08 Mart 2021, Bazar ertəsi

Müstəqillik illəri ərzində doğma yurdumuz Naxçıvanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib və bu proses ardıcıl davam etdirilir. ­Sosial-iqtisadi inkişafı şərtləndirən amillər içərisində ən başlıcası muxtar respublikada böyük vüsət alan quruculuq işləridir. Heç bir fərq qoymadan bütün şəhər və kənd yaşayış məntəqələrində görülən bu işlər doğma yurdumuzun simasını əsaslı surətdə dəyişir. Belə yaşayış məntəqələrindən biri də müasirləşən kəndlərin sırasına qoşulan Xələcdir.

Kənddə baş çəkdiyimiz ilk ünvan gözəlliyi ilə gözoxşayan məktəb binasıdır. Təhsil ocağına daxil olduğumuzda xoş təəssüratımız birə-beş artır. Məktəbin direktoru Lətif Orucov deyir ki, təhsil ocağının üçmərtəbəli yeni binası 360 şagird yerlikdir. Burada 218 şagirdin ­təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 22 sinif otağında, müxtəlif fənn laboratoriyalarında, idman zalında lazımi şərait yaradılıb. Məktəbin kitabxana fondunda, ümumilikdə, 4288 kitab vardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb. 

Xələc məktəbində uzun illər bilikli gənclər yetişdirilib. Təhsil ocağının məzunları arasında zəhmət adamları da olub, müxtəlif sahələr üzrə elmi dərəcələr almış alimlər də, gözəl qələm sahibləri də, həkim, mühəndis kimi bir çox sahələrdə çalışan insanlar da. Həmin ziyalıların və zəhmət adamlarının adı həmişə hörmətlə çəkilir, şagirdlərə nümunə göstərilir. Bu gün dövlətimizin bizim üçün yaratdığı şəraitdən bəhrələnərək gələcəyimiz olan övladlarımızı daha yaxşı yetişdirməliyik. Yaraşıqlı binası, müasir tədris şəraiti ilə ali təhsil ocağına bənzəyən bu məktəbin işıqlı, isti, elektron lövhəli siniflərində şagirdlər, şübhəsiz ki, yüksək səviyyədə təhsil almaqla gələcəkdə Vətəninə layiqli övlad olacaqlar. Ali Məclisin Sədri cənab Vasif Talıbov məktəbin açılışında demişdir: “...Xələc kənd tam orta məktəbindəki elektron lövhələr, laboratoriyalar, fənn kabinələri, internetə çıxışı olan kompüterlər, kitabxana imkan verir ki, müəllimlər dərsləri qavrama yolu ilə öyrətsinlər. Məktəbdə yaradılan şərait tədrisin tələblərinə cavab verən səviyyədədir. Müəllimlər də müasir texnologiyanı mənimsəməlidir. Xələc kənd tam orta məktəbində yaradılan şərait də gənc­lərin hərtərəfli və vətənpərvər hazırlanmasına hesablanmışdır. Bu yolda müəllim tələbkar­lığı və şagird çalışqanlığı öz bəhrəsini verəcəkdir”. Biz müəllimlər bu dəyərli fikirləri rəhbər tutaraq gələcəkdə daha gözəl nailiyyətlər əldə edəcəyimizə əminik.
Təhsil ocağının tarix müəllimi Sabir Şabanov kəndin tarixindən söhbət açır, deyir ki, “Xələc” çox qədim bir toponimdir. Bu ada ilk dəfə Mahmud Kaşğarinin “Divani-lüğət it-türk” əsərində rast gəlinir. Bundan sonra əksər mənbələrdə xalac tayfa adı kimi öz əksini tapır. Bir başqa mənbədə deyilir ki, bu tayfa lap qədimlərdən Xorasanda və İraqda yaşayan türk tayfalarından biridir. Qiyasəddin Qeybullayevin tədqiqatından isə aydın olur ki, XIX-XX əsrlərdə Xələc tayfası çaparlı, qarahəsənli, ismayıllı, bəyalı, hacılar kimi tirələrə bölünərək Azərbaycanın müxtəlif ərazilərinə səpələniblər. Bu gün Azərbaycanın müxtəlif rayonlarında Xələc adlı beş kənd var. Şübhəsiz ki, oğuzlara məxsus xalac tayfasının bir qolu da Naxçıvanda məskunlaşaraq indiki kəndin əsasını qoyub. 29 mart 2005-ci il tarixdə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılıb.

