04 Mart 2021, Cümə axşamı

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi prosesi – 2019” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.

Bildirib ki, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatı yeni mərhələyə qədəm qoyub. Ümummilli lider Heydər Əliyev həm klassik, həm də müasir ədəbiyyatımızın öyrənilməsi və təbliğini daim diqqət mərkəzində saxlayıb, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin Vətənimizdən uzaqlarda da tanınmasına nail olub. Ulu öndər klassik və müasir şairlərimizin yubileylərinin keçirilməsinə, onların adlarının əbədiləşdirilməsinə, əsərlərinin çap olunmasına, xarici dillərə tərcümə edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşıb, folklor nümunələrimizin nəşr olunması, tanıdılması baxımından mühüm qərarlar verib, fərman və sərəncamlar imzalayıb. Müstəqillik illərində şair və yazıçıların, incəsənət xadimlərinin mükafatlara, fəxri adlara layiq görülməsi də ulu öndər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.
Qeyd edilib ki, sovet dönəmində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarımızın az sayda kitabı çap olunduğu halda, son 15-20 ildə yüzlərlə ədəbi nəşr işıq üzü görüb. Təqdirəlayiq haldır ki, bu gün naxçıvanlı qələm sahibləri də onlara göstərilən yüksək qayğıya cavab olaraq yeni, dəyərli əsərləri ilə oxucularını sevindirirlər.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli “Naxçıvan ədəbi mühitinin tədqiqi yeni mərhələdə” mövzusundakı çıxışında qeyd edib ki, son onilliklərdə muxtar respublikada ədəbiyyat, incəsənət, teatr sahələrində yüksəliş, xüsusilə nəzərə çarpır. Ədəbiyyatşünaslıq elmi istiqamətində həyata keçirilən müxtəlif tədbirlər Naxçıvanda elmə, ədəbi mühitə, onun inkişafına necə həssaslıqla, diqqətlə yanaşıldığını göstərir.
Vurğulanıb ki, Azərbaycan ədəbi prosesinin öyrənilməsi, onun ədəbiyyatşünaslıqda əksini tapması təzkirəçiliklə bağlıdır. Orta əsr təzkirəçiləri hər hansı şair və yazıçı ilə bağlı məlumat verərkən onun müridi, əsərləri, əlaqədə olduğu qələm sahibləri barədə də bəhs ediblər ki, bu da ədəbi mühitin yaranmasının ilkin cücərtiləri sayılıb. Görkəmli maarifçi Firudun bəy Köçərli 1926-cı ildə çap etdirdiyi “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı kitabında ədəbiyyatımızı ədəbi dairələr, coğrafi ədəbi ərazilər üzrə tədqiq edib. Onlardan biri və əhəmiyyətlisi hesab olunan Naxçıvan ədəbi mühiti burada yaşayan elmi-ədəbi qüvvələr, ədəbiyyatşünaslar, şairlər, yazıçılar tərəfindən öyrənilib. Bu, özünü iki istiqamətdə göstərib. Birinci, Naxçıvan ədəbi mühitinin tanınmış şair və yazıçıları haqqında portret-oçerklər yazılıb; ikinci, onların əsərləri ilə bağlı resenziyalar qələmə alınıb, ara-sıra icmal ədəbi tənqidi nümunələr də yaradılıb. Sonrakı dövrdə də ədəbi mühitin öyrənilməsi ilə bağlı müəyyən irəliləyişlər əldə olunub.
Diqqətə çatdırılıb ki, müstəqillik illərində Naxçıvan ədəbi mühitinin kompleks, sistemli şəkildə öyrənilməsinə geniş imkanlar açılıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Naxçıvan Bölməsi ilə birgə “Müstəqillik dövrü Naxçıvan ədəbi mühiti” adlı monoqrafik nəşrinin hazırlanması istiqamətində müəyyən işlər görüb. Əminliklə demək olar ki, işıq üzü görəcək bu nəşr Naxçıvan ədəbi mühitinin peşəkar surətdə tədqiqinə, təbliğinə geniş imkanlar açacaq. Bununla həm də ədəbi mühit ilk dəfə olaraq icmal tənqidindən monoqrafiya tənqidinə keçid edəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid “Dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr” mövzusunda çıxış edərək bildirib ki, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsi, Azərbaycançılıq məfkurəsinin mənimsədilməsi ulu öndər Heydər Əliyev siyasətinin əsas istiqamətini təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli dövlət xadiminin əbədiyaşar ədəbiyyat və mədəniyyət təlimini yeni epoxanın prinsiplərinə uyğun əlavə müddəalarla zənginləşdirərək müasir dövrün ədəbiyyat siyasətini müəyyən edib.
Bildirilib ki, muxtar respublikada 2019-cu ildə ədəbiyyatın inkişafı sahəsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi, Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, Yazıçılar Birliyinin fəaliyyətinin inkişafı üçün 25 min manat vəsaitin ayrılması və digər tədbirlər həyata keçirilib. Həmçinin tanınmış yazıçıların, yaradıcı gənc­liyin istedadlı nümayəndələrinin mükafatlandırılması ulu öndər tərəfindən əsası qoyulmuş siyasətin konkret əməli işlərlə davamıdır. Bu tədbirlər sırasında muxtar respublikada yaşayan yazıçıların sosial vəziyyətinin yaxşılaşdırılması üçün mükafatların ayrılması, bədii nəşrlərin çapına dəstək məqsədilə Şamil Zamanın tərcüməsində fransız yazıçısı Qustav Floberin “Salambo” romanının, Əliyar Yusiflinin və Kamil Arazın əsərlərinin nəşri də yer alıb.
Qeyd olunub ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən irfan ədibi Nemətullah Naxçıvaninin əsərlərinin tərcüməsi və nəşri, Ərtoğrol Cavidin yaradıcılığına həsr olunmuş bir mono­qrafiya və iki kitabın, Yazıçılar Birliyi üzvlərinin ədəbi yaradıcılığını özündə əks etdirən “Naxçıvanım – göz nurum” adlı almanaxın nəşri və həyata keçirilən digər tədbirlər Ali Məclis Sədrinin dahi öndər Heydər Əliyevin əsasını qoyduğu ədəbi inkişaf təliminin davamıdır. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyətinin əsaslı şəkildə qurulması, qədim diyarımızda Ədəbiyyat Muzeyinin, eləcə də görkəmli ədəbiyyat xadimlərinin ev-muzeylərinin tikilib istifadəyə verilməsi söz sənətinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Bütün bunlar təsdiq edir ki, ölkədə, eləcə də muxtar respublikamızda ədəbiyyat və mədəniyyət sahələri müstəqillik dövrünün tələblərinə uyğun inkişafının yeni mərhələsini yaşayır.
Konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev “Naxçıvanda ədəbi proses”, AMEA-nın müxbir üzvü, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev “2019-cu ildə ədəbi-elmi əlaqələr”, həmin institutun direktor müavini, professor Hüseyn Həşimli “Tənqid və ədəbi proses”, institutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktorları Ramiz Qasımov “Bədii nəsrin inkişaf meyilləri”, Elxan Məmmədov “Poeziya: axtarışlar, tendensiyalar”, institutun böyük elmi işçiləri Aygün Orucova “2019-cu ilin dramaturgiyası”, Nərgiz İsmayılova “Bədii tərcümə məsələləri” mövzularında çıxış ediblər.


- Nail ƏSGƏROV

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR