07 Mart 2021, Bazar

Yüksəkliyə can atmaq insanın təbiətindəndir. O, dünyaya gəldiyi andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə can atır. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Torpaq uğrunda canını fəda edən Vətən övladı, əslində, ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?!

Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır.

Vətəni Vətən edən qana bulanmış torpaqdır! Bu fikrin düzgünlüyünü Azərbaycan Respublikasının şərəfli azadlıq tarixi bizə sübut etmişdir. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz müstəqilliyi uğrunda mübarizəyə qalxmış, Azadlıq meydanında birləşmiş xalqımızın səsini boğmaq, onları öz haqlarından məhrum etmək üçün dağılmaqda olan SSRİ-nin Qızıl ordu adlandırılan “xilaskar ordusu”, “sülh ordusu” ağır texnika ilə silahlanaraq Bakıya yeridilmişdir. Bakı dəhşətli anlar yaşamışdır. Günahsız insanlar qətlə yetirilir, evlər gülləbaran edilir, küçələr dağıdılır, körpələri atəş səsləri diksindirir, igidlər şəhid olur, yaralılar çətinliklə xəstəxanalara çatdırılırdı. Matəmə bürünən, lakin səbirli olan xalqımız, bütünlükdə, ayağa qalxdı. Günahsız şəhidlərin dəfn günündə “sülh ordusu” qoşunlarının qarşısında xalqımız qorxmadan, şəhidlərin tabutlarını çiyinlərinə alaraq Dağüstü parka doğru axışdı.
20 Yanvar şəhidləri xalqın müstəqilliyini canı ilə qazanıb, tarixini qanları ilə yazdılar. İllər, qərinələr keçməsinə baxmayaraq, onlar xalqın yaddaşından heç vaxt silinmirlər. Hər zaman dərin hörmət və minnətdarlıq duyğusu ilə anılırlar. 20 Yanvar dövlətimiz tərəfindən “Ümumxalq Hüzn Günü” kimi qəbul olunmuşdur. Xalqımız hər il yanvarın 20-də şəhidlərin xatirəsini yad edir, onların məzarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gedir.
I Qarabağ müharibəsində və Aprel döyüşlərində də minlərlə igidimiz öz canlarını Vətən uğrunda fəda etdi. Tarix yenidən təkrarlanmışdı, 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlandı. 44 gün davam edən döyüşlər ərzində Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli ordumuzun güclü döyüş taktikası Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan xalqı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı altında “Dəmir yumruq” kimi birləşərək yenilməz ordumuzun haqq davasına tam mənəvi dəstək oldu. Döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Bu şanlı qələbə bizi nə qədər sevindirdisə, ürəklərimizdə də bir o qədər iz qoydu. Minlərlə igidimiz və mülki vətəndaşlarımız şəhidlik adını qazandılar. Bu gün xalqımızın mərd oğulları Azərbaycan tarixini öz qanları ilə yenidən yazdılar.
Salatın Əsgərova, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov... Bütün bu şəhidlərimizi yalnız bir amal birləşdirdi: “Biz gəldi-gedərik. Təki Vətən yaşasın, Vətən sağ olsun!”
Biz bütün Azərbaycan xalqı olaraq öz məsuliyyətimizi dərk edirik. Şəhidlərimizin amalı qəlbimizdə möhkəm yer tutur. Biz hamımız bu müqəddəs amalı və şəhidlərimizin əziz xatirəsini qoruyub saxlamalı və yaşatmalıyıq. Bu gün mən bir Vətən övladı olaraq torpağıma göz dikən düşmənin şah damarını kəsməyə və Vətənim üçün öz canımdan keçərək şəhidlik zirvəsinə ucalmağa hazıram. Vətənimə, Azərbaycanıma layiqli olmaq mənim bu yurda, bu torpağa olan müqəddəs borcumdur.
Şəhidlik adını ucuz tutmayın,
Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın!
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına çıxdı şəhidlər!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Səma ƏSƏDOVA
Heydər Əliyev adına tam orta
məktəbin XI sinif şagirdi
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyi tərəfindən “Şəhidlər unudulmur” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR