Bu ilin mart ayından etibarən Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin müvafiq iş planına uyğun olaraq, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində müstəsna əhəmiyyətə malik olan hərbi-idman oyunlarına start verilmişdir. Yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasına köməklik göstərmək məqsədilə bu günlərdə Babək və Ordubad rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri arasında hərbi-idman oyunları təşkil edilmişdir.
Babək rayonunda keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyununda iştirak edən 23 komanda sıra hazırlığı, zəhərli zonanın dəf olunması, yaralının döyüş zonasından çıxarılması, turist çadırının qurulması və digər mərhələlər üzrə öz qüvvələrini sınamışdır. Yarışda Kərimbəyli kənd tam orta məktəbinin komandası qalib olmuşdur.
Ordubad rayon məktəblilərinin “Şahin” hərbi-idman oyununda isə 14 komanda öz məharətini göstərmişdir. Əvvəlcə şagirdlər marş sədaları altında hərbi keçid nümayiş etdirmişlər. Sonra onlar dağılıb-düzülmək, bir cərgədən iki cərgə olmaq və digər sıra duruşu tapşırıqlarını yerinə yetirmişlər. Şagirdlər darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması və başqa hərbi-idman oyunları üzrə bacarıqlarını göstərməyə çalışmışlar. Yarışda Ordubad şəhərindəki internat məktəbinin komandası birinci yeri tutmuşdur. Rayon Gənclər və İdman idarələri, Təhsil və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrinin birgə təşkil etdikləri yarışlarda fəxri yerləri tutmuş komandalara kubok, diplom və hədiyyələr verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti