Oçerk

O, güləndə dünya da gülürdü, el də, oba da, ev də, eşik də. Deyirdi dünyanı gülmək xilas edəcək. Dünyanı etməsə də ən azından ona bir köməkliyi dəyəcək. Gülmək ən sevdiyi əyləncəsi idi. Onu tanıyanlar onu “gülən siması” ilə xatırlayır. Bir də qoçaqlığı, çevikliyi, gözüqara dəlisovluğu ilə. Söhbət Zamandan gedir. Zaman Məmmədovdan: Günnüt zəfərində payı olan, Türkiyə Cümhuriyyətində təşkil olunan döyüş təlimlərində göstərdiyi məharətə görə 18 dövləti təmsil edən heyət arasında birinciliyi əldə edən, Naxçıvan “N” hərbi hissənin xüsusi təyinatlısı, eyni zamanda II Qarabağ döyüşlərinin ön cəbhə təyinatlısı, şəhid və sair və ilaxır (yazıda sadalanacaq daha çox məqam var).  Kəngərli rayon Şahtaxtı kəndində Zamanın boya-başa çatdığı evin qapısını döymək üçün çox götür-qoy edirəm. Ürək eləmirəm qapını döyməyə, sorğu-sual etməyə. Bir tərəfdən də qürur duyuram ki, belə igidin qapısının qarşısında dayanmışam, ailəsini tanımağa, onların dilindən Zamanı tanıtmağa gəlmişəm. Hələ adını eşidəndən, video görüntülərdə tanıyandan onu Milli qəhrəmanımız Yusif Mirzəyevə bənzədirdim. Bütün mərdliyi onu xatırladırdı. Elə bu səbəbdən birinci ondan (hələ yazacaq minlərlə belə mərd oğullarımız var) yazmaq istədim. Onu tanımaq və tanıtmaq istədim. Şəhid evinin qonağı olub “Onu layiq olduğu kimi oxucularıma təqdim edə biləcəyəmmi?” sualı da düşündürmür desəm, səmimi olmaram. Belə düşünsəm də mütləq cəsarət toplayıb, şəhid evinin qapısını döyürəm… Sizi Zaman haqqında aldığım müsahibə ilə baş-başa buraxıram...

Günnütlə gələn zəfər, Qarabağın qələbəsi ilə bitdi…

Habil Məmmədli (şəhid atası. Söhbətimizə nə mən başlaya bilirəm, nə də ki, şəhid atası. Otağa çökmüş sakitlikdən sonra): – 1995-ci il 3 avqust idi. Dünyaya gələndə çox balaca, çəlimsiz uşaq idi. Zamanın adını özüm qoymuşdum. Bir dəfə mənə sual verdi ki, ata, ad seçərkən nə düşünüb Zaman adı verdin mənə? Dedim, ay oğul, istəyirəm ki, gələcəkdə elə bir oğul olasan ki, adının mənası öz həyat və fəaliyyətin ilə səsləşsin, bütün zamanları əhatə etsin. Zaman durduqca sən də zamanın fövqündə dayanasan. Elə də oldu. Zaman zamanın fövqündə dayanmağı bacardı.                                    Onun igidliyi burada hamıya məlum idi. Həyətdə özünə idman kompleksi düzəltmişdi. İdmanla məşğul olurdu. Heç nədən qorxmazdı. Hey deyərdi hərbçi olacağam. Düşmənin vuran əllərini kəsəcəyəm. Günnütə gedən zaman bizə dedi ki, Batabata təlimə gedirəm. Üç gün xəbər ala bilmədik. Sən demə, 3 gün mühasirədə olub özünü gizlədib, amma işini bacarıb, kordinatları müəyyən edib bizim tərəfə ötürmüşdü. Evə gələndə, Günnüt sevincini paylaşanda dedi ki: “Qarabağa da gedəcəyəm, hiss edirəm. Bir naxçıvanlı kimi ayağım dəyəcək o torpaqlara. Sonda da arzuma çatacam” (arzusu torpaqları qaytarıb şəhidliklə dönmək idi). Həmin günü uşaqlıq dostu Pənahla birgə gedirdi təlimə. Daha doğrusu biz təlim bilirdik. Çünki elə demişdi bizə. O qədər möhkəm, iradəli oğul idi ki, dövlət sirrini elə möhkəm saxlaya bilirdi ki, öz ailəsinə belə məlumat verməzdi. Bircə onu dedi ki: “Ata, o ala-bula toğlunu Pənaha qurban deyirəm, kəsərsiniz qayıdanda”. Dedim bəlkə zarafat edir. Bu gün öyrənmişəm ki, zarafat deyilmiş, Pənah yaralıdı və biz də onun qayıtdığı gün həmin toğlunu kəsəcək, Zamanın azrusunu yerinə yetirəcəyik.

Zamanı gələcək, “igid olacaqsan” deməkdir...

Gülçin Allahverdiyeva: (riyaziyyat müəlliməsi): – Zamanın məktəb xatirələri çoxdur (məktəb şəkillərinə baxa-baxa söhbət edirik). Çox fərqli uşaq idi. Hamıdan seçilirdi. Deyəndə dərslərini daha yaxşı oxu, müəllim ol, Zaman. Deyirdi, müəllim olsam düşməni öldürə bilərəm heç? Mən hərbçi olacam. Mübariz İbrahimova qarşı xüsusi məhəbbəti vardı. Özünə ideal götürmüşdü. Deyirdi həmişə onun kimi bir batalyon ermənini məhv edəcəyəm. Hər dəftərinin də içinə bayraq şəkli yapışdırırdı. İndi başa düşürəm ki, o Vətəni necə də mərdcəsinə, igidcəsinə sevirmiş. Elə uşaqlıqdan deyirdi şəhid olacam. Bir payım olsun torpağımda. O bunu bilirdi. (Qəhərlənərək əlavə edir) Günnüt qələbəsində onu ziyarət edib təbrik edəndə birinci gətirib qol saatını göstərdi mənə. Dedi bilirsiniz, müəllimə, bu nədir? Güldüm, dedim: – saat. Dedi:“Yox, bu sadəcə saat deyil. Bu Ali Məclis Sədrinin bizə göstərdiyi etimaddı, inamdı. Zamanı gələcək, “igid olacaqsan” deməkdi. Mənası çoxdur. Dəyəri başqadır. Fəxrdir”. Beləcə hər şeyin dəyərini, qiymətini bilən oğul idi Zaman.

Döyüşə gedəndə gülər igidlər...

Pərnaz Bayramova (bibisi qızı): – Eh, Zaman haqqında danışmağa sözüm çoxdur. Uşaqlıqdan bir böyümüşük. Fədakar, ailəcanlı idi. Ailədə kimsə tapılmazdı ki, onu sevməsin. Deyib-gülən oğlan idi. Döyüşdə bütün kadrlarda gülüb. Hər kəsə müsbət enerji verib. (döyüş yoldaşları etiraf edir). Hələ şəhid olmamışdan 3 gün qabaq zəng vurmuşdu mənə. O biri tərəfdən güllə səsləri susmurdu. Dedim, Zaman, hardasan? Dedi bacı, toydu burada. Şənlik edirik. Xəbərləri Ali Baş Komandanımızdan alarsınız (Şuşaya ilk Zaman gil girmişdi kəşfiyyata). Dedim, ay qardaş, de, vallah kiməsə bir söz demərəm. De, qoy mən də bilim. Üstümə hirsləndi ki: “Olmaz. Orada da paylaşmayın oradan buradan duyduğunuz məlumatları”. Dedim, bacın qurban arxada ol, ön cəbhədə getmə barı. Güldü, dedi: – mənə yaraşmaz. Elə son danışığımız onda oldu. Hə, bir də ölümündən qabaq dostu Rahibi (ən ürəkli onu bilir) yığıb deyir ki: “Mənim üç yerdə bayrağım var. Öz bayraqlarım, (birini Türkiyədə təlimdə 18 dövlətin arasında iştirakında birinci yeri qazandığına görə təqdim etmişdilər, ikisini də özü almışdı) örtərlər üstümə, döyüş bıçağım da elə həmin yerdədir. Onu da anama verərsən yadigar saxlayar, paltarlarımın altında isə hərbi formada gülən şəklim var. Onu böyütdürərsiniz. Hamı görsün ki, mən gülə-gülə şəhid oluram. Fəxr eliyərəsiniz ki, siz şəhid qarşılayırsınız. Arzuma çatıram, qardaş”, – deyir və Rahiblə son danışığını bu cür bitirir.

Mühasirədən, Zamanla qurtulduq...

Mirhəşim Seyidov: (döyüş yoldaşı, mərmi səsindən eşitmə qabliyyətini itirib): Bir getdik döyüş bölgəsinə. Hadrutu azad etməklə başladıq. Əvvəlcə üzərimizə gələn raketlərdən qorunmaq üçün sürünə-sürünə (döyüş taktikası) gedəndə Zamanı aşağı endirə bilmirdik. Dik gedirdi, hər kəsə ruh yüksəkliyi verirdi. Heç vaxt unutmayacağım bir epizodu danışım sizə. 50 nəfər heyətlə saatlarla Axullu kəndi (Xocavənd rayonu) istiqamətində mühasirəyə düşmüşdük. Zaman 10 nəfərlik heyət ilə bizi axtarıb tapdı. Tapanda qeyri-ixtiyari Zamanla möhkəmcə qucaqlaşdıq. Ətrafdakı düşmən hiyləsini unutduq. Silahdaşlarımın şücaət və bacarığı düşmən mühasirəsini yarmağı asanlaşdırdı. Zaman o qədər çevik idi ki, heyətlə birlikdə o artıq Qırmızı Qaya, Azıx, Tuğ, Böyük Tağlar, Zoğalbulaq və digər ərazilərə gedib kordinatları öyrənib, düşmənin hərbi texnikalarının olduğu yerləri müəyyən etmişdi. Kəşfiyyat zamanı düşmən pilotu başımızın üstündə dayandığı üçün çıxa bilmirdik. Nəticədə 5 nəfərlə birlikdə 4 gün torpağın altında qalmalı olduq. Və nəhayət hava şəraitnin korlanması işimizi asanlaşdırdı. Beləliklə mövqelərimizi möhkəmləndirdik. Anar Əliyev bizim komandir idi. O, şəhid olandan sonra Əlimirzə Sadiqov bizə rəhbərlik etdi. Komandirimiz yaralanarkən Zaman onu çiyninə alıb döyüş bölgəsindən uzaqlaşdırmışdı. Və həmin komandir hazırda xəstəxanadadır. Elə bir kəlimə deyib ki, ayağa duran kimi gedib Zamanın ailəsini tapıb anasının əllərindən öpəcəyəm ki, elə cəsarətli oğul böyüdübsən.      Hələ sizə Türkiyədə təlimdə olanda göstərdiyi rəşadətdən danışım. Ağrı dağına eniş edəndə tərəddüd etmədən cəsarətli yenişi ilə hər kəs tərəfindən müsbət qarşılanır. Döyüş taktikasında çevikliyinə görə dəfələrlə fəxri fərmanlar almışdı. Gülə-gülə videoları var. Zamanla ayrılığımız onun ölmündən üç gün qabaq məni xəstəxanaya aparanda oldu. Vəziyyətim yaxşı olmadığı üçün xatırlaya bilmirəm necə sağollaşdıq.

İlk ayaq basdığı Qarabağ torpağı Zamanı unutmayacaq!

Yusif Tağızadə (son anlarına qədər yanında olan döyüş yoldaşı. Telefonla əlaqə saxlayırıq. Zamanın adını çəkən kimi bir az duruxur, sonra sözə başlayır): Zaman igid oğlan idi. Çox cəsarətli, qorxmaz idi. Şuşa ərazisində ayağından yaralandı. Yanında bir mən bir də başqa döyüşçü yoldaşı vardı. Nə qədər etdiksə, xeyir olmadı, qan çoxaldı. Neytral zona olduğu üçün kömək də çağırmaq mümkün deyildi. Qan çox gedirdi. Heç nə demədi, heç nə söyləmədi. Elə üzündə şəhidlik nuru vardı. Sanki hazır idi vidalaşmağa. Gözlərindəki qürur, əyilməzlik simvolu idi. Əsl bir vətənpərvər naxçıvanlı kimi Şuşa torpağına ayaqları dəyən bir igid kimi özünü aparırdı son saniyələrdə... Beləcə əbədiyyətə qovuşdu. Zaman II Qarabağ müharibəsində ordumuzun həlledici qələbələrə imza atan, xüsusi təyinatlı, kəşfiyyat sirlərini zamanında və düzgün verən əsas qüvvələrindən biri idi. Qarabağ torpağına ilk ayaq basan naxçıvanlılardandır. O müqəddəs torpaqlarda ilk yeriyən, addım atan, qələbəni çalıb oynamaqla əsl bayram kimi qeyd edən (videogörüntü var) naxçıvanlılardandır. Şuşa qələbəsini ilk qeyd edən Mübariz ruhlu igidlərimizdəndir. Arzusuna oynaya-oynaya, gülə-gülə tələsən könüllərin qəhrəmanıdır. Hər zaman tarixlərin zamanı Zamandan danışacaq. Tarix Zamandan danışılan zamanı unutmayacaq. Bu xalq onu unutmayacaq! Naxçıvanlılar onu unutmacaq! İlk ayaq basdığı Qarabağ torpağı Zamanı unutmayacaq! 

Türkan HÜSEYNLİ