Məktəbdən xoş təəssüratlarla ayrılıb kənd mərkəzinə üz tuturuq. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, feldşer-mama məntəqəsi, statistika otağı, klub, o cümlədən Yeni Azərbaycan Partiyası Xələc kənd ərazi ilk təşkilatı, arxiv və 56 yerlik iclas zalı yerləşir. Bütün təşkilatlar üçün müasir iş otaqları ayrılıb.
256 nömrə tutumlu yeni nəsil ATS Xələc kəndində 140 abonentə xidmət edir. Kənddə 44 internet istifadəçisi vardır. Yeni poçt şöbəsi də sakinlərin istifadəsinə verilib. Kənd sakini Bəxtiyar Zahirli şərait­dən razılıq edərək deyir:
– Əvvəllər kommunal xərcləri ödəmək üçün rayon mərkəzinə üz tuturduq. Artıq kənd camaatının adi bir məsələdən ötrü rayon mərkəzinə, şəhərə üz tutmaqdan yaxası qurtarıb. Bu xərcləri yerindəcə ödəyəcəyik ki, bu da işimizi asanlaşdıracaq, vaxtımıza qənaət olunacaq. İndi kənddən dünyanın istənilən nöqtəsi ilə rabitə və internet əlaqəsi qurmaq olar. Çünki kənd tamamilə telefonlaşdırılıb. Dövlət qayğısı Xələc sakinləri üçün uzaqları yaxın edib.
İnsan sağlamlığından söhbət gedəndə ilk olaraq yadımıza səhiyyə ocaqları düşür. Son illərdə muxtar respublikada bu məqsədlə inşa olunan binalar, onların təcrübəli kadrlarla, müasir texnologiyalarla təmin edilməsi dövlətimizin insan amilinə diqqət və qayğısının ifadəsidir.
Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otağın ayrılması da sakinlərin sevincinə səbəb olub. Məntəqə tibbi ləvazimatlarla təmin edilib. Burada yaradılan müasir şəraitlə tanış olur, öyrənirik ki, qeydiyyat elektron formada aparılır. Qeydiyyata alınan və müayinə olunan xəstələr haqqındakı məlumatlar, eyni zamanda buradan Şərur rayonunun səhiyyə informasiya sisteminə qoşulan kompüter vasitəsilə mərkəzə də ötürülür. Kənd sakini yaşı 70-i ötmüş Fatma nənə ilə həmsöhbət oluruq. Onun dedikləri:
– Bizim gəncliyimizdə kənd yerlərində bu cür gözəl, yaraşıqlı, lazımi avadanlıq və cihazlarla təchiz edilən tibb ocağı barədə danışmaq belə, olmazdı. Bu gün kəndlərimizdə də səhiyyə ocaqlarımız üçün yeni binalar inşa edilir ki, bu da əhalinin sağlamlığının qorunmasında, onlara tibbi xidmətin göstərilməsində böyük rol oynayır. Elinin-obasının, sakinlərinin qayğısına qalan dövlət rəhbərimizi Tanrı qorusun.

