Ölkəmizin demokratik dəyərlərinə, vətəndaş cəmiyyətinin maraqlarına əsaslanan növbədənkənar parlament seçkilərinə artıq sayılı günlər qalır. Ötən dövrdə keçirilən seçkilərin nəticələri belə deməyə əsas verir ki, budəfəki seçki prosesi də tam şəffaf və obyektiv şəkildə baş tutacaq. Fevralın 9-na təyin olunan seçkilərin demokratik prinsiplər əsasında, seçki qanunvericiliyinə uyğun keçirilməsi üçün hazırda muxtar respublikamızda da lazımi işlər görülür. Yanvar ayının 7-dən etibarən seçkilərlə əlaqədar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu rəsmi olaraq müşahidə missiyasına başlayıb. Yanvarın 14-də isə həmin müşahidəçi missiyanın üzvlərindən ikisi muxtar respublikamıza gəlib. Səfər çərçivəsində onlar “Şərq qapısı” qəzeti redaksiyasında da olub, muxtar respublikanın bu əsas kütləvi informasiya vasitəsinin əhalinin seçkilərdə mütəşəkkil iştirakı üçün maarifləndirici materialların dərci, seçkiqabağı və seçki günü proseslərinin işıqlandırılması istiqamətində həyata keçirəcəyi işlərlə tanış olublar. Qonaqlar təəssüratlarını bölüşüblər:
ATƏT-in uzunmüddətli müşahidəçisi İnqo Büttner: – Seçki prosesi barədə onu deyə bilərəm ki, yanvarın 14-dən indiyədək Naxçıvanda Mərkəzi Seçki Komissiyasının, medianın və digər təşkilatların nümayəndələri ilə görüşmüşük, seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olmuşuq. Bu istiqamətdə keçirilən görüşlərdən razıyıq. Bəzi seçki məntəqələrində də müşahidələr aparmışıq, yaradılan şərait Seçki Məcəlləsinə uyğundur. Seçkiqabağı, eləcə də seçki günü görülən işlər barədə məlumatları Bakıdakı missiya mərkəzinə ötürəcəyik və yekun nəticə orada müəyyənləşəcək.
Bildirim ki, mən Naxçıvana ilk dəfədir, gəlirəm. Təəssüf ki, vaxtın qısalığı və işin çoxluğundan, hələlik, buranı doyunca gəzmək imkanım olmayıb. Ancaq buna baxmayaraq, bizə bələdçilik edənlərdən Naxçıvanın tarixi, təbiəti barədə geniş məlumat əldə etmişəm. Qarşılaşdığımız insanlardan çox isti, mehriban münasibət görmüşük. Güman edirəm ki, seçkiyə bir-iki gün qalmış və yaxud da seçkidən sonra görməli yerləri gəzmək, buranın tarixi, mədəniyyəti, mənəvi dəyərləri barədə əyani surətdə bilgilər öyrənmək fürsətimiz olacaq.

ATƏT-in uzunmüddətli müşahidəçisi Elizaveta Borisova: – İlk olaraq onu deyim ki, ATƏT DTİHB-nin seçki müşahidə missiyası səfir Piter Teylerin başçılığı ilə 12 ekspertdən ibarət əsas heyət və 30 uzunmüddətli müşahidəçi ilə öz işinə başlayıb. Əlavə olaraq seçki günündə icraat prosesini izləmək üçün 350 qısamüddətli müşahidəçinin gəlməsi də nəzərdə tutulub. İnqo Büttnerlə mən Naxçıvana yanvarın 14-də gəlmişik. Əsas fəaliyyət istiqamətlərimiz buradakı seçkiqabağı və seçki günü prosesi izləmək, eləcə də aidiyyəti təşkilatların nümayəndələri ilə görüşlər keçirməkdən ibarətdir. Hələlik, Naxçıvanda yerləşən 7 dairə seçki komissiyasının 3-də olmuşuq, ümumi müşahidələrimiz ürək­açandır. Ümumilikdə, bu günədək keçirilən görüşlərdən, görülən işlərdən çox məmnunuq.
Qeyd edim ki, bundan öncə üç dəfə Azərbaycandakı seçkilərə qatılmışam. 2018-ci ildə keçirilən Prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına gəlmişdim və Şərur-Sədərək Seçki Dairəsi üzrə müşahidələr aparırdım. Həmin vaxt fürsətdən istifadə edib Naxçıvanın təbiət abidələrini də gəzmişdim. Xüsusilə mənim diqqətimi çəkən bu qədim diyarı əhatə edən dağlar və bir də buranın insanlarının da hədsiz sevgisini qazanan Əlincəqala oldu. Qaladan ətrafı seyr etmək, həqiqətən, unudulmaz idi və çox sevinirəm ki, Naxçıvanın bu tarixi abidəsi ilə tanış olmuşam. Bu dəfə imkan tapa bilsəm, daha çox yeri gəzmək istəyirəm.

 Nail ƏSGƏROV