06 Mart 2021, Şənbə

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. İclası xidmətin rəisi Müslüm Cabbarzadə açaraq bildirib ki, göstərilən dövlət qayğısı nəticəsində informasiya infrastrukturu təkmilləşdirilib, yeni server, təhlükəsizlik və şəbəkə avadanlıqları alınaraq quraşdırılıb. Ordubad Rayon İdarəsi müasir iş şəraiti ilə təmin olunmuş inzibati binaya köçürülüb.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması üzrə əsas işlər yekunlaşdırılıb, sistem sınaq rejimində istifadəyə verilib. Kəngərli və Şərur rayonlarında, Şahbuz rayonunun 13, Sədərək rayonunun 1 yaşayış məntəqəsində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, il ərzində 19 min 924 belə obyekt plana alınıb.
Qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq Şərur rayonunun 6, Babək rayonunun 5 bələdiyyəsinin torpaqların qida maddələri ilə təmin olunmasına dair yeni karto­qramları hazırlanıb.
Naxçıvan şəhəri üzrə 57 nəqliyyat infrastrukturu obyektinə dair ünvan lövhələri və giriş nömrə nişanlarının sənaye üsulu ilə hazırlanması və quraşdırılması işləri başa çatdırılıb. İl ərzində yeni yaranmış 682 daşınmaz əmlak obyektinə ünvan verilib.
Şərur rayonu üzrə 53, Babək rayonu üzrə 2 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri tərtib edilib.
Ötən il 240 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Qeyd edilib ki, 2019-cu il ərzində muxtar respublika üzrə 6112 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 2018-ci ilin göstəricisindən 13,4 faiz çoxdur. 4671 texniki sənəd hazırlanıb, 833 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. 273 əmlak real bazar dəyərinə uyğun qiymətləndirilib, 1685 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib. 96 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, 690 müraciətə baxılıb.
İclas məruzə ətrafında çıxışlarla yekunlaşıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclası xidmətin rəisi Ramin İsmayılov açıb. Bildirilib ki, 2019-cu ildə muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 yanvar 2020-ci il tarixə ümumi sayı 90 min 16 olub ki, bunun 87 min 352-si əhali, 2664-ü qeyri-əhali abonentidir. Muxtar respublikanın şəhər və rayon ərazilərindən ötən ilin 12 ayı ərzində daxil olan müraciətlərə əsasən 1133 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.
Qeyd olunub ki, ötən il də qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşən qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanılıb. Təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilib, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqlar tədbirlər planı üzrə yerinə yetirilib.
Vurğulanıb ki, xidmət 2019-cu ilin oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmaq istiqaməti üzrə mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görüb, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırıb. Qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması, Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli sayğaclar ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilib, 1 yanvar 2020-ci il tarixə 19 min 981 qaz sayğacı quraşdırılıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın yaşayış məntəqələrində intensiv olaraq reydlər keçirilib, aşkarlanmış nöqsanlara və sayğaca müdaxiləyə görə, ümumilikdə, 18 abonentə 2240 manat cərimə tətbiq edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı idarə heyətinin ötən ilin yekunları ilə bağlı yığıncağı keçirilib. Yığıncaqda təşkilatın sədri Mirməcid Seyidov məruzə ilə çıxış edərək görülən işlər barədə danışıb. Qeyd olunub ki, 2019-cu ildə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının aidiyyəti təşkilatlarla əlaqələri daha da möhkəmlənib, müxtəlif mövzularda silsilə tədbirlər keçirilib.
Belə ki, hesabat ilində təşkilat, onun şəhər və rayon şöbələri tərəfindən 40-dan artıq tədbir təşkil olunub, kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edilib.
Hesabat dövrü ərzində müxtəlif kateqoriyalar üzrə müharibə iştirakçıları və şəhid ailələrinin qeydiyyatının aparılması işi davam etdirilib.
Vurğulanıb ki, təşkilatın həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və onların doğma yurda məhəbbət ruhunda tərbiyə edilməsindən ibarətdir. Buna görə də milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlərin təşkilinə daha ciddi önəm verilib, onların qəhrəmanlıqla dolu həyat yolunun televiziya və mətbuatda işıqlandırılmasında fəallıq göstərilib.
Sonra çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR