iştirak edən güləşçilərimiz uğurlu çıxışları ilə yadda qaldılar. Belə ki, Sənan Zeynalov gümüş, Əli Məmmədov, Seyran Hüseynli və Sərxan Əliyev isə bürünc medallar qazanaraq muxtar respublikada güləş idman növünün sürətlə inkişaf etdiyini bir daha sübut etdilər”.
Yaşar Səfərov federasiyanın işinin bununla yekunlaşmadığını, gələcəkdə qazanılan uğurların daha çox olacağını qeyd etdi: “Qarşıdakı aylarda muxtar respublikada növbəti turnirlər, yarışlar təşkil olunacaq. Yeniyetmələrin bu idman növünə marağını artırmaq üçün rayonlarda mütəmadi olaraq yarışlar təşkil olunur. Muxtar respublikada bizim üçün yaradılan bu şəraitdən maksimum istifadə etməyə çalışırıq. İnfrastruktur baxımından güləşçilərin heç bir çətinliyi yoxdur və çalışacağıq ki, idmançılarımız beynəlxalq turnirlərdə Azərbaycan bayrağını ən yüksəkdə dalğalandırsınlar”.

P.S. Güləşin faydaları
Güləş mübarizə idman növlərinin ən qədimidir. Bu idman növü türk və İslam dünyasında əhəmiyyətli yerə sahibdir.
• Güləşin digər idman sahələrinə görə gənclərin mühərrik tutumunu inkişaf etdirmələrində çox təsirli olduğu isbat edilmişdir.
• Güləş sürət, qüvvət, elastiklik, dayanıqlılıq kimi fiziki xüsusiyyətləri inkişaf etdirir.
• Bu idman növü eyni zamanda cəsarət, təvazökarlıq, özünəgüvənc kimi insani xüsusiyyətləri inkişaf etdirir.
• Güləş bir mübarizə idmanı olmaqla insana dözüm və yüksək iradə qazandıran milli idman növüdür.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR