28 Fevral 2021, Bazar

Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri vardır. Əsrlərboyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərmiş, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr vermişlər. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Naxçıvan Muxtar Respublikasında da  elmin inkişafı dövlət siyasətinin əsas prioritet sahələrindən biridir. Ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi proseslər muxtar respublikamızın elmi əsaslar üzərində inkişafını zərurətə çevirir. 

Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin dəstəyi və tarixi sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi dövlətin diqqət və qayğısı ilə qısa müddət ərzində böyük inkişaf yolu keçmişdir. Alimlərimiz Naxçıvanşünaslıq elminin inkişafı və tədqiqi sahəsində nailiyyətləri ilə seçilmiş, Azərbaycan və dünya elminə töhfələri ilə diqqəti cəlb etmişlər. Onların apardıqları elmi-tədqiqat işlərinin nəticələri dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu jurnallarında da dərc edilmişdir. Bütün bu uğurların əsasında elmin inkişafı, elmi-tədqiqat işlərinin səmərəliliyi məqsədilə yaradılan maddi-texniki baza, müasir elmi-texniki və informasiya texnologiyalarının ən son nailiyyətlərinin geniş tətbiqi dayanır. Qazanılan bu uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində tarix, ədəbiyyat, incəsənət və digər elmlərin tədqiqi və təbliği ilə yanaşı, kimya elminin də inkişafına xüsusi fikir verilir. Muxtar respublika rəhbərinin müasir dövrdə sənayenin inkişafını şərtləndirən kimya elminə verdiyi töhfələrdən biri də AMEA Naxçıvan Bölməsinin Kimya və Biokimya laboratoriyalarının müasir cihaz və avadanlıqlarla təchiz olunması və müasir elmi-tədqiqatların aparılmasına münbit şəraitin yaradılmasıdır. Kimya elminin inkişafına dəstək məqsədilə elmi-tədqiqat və ali təhsil müəssisələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində laborator tədqiqatların aparılması üçün müasir təchizatlı innovasiya laboratoriyalarının yaradılması da buna əyani sübutdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 6 avqust tarixli Sərəncamı ilə təhsilin inkişafı sahəsində görülən işlərin və maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin müasir tədris avadanlıqları ilə təmin olunması, pedaqoji heyətin təkmilləşdirilməsi, kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi, inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması da təbiət elmlərinin öyrənilməsi işinə dövlət dəstəyinin bariz ifadəsidir.
2020-ci ildə 30-dək sanballı elmi-tədqiqat əsərinin çapını həyata keçirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu kimya elmləri doktoru Bayram Rzayevin təqdimatında “Qısa kimya ensiklopediyası”nı 300 tirajla nəşr etdirmişdir. Bu, kimya elminin inkişafı sahəsində görülən işlərin davamı kimi xüsusi əhəmiyyəti ilə seçilir.
Bu günədək Bilik Fondunun dəstəyi ilə yüzlərlə kitab və jurnallar nəşr edilmiş, muxtar respublika və ölkə mətbuatında məqalələr dərc olunmuş, kitabların maarifləndirici, tarixi və ictimai-siyasi əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
Qeyd edək ki, ensiklopediyada kimyəvi elementlər və onların birləşmələri haqqında məlumatlar, kimyada ən ümdə hadisə və kəşflər, kimya statistikası, iqtisadi inkişafda kimyanın rolu haqqında geniş məlumatlar verilib. Kitab Azərbaycan kimya elmi tarixində ilk ensiklopedik nəşr olmaqla, 118 elementin xronoloji ardıcıllıqla kəşfi və elementlərin kimyəvi əhəmiyyəti, onları kəşf edən alimlər haqqında məlumatları əks etdirir. Ensiklopediyanın birincı hissəsində hər bir elementin Azərbaycan və latın dillərində adı verilir, sonra onu kəşf edən alim(lər)in şəkli, doğum tarixi, həyatı və elmi fəaliyyəti haqqında qısa informasiya təqdim olunur. Burada, eyni zamanda elementin və onun birləşmələrinin sənayedə, kənd təsərrüfatında, ümumiyyətlə, insan fəaliyyətinin müxtəlif sahələrində tətbiqi haqqında bəhs edilir. Bu ardıcıllıq birinci element hidrogendən başlamış sonuncu 118-ci elementə qədər sabit saxlanılır.
Ensiklopediyanın ikinci hissəsi kimyada ən ümdə hadisə və kəşflərin xronologiyasından ibarətdir. Burada istənilən kimyaçı keçən əsrin əvvəllərindən sonunadək kimya elminin ixtiraları, nəzəriyyələr, ümumiləşmələr barədə məlumatlar, dünya miqyasında kimya elmi sahəsindəki yenilikləri asanlıqla əldə edə bilərlər.
İkinci bölmədə, eyni zamanda elementlərin kəşf olunma ardıcıllığı qorunmaqla onları kəşf edən alimlər haqqında məlumatlar verilmiş və elementlər şərh edilmişdir.
Məlumat nəşrinin üçüncü bölməsində “Rusiya, Almaniya və Yaponiya 119 və 120-ci elementlərin sintezinə hazırlaşır”, “Kimya statistikası haqqında anlayış” və “İqtisadi inkişafda kimyanın rolu” yarımbaşlıqları altında maraqlı yazılar verilmişdir.
“Qısa kimya ensiklopediyası” yalnız kimyaçılar üçün deyil, təbiət elmləri sahəsində tədqiqat aparan alimlər, pedaqoji fəaliyyətlə məşğul olan ziyalılar, eləcə də ali və orta məktəblərin tələbə və şagirdləri üçün faydalı və əhəmiyyətli mənbə ola bilər.


Surə SEYİD
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Bilik Fondunun sədr müavini

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR