08 Mart 2021, Bazar ertəsi

Dünən “Duzdağ” otelində Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender həssaslı icrasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Qadın­ların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin rəsmi bağlanış mərasimi olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada uğurla aparılan dövlət qadın siyasətinin əhəmiyyətindən, qadınların sahibkarlıq fəaliyyətindən danışıb. Bildirib ki, hazırda Naxçıvanda qeydiyyata alınmış 940 ailə təsərrüfatının 67-si qadınlar tərəfindən idarə olunur. Ailə təsərrüfatlarının yaradılması qadınların məşğulluğunun təmin olunması ilə yanaşı, onların mikro və makro sahibkarlara çevrilməsində əsas faktordur. Hazırda muxtar respublikada qadın sahibkar­ların sayı 6000-dən artıqdır.

Qeyd olunub ki, muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. 2019-cu il ərzində “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi belə tədbirlər içərisində mühüm yer tutub. 12 ay ərzində davam edən layihə çərçivəsində muxtar respublikada bir sıra fəaliyyət növləri həyata keçirilib.
Ramilə Seyidova bu layihənin yüksək səviyyədə, uğurla reallaşdırılmasına göstərdiyi diqqət, qayğı və dəstəyə görə layihə iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ­bildirib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin (AMFA) sədri Cəlal Əliyev çıxış edərək Avropa İttifaqının və BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə yeni nəsil maliyyə savadlılığı olan sahibkarların yetişməsinə öz töhfəsini verib. Bu isə, öz növbəsində, maliyyə institutlarının uzunmüddətli, gələcəkdə uğurlu fəaliyyət göstərməsinə, kiçik və orta bizneslərin daha təkmil, böyük bizneslərə çevrilməsinə təkan verəcəkdir. Layihənin icra müddətində Naxçıvan Muxtar Respublikasında və İsmayıllı rayonunda yaşayan qadınlara, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə olanlara məşğulluq imkanları yaradılıb.
Vurğulanıb ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası bu layihə çərçivəsində maarifləndirmə istiqamətində qadın sahibkarlarla iş aparıb. Onların maliyyə savadlılığı, biznesin idarə edilməsi sahəsində bilik və bacarıqları artırılıb. İnanırıq ki, bu layihə Azərbaycanda qadın sahibkarlığının inkişafına töhfə verəcək, onları bu sahə ilə məşğul olmağa daha da həvəsləndirəcək.
Cəlal Əliyev layihənin həyata keçirilməsində böyük zəhməti və dəstəyi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə meneceri Sevinc Rüstəmova çıxışında qeyd edib ki, “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi Naxçıvan Muxtar Respublikasında və İsmayıllı rayonunda yaşayan 390 qadını əhatə edib. Bunlardan 47 nəfəri sağlamlıq imkanları məhdud qadınlar, digərləri aztəminatlı ailə­lərdəndir. 390 qadından 319 nəfəri Naxçıvan Muxtar Respublikasından, 71 nəfəri isə İsmayıllı rayonundan olub. Bu qadınlar “Gələcəyini planlaşdır” maliyyə savadlılığı üzrə “Öz bizensinə başla və inkişaf etdir” təlimlərində iştirak edib və öz biznes ideyalarını biznes planlarda əks etdirməyi öyrəniblər. Uğurlu biznes-plan tərtib edən 78 qadına (o cümlədən 13 sağlamlıq imkanları məhdud qadına) öz ideyalarını real­laşdırmaq üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalının 75 faizi kənd təsərrüfatı, 25 faizi isə xalçaçılıq, toxuculuq, konservləşdirmə, təhsil və xidmət sahələrinə yönəldilib. Layihə çərçivəsində, həmçinin Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi əməkdaşlarının maliyyə savadlılığı sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimlər keçirilib. Təlimdə 17 nəfər iştirak edib və onlardan gələcəkdə maliyyə savadlılığı üzrə təlim keçmək üçün 10 nəfər seçilib. Sevinc Rüstəmova bildirib ki, layihə iştirakçıları digər qadınlara örnək olacaq, sahibkar qadınların sayı ildən-ilə ­artacaq.
BMT İnkişaf Proqramının Azərbaycan üzrə proqram meneceri Vüsal Behbudov, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, layihə iştirakçısı Aygün Bayramova çıxış edərək layihənin əhəmiyyətindən danışıb, onun həyata keçirilməsindəki dəstəyə görə minnətdarlıq ediblər.
Sonda layihə ilə bağlı videoçarxa, layihə iştirakçısı olan qadınların hazırladıqları əl işlərindən ibarət sahibkarlıq sərgisinə baxış olub.

Güntac ŞAHMƏMMƏDLİ

  

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR