28 Fevral 2021, Bazar

 Şəxsiyyətlərin xalqın taleyindəki yeri və rolunu onların öz üzərinə götürdükləri missiyalar müəyyən edir.

Bəşəriyyətin tarixi təkamül prosesi sübut edir ki, xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bilavasitə bağlıdır. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə getmiş, hər bir əlverişli şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində onu gələcəyə doğru inamla aparmışlar. Xalqların milli inkişaf yolunun banisinə çevrilən fenomen liderlər həm də böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin ediblər. Belə siyasi liderlər dövlət hakimiyyətini ölkənin təkcə bugünkü mənafeyi baxımından deyil, həm də gələcək maraqları baxımından təmin etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modelini yaratmağa nail olublar.

Bu gün müstəqillik və tərəqqi yolunda inamla addımlayan, azad və demokratik dövlət kimi dünya birliyində layiqli yer tutan, iqtisadi və siyasi islahatları uğurla həyata keçirən Azərbaycan Respublikasının müasir tarixinin təqribən yarım əsrə bərabər dövrü və bu dövr ərzində qazandığı nailiyyətlər, uğurlar xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bilavasitə bağlı olub. 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə ölkə həyatının bütün sahələrində çox böyük müsbət dəyişikliklər baş verdi. Bugünkü müstəqil Azərbaycanın əldə etdiyi uğurlar məhz həmin dövrdə Heydər Əliyev tərəfindən yaradılan möhkəm təmələ əsaslanır.

 “Uca dağların başı həmişə qarlı olar”

Həyatın bu keşməkeşli yolunda bəziləri yolda qalır, bəziləri isə yüksək iradə, dözüm nümayiş etdirərək irəliyə doğru inamla, ləyaqətlə addımlayırlar, uca zirvələr fəth edilər.  Bu mənada ulu öndər Heydər Əliyev də təkcə uca zirvələri fəth etmədi, həm də özü bir zirvəyə çevrildi, “Heydər Əliyev məktəbi” kimi tarixin qızıl səhifələrinə yazıldı. Əfsuslar olsun ki, ümummili liderin ötən əsrin 80-ci illərinin sonlarında ölkə rəhbərliyindən uzaqlaşdırılması ilə Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşandı. Muxtar Respublika üçün çox ağır bir dövr başlandı. Hər birimiz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi. Nəqliyyat və kommunikasiya, enerji, ərzaq blokadası qədim diyarı məhvə sürükləmişdi. Belə bir çətin məqamda Moskvadan Naxçıvana qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxdılar. 

“Görünən dağa bələdçi lazım deyil”

Xalqın gözü tərəzi olduğu üçün hamının sözü, işi, əməli, davranışını ölçüb-biçə, qiymətləndirə bilir. İndi hər birimiz qürurla xatırlayırıq ki, 1993-cü ildən başlayaraq Azərbaycanda Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində sabitlik, sürətli inkişaf dövrü başladı. Heydər Əliyev yolunun Prezident İlham Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi  Naxçıvanı da sürətli inkişaf  yoluna çıxardı. Yüksək nizam-intizam, tələbkarlıq, yurd və torpaq sevgisi müstəqilliyin ilk illərində böhranlı və miskin bir həyat yaşayan Naxçıvanı tərəqqi edən bir diyara çevirdi.

Hər dəfə Naxçıvana səfər edəndə, respublikada gedən abadlıq-quruculuq işləri bir jurnalist kimi məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf edib, sosial-iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılıb. Son 20 ildə ümumi daxili məhsul istehsalı onlarla dəfə artıb, yüzlərlə istehsal və sənaye müəssisələri, ailə təsərrüfatları, elektrik stansiyaları qurulub, müasir məktəblər, xəstəxanalar, yollar tikilib, diyarın ərzaq və enerji təhlükəsizliyi təmin edilib, on minlərlə iş yeri açılıb.

Pandemiyanın tüğyan etdiyi, Vətən müharibəsi apardığımız 2020-ci ildə dünyanın əksər ölkələrində iqtisadi geriləmələr olsa da, Naxçıvanda ümüumi daxili məhsul istehsalı 2019-cu illə müqayisədə 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub. Onun bir nəfərə düşən həcmi 6 min 310 manat təşkil edib ki, bu da 2019-cu ildəki göstəricidən 1,8 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşüb. Ötən il sahibkarlara 30 milyon 909 min manat kredit verilib, 119 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.

Muxtar Respublikanın İqtisadiyyat nazirliyindən bildirdilər ki, sahibkarlığın hazırkı inkişaf səviyyəsinin nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Başqa bir statistik məlumata nəzər salanda görürük ki, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, 2020-ci ildə muxtar respublikada keçən illə müqayisədə, 4,6 faiz çox olmaqla, 537 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Onu da vurğulayım ki, son illər Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində onlarla dövlət proqramı qəbul edilərək vaxtında icra olunub.

Xüsusilə, nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayıb, üç tərəfdən düşmənlə əhatə olunub, o zaman bu diyarda iqtisadiyyatın, xüsusilə, sənaye və kənd təsərrüfatının inkişafının nə qədər böyük əhəmiyyətə malik olduğunu yenidən xatırlatmağa ehtiyac qalmır. Bütün sənaye, xammal, kənd təsərrüfatı ehtiyatlarının hərəkətə gətirilməsinin, düzgün iqtisadi əsaslandırma və idarəetmənin nəticəsidir ki, respublika yaşayır, güclənir və uğurlu inkişaf yolunu davam etdirir.

Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənib

Naxçıvan Ordusu bu gün güclü Ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji əhəmiyyətə malik bir yerdə yerləşir. Dünyanın görkəmli dövlət xadimlərindən olan Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də, bu amil həmişə üstün yer tutub. Bəlkə də elə bu mənada müdrik insan, dahi rəhbər siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və inkişafına xüsusi qayğı və diqqət göstərib. Bu amil də torpaqlarımıza zaman-zaman göz dikən bədxah və işğalçı erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmalarında önəmli rol oynayıb. Vətən müharibəsində Naxçıvan ordusunun qəhrəmanlığı bir daha təsdiq etdi ki, qədim diyarda yaradılan hərbi lisey, müntəzəm keçirilən hərbi-döyüş təlimləri, alınan ən müasir silah və texnikalar yalnız bir hədəfə hesablanmışdı: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, Naxçıvanın möhkəm müdafiəsinə. Prezident, Ali Baş Konmandan İlham Əliyevin qətiyyəti ilə şanlı ordumuzun işğal altındakı torpaqları azad etməsindən sonra imzalanan birgə bəyanatda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru və dəmir yol əlaqəsinin bərpasına başlanılacaq. Münaqişəyə birbaşa aid olmasa da, müzəffər Ali Baş komandanın təkidi ilə qəbul edilən müvafiq bənd həm Naxçıvanın, həm də bütövlükdə ölkəmizin və regionun iqtisadi inkişafı baxımından çox əhəmiyyətlidir.

Naxçıvanın sənaye və kənd təsərrüfatı məhsullarının, sement, üzlük daşlar, kərpic kimi tikinti materiallarının xarici bazarlara rahat çıxışı üçün yaxşı imkanlar açılır. Naxçıvan həm də öz iqtisadi və insani imkanları, yüksək tikinti və iqtisadi təcrübəsi ilə Qarabağın yenidən qurulmasına da öz töhfəsini verə biləcək. O da vurğulanmalıdır ki, Naxçıvan Azərbaycanın tarixi abidələr və təbiət muzeyidir. Qədim diyarda 1200-dən artıq tarixi abidə var və onların əkəsriyyəti bərpa olunub. Yeni reallıqlar Naxçıvanda beynəlxalq və daxili turuzmin yüksək sürətlə inkafı ilə də şərtlənəcək.

“Türk qapısı” yeni logistik mərkəzə çevrilir.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 100 il əvvəl Naxçıvanı “Türk qapısı” adlandıraraq, Türkiyənin bu bölgəyə verdiyi strateji önəmi ifadə edib. Bu qapı Türkiyənin Azərbaycana və Orta Asiyaya, Rusiyaya açılan qapısıdır. Noyabrın 10-da Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd isə iki qardaş ölkənin əlaqələri və bölgənin inkişafı baxımından Muxtar Respublikanın tarixində yeni bir səhifə açır. Artıq Muxtar Respublikanı Azərbaycanın əsas hissəsinə birləşdirəcək dəmir yolunun bərpası ilə bağlı ölkə Prezidenti tərəfindən müvafiq göstərişlər verilib. Yeni avtomobil yolunun çəkilməsi planlaşdırılıb. Türkiyədə isə Bakı-Tbilisi-Qars dəmir yolunu Naxçıvana  bağlayacaq Qars-İğdır-Naxçıvan xətti ilə bağlı  real addımlar atmaqdadır. Bütün bunlar isə indiyə qədər beynəlxalq nəqliyyat magistrallarından kənarda qalan Naxçıvanı onların mühüm halqasına çevirəcək, tranzit imkanlarını xeyli artıracaq.

Ekspertlərin fikrincə, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpa edilməsi Azərbaycan-Türkiyə starateji əməkdaşlığında yeni istiqamət yaradacaq. Bu kommunikasiya xüsusilə, iki ölkənin kiçik və orta biznesinin inkişafında mühüm rol oynayacaq. Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyaların bərpası Azərbaycanla Türkiyə arasında Gürcüstandan keçən yolla müqayisədə 343 kilometr daha qısa alternativ dəmir yolu və avtomobil yolu imkanı yaradacaq. Bu isə təkcə iki ölkə arasında yox, həm də Türkiyə ilə Mərkəzi Asiya dövlətləri, hətta Avropa ilə Asiya arasındakı yükdaşımaları sərfəli edəcək. Beləliklə, Mustafa Kamal Atatürkün böyük önəm verdiyi, ümummilli lider Heydər Əliyevin daima qayğı və diqqət göstərdiyi Naxçıvanın tarixində yeni inkişaf mərhələsi başlayır. Düz 100 ildir ki, qədim Azərbaycan torpağı Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru əlaqəsi kəsilmişdi. İkinci Qarabağ savaşının – Vətən müharibəsinin Qələbə ilə başa çatması Naxçıvanla quru sərhədini artıq bərpa etməkdədir.

Yeni yaradılacaq dəhliz  Muxtar Respublikada biznesin inkişafını sürətləndirəcək.

Sovet dövründə Zəngilanın Mincivan qəsəbəsi vasitəsilə dəmir yolu xətti var idi. 30 il idir ki, Naxçıvan blokada vəziyyətinə salınmışdı. İndiyədək Naxcıvanda  yaşayan, fəaliyyət göstərən sahibkarlar istehsal etdikləri məhsulları ya hava yolu, ya da İran ərazisindən istifadə etməklə ölkənin digər şəhər və rayonlarına çatdırırdılar. Təbii ki, bu, əlavə xərc, vaxt itkisi, əzab-əziyyət deməkdir. Yeni yaradılacaq dəhliz isə ilk növbədə Muxtar Respublikada biznesin inkişafını sürətləndirəcək. Bu həm Naxçıvan, həm də Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik bir layihə olacaq. Layihənin əhəmiyyəti bununla yekunlaşmır. O, daha böyük, daha qlobaldır. Çünki Azərbaycan beynəlxalq nəqliyyat dənizlərinin qovşağında yerləşir. Həm şimal-cənub, həm də qərb-şərq nəqliyyat dəhlizləri məhz Azərbaycandan keçir. Yeni dəhliz vasitəsi ilə azərbaycanlı iş adamları istehsal etdikləri məhsulları Türkiyəyə, oradan da Avropa bazarlarına ixrac edə biləcəklər.  Qeyri-neft ixracatının artması ölkəyə daha çox valyutanın axınına imkan verəcək. Eyni zamanda şimal-cənub nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycanın xüsusi töhfəsi var. Bu isə Azərbaycanın tranzit yük daşınmalardan gəlirlərinin artmasına imkan verəcək.

Türkiyə ilə iqtisadi əlaqələr daha da inkişaf edəcək.

Xüsusilə, Çin, Orta Asiya ölkələrinin Türkiyə və Avropa bazarlarına çıxışında bu layihə əhəmiyyətli rol oynayacaq. Ölkəmiz ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə böyük töhfə verəcək. Çünki qardaş ölkə öz məhsullarını daha qısa olan Naxçıvan dəhlizi vasitəsilə İrana, Rusiya, eləcə də digər Orta Asiya ölkələrinə ixrac edəcək. Bütün bunlarla yanaşı, regionda səfərlərin sayının artması, yuxarıda qeyd etdiyimiz kimi,  turizmin inkişafını da sürətləndirəcək.

Bir sözlə, yeni nəqliyyat dəhlizinin yaradılması siyasi, strateji və iqtisadi uğurdur. Azərbaycanın mövqeyinin daha da güclənməsinə xidmət edəcək tarixi uğurlardan pay alan qədim diyar Naxçıvan dəyişir, inkişaf edib çiçəklənir…

Röya Bənənyarlı, Azərbaycan Televiziyasının əməkdaşı

 Bakı-Naxçıvan-Bakı

Gununsesi.org

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR