Muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsində gənclərin bədən tərbiyəsi və idmana olan marağı gündən-günə artır, hər il idman infrastrukturu müasirləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Culfa Rayon Mərkəzi Stadionunun yenidən qurularaq gənclərin istifadəsinə verilməsi muxtar respublikamızda idmanın inkişafına növbəti töhfədir.
Qeyd edək ki, stadion müasir standartlara cavab verə biləcək şəkildə təmir olunub, ətrafındakı çəpərlər yenidən boyanıb, bordürlər yenilənib, tamaşaçılar üçün nəzərdə tutulan səkilərə kilid daşları döşənilib. Uzunluğu 100 metr, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 80 nəfərlik oturacaqlar quraşdırılıb. Burada, həmçinin voleybol və basketbol meydançası, ehtiyat oyunçular üçün kabinələr də inşa edilib. Ərazidə sadə idman qurğuları quraşdırılıb, qaçış və uzunluğa tullanma yarışlarının keçirilməsi üçün zolaq salınıb, suvarma sistemi yenidən bərpa olunub və su nasosları yeniləri ilə əvəzlənib.