22 Sentyabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş güləş üzrə yeniyetmələr ara­sında muxtar respublika turniri keçirilib.
Açılış mərasimində Dövlət himni səsləndirildikdən sonra çıxış edən gənclər və idman nazirinin müavini Məcid Seyidov, federasiyanın sədr müavini Yaşar Səfərov bu turnirin yeniyetmələr üçün nə qədər önəmli olduğunu vurğulayaraq idmançılara uğurlar arzulayıblar.
10 çəki dərəcəsində (42, 46, 50, 54, 58, 63, 69, 76, 84 və 100 kiloqram) keçirilən turnirdə müvafiq olaraq Bağır Zeynalov, Kamal Nəzərəliyev, Musa Həsənov, Ərkal Məmmədov, Əli Həsənov, Əli Haqverdiyev, Rauf Qurbanov, Əli Allah­verdiyev, Bəylər Kərimov və Abdulla İsmayılov öz çəkilərində hamıdan güclü olduqlarını nümayiş et­diriblər.
Turnirin sonunda qalib olan güləş­çilərə nazirlik və federasiya tərə­findən diplom və hədiyyələr verilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Par­alimpiya Federasiyasının birgə təşkil etdiyi 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş futzal üzrə muxtar respublika turniri keçirilib. Olimpiya sistemi üzrə keçirilən turnirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini Məcid Seyidov və federasiyanın sədr müavini Elçin Nəzərəliyev muxtar respublikada məhdud fiziki imkanlı insanlara olan diqqət və qayğıdan danışıb, idmançılara uğurlar arzulayıblar.
Turnirin reqlamentinə əsasən, 6 komanda – “Şərur”, “Şahbuz”, “Culfa”, “Ordubad”, “Kəngərli” və “Babək” komandaları olimpiya sistemi üzrə mübarizə aparıblar. Yarımfinala kimi bütün rəqiblərini məğlub edən şərurlular bu mərhələdə daha ciddi rəqiblə üzləşiblər. Lakin penalti zərbələrindən sonra culfalı həmkarlarını məğlub edən “Şərur” komandası finalda oynamaq hüququ qazanıb. Digər finalçı isə “Şahbuz” komandası olub. İlk mərhələdə “Ordubad”, ardınca “Kəngərli” komandalarını məğlub edən şahbuzlular həlledici qarşılaşmada “Şərur” komandası ilə üz-üzə gəliblər. Görüş heç-heçə başa çatdığından qalib penalti zərbələrindən sonra müəyyənləşib. Zərbələri daha səlis yerinə yetirən şərurlular yarışın qalibi olublar.
Bununla, 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş futzal üzrə muxtar respublika turnirində “Şərur” komandası 1-ci, “Şahbuz” komandası 2-ci, “Culfa” komandası isə 3-cü olub.
Sonda təşkilatçılar tərəfindən uğur qazanan komandalara diplom və hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyası Ordubad rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş seminar təşkil edib. 40-a yaxın idmançının iştirak etdiyi seminarda 7 nəfər müxtəlif kəmər imtahanları verib. İmtahanları uğurla tamamlayan karateçilərə federasiya tərəfindən müəyyən edilmiş kəmərlər təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Ötən gün 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş yüngül atletika üzrə turnirə yekun vurulub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Şahbuz Rayon Gənclər və İdman İdarəsi və “Rabitəçi” İdman Klubunun birgə təşkil etdiyi turnirdə 50-dən çox atlet qüvvəsini sınayıb. 2 kilometr kross yarışı üzrə keçirilən turnirdə oğlanlar və qızlar iştirak ediblər. Oğlanlardan Orucəli Orucov, qızlardan isə Zülfiyyə Mehdiyeva bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıblar.
Sonda təşkilatçılar tərəfindən qalib olmuş idmançılara diplom və hədiyyələr təqdim edilib.

Ceyhun MƏMMƏDOV

15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş daha bir turnir Naxçıvan Atıcılıq Mərkəzində keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi atıcı­lıq üzrə muxtar respublika turnirində 30-a yaxın idmançı qüvvəsini sınayıb. Turniri təşkil etməkdə məqsəd atıcılıq üzrə muxtar respublikanın yığma komandasını təşkil etmək, həmçinin gənclərin atıcılıq idman növünə marağını artırmaq idi.
Turnirdə bütün rəqiblərini üstələyən Mahmud Vəliyev qalib adını qazanıb. Digər iki pillədə isə Fərhad Əliyev və Hikmət Xəlilov qərarlaşıblar.
Sonda Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov qalib idmançıları kubok, diplom və hədiyyələrlə mükafatlandırıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR