04 Mart 2021, Cümə axşamı

Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasında ötən ilin yekunları və qarşıya qoyulan vəzifələrlə bağlı yığıncaq olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov yığıncaqda çıxış edərək demişdir ki, muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Mövcud idman infrastrukturu gənc­lərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsini təmin edir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası 18 il bundan əvvəl – 2002-ci ildə yaradılmışdır. Ötən müddət ərzində federasiya tərəfindən güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Federasiyada yunan-roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılmış və bu bölmələrdə, ümumilikdə, 101 qrupda 1485 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edirlər. 2019-cu ildə Güləş Federasiyası tərəfindən muxtar respublika, şəhər, rayon birincilikləri və çempionatları təşkil olunmuş, yarışların qaliblərinə diplom və hədiyyələr verilmişdir. Həmçinin idmançıların müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakları təmin edilmişdir. Ötən il Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları 7 beynəlxalq, 3 respublika turniri, 11 Azərbaycan birinciliyi, 35 Naxçıvan Muxtar Respublika və rayon birinciliklərində, Azərbaycan milli və dövlət bayramları ilə əlaqədar birinciliklərdə iştirak etmişlər.

Azər Zeynalov 2019-cu ildə əldə olunan uğurların təməlində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmanın inkişafına, idmançılara göstərdiyi diqqət və qayğının dayandığını vurğulamış, federasiya üzvləri və idmançılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulamışdır ki, 2019-cu ildə nazirlik tərəfindən kütləvi bədən tərbiyəsi və idman sahəsində 386 tədbir keçirilmişdir ki, bunlardan 5-i beynəlxalq, 2-si ölkə, 92-si muxtar respublika, 287-si isə rayon, şəhər miqyaslı tədbirlər, yoldaşlıq görüşləri olmuşdur. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 179, beynəlxalq miqyaslı turnirlərdə 165, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 20 olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 369 medal qazanmışlar. “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilmişdir. Federasiyalar 2019-cu ildə öz işlərini verilmiş tapşırıqlara əsasən qurmuşdur. İdmanın ən qədim növlərindən biri olan güləş idman növü ötən il Naxçıvanın idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində ­olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2019-cu ildə görülən işlər barədə ətraflı məlumat vermişdir.
İl ərzində uğur qazanan cüdo üzrə məşqçi Elvin Əliquliyev, güləş üzrə məşqçi Nurlan Muradov, hakimlər Barı Əliyev və İbrahim Musayev, cüdo üzrə uğur qazanan idmançı Abdulla İsmayılov, güləş üzrə uğur qazanan idmançılar Nicat Ocaqquliyev və Ramil İsmayılov mükafatlandırılmışlar.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə iş planı, keçiriləcək idman tədbirlərinin qrafiki təsdiq olunmuşdur.
Yığıncağın sonunda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov federasiyada 2020-ci ildə də fəaliyyətin muxtar respublikada güləş idman növünün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində qurulacağına əminliyini bildirmişdir.

“Şərq qapısı”

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR