AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı hadisələrdən biridir.

Akademik 30 il öncə müasir tariximizə faciəli, eyni zamanda qəhrəmanlıq səhifələrindən biri kimi yazılan Qаnlı Yаnvаr hаdisəsi zamanı Azərbaycan xalqının səsinin heç yerə çatmadığı bir vaxtda ümummilli lider Heydər Əliyevin Azərbaycanın Mos­kvadakı nümayəndəliyinə gedərək törədilmiş qırğını sərt tənqid etdiyini və etiraz səsini bütün dünyaya çatdırdığını bildirib. Qeyd edib ki, ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.
Vurğulanıb ki, faciə qurbanlarının əziz xatirəsini həmişə uca tutan Prezident İlham Əliyev onların adlarının əbədiləşdirilməsinə, şəhidlərimizin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə diqqətlə yanaşıb.
Daha sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın, həmin institutun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun elmi məruzələri dinlənilib.

*  *  *

Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə universitet televiziyasının faciə qurbanlarının əziz xatirəsinə həsr etdiyi videoçarxa baxış olub.
Sonra ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev çıxış edib. Qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışan rektor bildirib ki, xalqımız həmin tarixi həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Çıxışda bu şanlı qəhrəmanlıq tarixinin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyi bildirilib.
Sonra Tələbə Teatr Studiyasının hazırladığı “Torpaq şəhidləri ilə ucalır” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, “20 Yanvar faciəsi tariximizin qanlı yaddaşıdır” adlı kitab sərgisinə baxış olub.

*  *  *

“Naxçıvan” Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq tarixidir” mövzusunda elmi konfrans keçirilib.
Tədbir iştirakçıları ilk əvvəl universitetin tədris korpusunun foyesində 20 Yanvar hadisələrini əks etdirən foto, qəzet və jurnallara baxıblar. Tədbir başlanmazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu konfransı giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu bildirib.
Konfransda universitetin Ümumi tarix kafedrasının müəllimləri, professor Vəli Baxşəliyev, Zülfiyyə Mehdiyeva, universitetin II kurs magistrantı Könül Vəliyeva çıxış ediblər.
Sonda tələbələr tərəfindən şəhidlərə həsr olunmuş şeirlər bədii qiraət olunub, “20 Yanvar səhifəsi hüzn və qürur günümüzdür” adlı slayd nümayiş etdirilib.

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda “Milli azadlıq tariximiz: Qanlı Yanvar” mövzusunda keçirilən elmi-praktik konfransı institutun prorektoru Azad Novruzov açaraq və bildirib ki, 20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi yazılıb. Keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Sonra institutun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Emin Məmmədovun “20 Yanvar milli-azadlıq tariximizin qürur səhifəsidir” adlı məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir.
Tədbirdə institut tələbələrinin “20 Yanvar faciəsi tələbə-gənclərin düşüncəsində” adlı kompozisiyası dinlənilmiş və Qanlı Yanvar faciəsini əks etdirən video slayt nümayiş olunub.
Sonda Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Xəbərlər şöbəsi