Kənd mərkəzinin yaxınlığındakı binanın qarşısındakı qələbəlikdən aydın olur ki, bura yeni xidmət mərkəzidir. Bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbarın yerləşdiyi xidmət mərkəzində 6 sakin işlə təmin olunub. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki ailə təsərrüfatlarında istehsal olunan müxtəlif çeşidli məhsullar üçün ayrıca bölmə yaradılıb.
Xidmət mərkəzində İradə Qarayeva ilə həmsöhbət oluruq:
– Əvvəllər qardaş Türkiyədə yaşayırdıq. Hər dəfə yurdumuza gələndə gündən-günə gözəlləşən el-obama qayıtmaq həvəsim artırdı. Nəhayət, kəndimizdə aparılan quruculuqdan sonra burada yaradılan yeni iş yerləri haqqında yaxınlarımdan məlumat aldım. Yenidən öz elimə, obama qayıdıb burada işlə təmin olunduğuma çox şadam. Son illər kəndlərimizə belə qayğı göstərilməsi, burada yaşayan insanların problemləri ilə maraqlanılması, yolların abadlaşdırılıb, məktəb, tibb məntəqəsi, mədəniyyət obyektlərinin tikilməsi, su, rabitə xətti çəkilməsi kəndlərimizin daha da böyüməsinə səbəb olur. Həmin yeni obyektlərin istifadəyə verilməsi əhalinin məşğulluq problemlərinin həllinə müsbət təsir göstərməklə yanaşı, kənd sakinlərinin vaxt itkisinə yol vermədən və əlavə vəsait xərcləmədən çətinliklərinin həllində mühüm rol oynayıb.
Onu da bildirək ki, muxtar respublikamızda geniş vüsət almış quruculuq tədbirləri sırasında yeni yolların çəkilişi, körpülərin salınması da diqqət mərkəzində saxlanılır. Xüsusən də ucqar dağ və sərhəd yaşayış məntəqələrimizə gedən yollar bu gün öz rahatlığı ilə seçilir. Yol iqtisadiyyat, mədəniyyətdir.
Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolunun istifadəyə verilməsi də kənd sakinlərinin böyük sevincinə səbəb olub. İndi bu yol da bölgənin ən yaxşı yollarından biri sayılır. Yol genişləndirilib, əsaslı şəkildə yenidən qurulub. Sükan arxasında əyləşən kənd sakini Nizaməddin Allahverdiyev göstərilən qayğıya görə minnətdarlıq edir və deyir ki, yolların belə abadlaşdırılması təqdirəlayiqdir. El arasında belə bir məsəl var: – Abad el yolundan bilinər. Bu gün biz kənd adamlarına yaradılan şərait şəhərdən seçilmir. Əvvəllər rayon mərkəzinə getmək üçün vaxt sərf edir, üstəlik, kələ-kötür yolda maşınlarımız da nasaz vəziyyətə düşürdü. İndi şükür Allaha, yollarımız şüşə kimidir.
Kənd sakini, ailə təsərrüfatı başçısı Sərxan Mehdiyevlə də həmsöhbət oluruq:
– Torpağa bağlanmaq, onun qayğısını çəkmək kəndlinin xoş güzəranının təminatıdır. Ona görə də xələclilər bu əvəzsiz nemətdən ikiəlli yapışıblar, onun qədrini bilir və bəhrəsini görürlər. Məşğul olduğum heyvandar­lığın da inkişafı üçün kənddə geniş imkanlar mövcuddur. Elə bu amil də nəzərə alınaraq aqrar islahatlar vaxtı yaşayış məntəqəsində kifayət qədər biçənək və örüş sahəsi ayrılıb. Biz də öhdəmizdə olan mal-heyvanın baş sayını ilbəil artırmaqla təsərrüfatımızı genişləndiririk. Bol-bərəkətli süfrələrimizdən heç vaxt təzə ət və süd məhsulları əskik olmur, üstəlik, daxili bazarın da həmin məhsullara tələbatının ödənilməsinə kömək edirik.
Kənd ağsaqqalı Cəmşid Həsənov deyir:
– Aqrar islahatlar həyata keçirildikdən, torpaqlar camaata paylandıqdan sonra texnika, təsərrüfat suyu, keyfiyyətli toxum və təchizat məsələləri həll edilib, hər hektar taxıl sahəsi üçün dövlətdən pul yardımı və mineral gübrə alırıq. Odur ki, bu sahəyə marağımız ildən-ilə artır. Tədarük etdiyimiz məhsullar öz tələbatımızı ödəyir, qalanını da dükan-bazarda, satış yarmarkalarında rahatca satırıq. İndi kənd adamlarının zəhmət çəkməsi, torpağa alın təri axıtması, ilk növbədə, özləri üçündür. Kim bunu dərindən dərk edirsə, yaxşı gün-güzəran qurmağı bacarır. Bu yurd yerində həyat tərzimizi, yaşayışımızı qurmaq üçün dövlətimiz tərəfindən kənd adamlarına göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə və muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.

Xələcdə hamının gözlərində gələcəyə ümid, üzlərində təbəssüm, minnətdarlıq ifadəsi var idi. Bütün bunları gördükdən sonra bir daha əmin olduq ki, digər yaşayış məntəqələrimiz kimi, bu kəndin adamları da yaradılan şəraitdən maksimum bəhrələnirlər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR