18 Oktyabr 2019, Cümə

15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş daha bir turnir Naxçıvan Atıcılıq Mərkəzində keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi atıcı­lıq üzrə muxtar respublika turnirində 30-a yaxın idmançı qüvvəsini sınayıb. Turniri təşkil etməkdə məqsəd atıcılıq üzrə muxtar respublikanın yığma komandasını təşkil etmək, həmçinin gənclərin atıcılıq idman növünə marağını artırmaq idi.
Turnirdə bütün rəqiblərini üstələyən Mahmud Vəliyev qalib adını qazanıb. Digər iki pillədə isə Fərhad Əliyev və Hikmət Xəlilov qərarlaşıblar.
Sonda Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov qalib idmançıları kubok, diplom və hədiyyələrlə mükafatlandırıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şahmatçıları beynəlxalq turnirlərdə uğurlu çıxışları ilə yenə hamının diqqətini cəlb ediblər. Belə ki, 25-29 may tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən beynəlxalq yarışda Azərbaycan komandasının tərkibində iki naxçıvanlı şahmatçı – Nazlı Hümbətova və Zahid Allahverdiyev iştirak ediblər. 7 yaşlı uşaqlar arasında mübarizə aparan Z.Allahverdiyev yarışın qalibi olub.
Bununla yanaşı, 5-9 iyun tarixlərində Türkiyənin Manisa şəhərində keçirilən beynəlxalq turnirdə daha iki şahmatçımız iştirak edib və Elvin Namazlı reytinqsiz şahmatçılar arasında yarışı 3-cü pillədə başa vurub.
1-11 iyun tarixlərində isə Bakı şəhərində keçirilən Azərbaycan çempionatının final mərhələsində 3 zəka sahibimiz qüvvəsini sınayıb. Daha uğurlu təsir bağışlayan Sadiq Məmmədov çempionatı 4-cü yerdə başa vurub.
Qeyd edək ki, 16-27 iyun tarixləri arasında Yunanıstanın Kavala şəhərində məktəblilər arasında Avropa çempionatı keçiriləcək. Muxtar respublikamızı bu çempionatda Naxçıvan Şahmat Mərkəzinin 7 şahmatçısı təmsil edəcək.

Ceyhun MƏMMƏDOV

15 İyun – Milli Qurtuluş Günü münasibətilə dünən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə kikboks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və federasiyanın sədr müavini Cavanşir Salahov çıxış edərək Milli Qurtuluş Gününə həsr edilmiş yarışda idmançılara uğurlar arzulayıblar.
Sonra meydan idmançılara verilib. Öz güclərini rinqdə nümayiş etdirən kikboksçuların bir-birindən mükəmməl döyüşləri tamaşaçıların alqışları ilə qarşılanıb. 12 çəki dərəcəsində (33, 36, 39, 45, 51, 54, 57, 60, 63,5, 65, 67 və 81+) keçirilən birincilikdə müvafiq olaraq Mustafa Əsgərli, Turan Quliyev, Qurban Qənbərli, Cavid Nəcəfov, Kərim Babayev, İlknur Nuriyev, Abbas Qədimov, Əhməd Əhmədzadə, Seymur Cabbarov, Araz Hacızadə, Sənan Quliyev və Ağəli Qurbanov bütün rəqiblərini məğlub edərək yarışın baş mükafatını qazanıblar.
Sonda qalib gələn idmançılara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkil etdiyi daha bir turnirə yekun vurulub. Sürətli şahmat oyunu üzrə keçirilən açıq birincilik Naxçıvan Şahmat Mərkəzində keçirilib.
İki gün davam edən yarışda 109 zəka sahibi öz qüvvəsini sınayıb. 9 turdan ibarət birincilikdə bütün rəqiblərini üstələyən Pərviz Qasımov 8,5 xalla yarışın qalibi adını qazanıb. Açıq birincilikdə 3 şahmatçı – Hüseyn Həsənov, Sücəddin Seyidov və Toğrul Həsənzadə isə 7,5 xal toplayaraq digər pillələrdə qərarlaşıblar.
Qalib şahmatçılar federasiya tərəfindən mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının təşkilatçılığı ilə daha bir yoldaşlıq görüşü keçirilib. Milli Qurtuluş Gününə həsr edilmiş görüşdə Ordubad və Culfa basketbolçuları üz-üzə gəliblər.
Yoldaşlıq görüşündən əvvəl çıxış edən federasiyanın sədr müavini Ənvər Məmmədov muxtar respublikada idmana göstərilən diqqət və qayğıdan danışıb, basketbolçulara uğurlar arzulayıb.
Ordubad rayonunda təşkil edilən qarşılaşmada meydan sahibləri culfalı həmkarlarını üstələməyi bacarıblar – 53:43. Sonda fərqlənən idmançılar federasiya tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR