07 Mart 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin 2020-ci ilin yekunu və qarşıda duran vəzifələrlə bağlı müşavirəsini xidmətin rəisi Əli Hüseynəliyev açaraq bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələri icra etmək məqsədilə şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün ötən il Çin Xalq Respublikasının istehsalı olan 6 ədəd “King-Long” markalı yeni avtobus və onlara aid ehtiyat hissələri alınaraq gətirilib. Bununla da muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 135 marşrut xəttində 313 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.

Qeyd edilib ki, hesabat dövründə ailə təsərrüfatı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulların Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına daşınmasına köməklik göstərilməsi məqsədilə iyul ayından etibarən hər həftənin şənbə günləri Şərur-Naxçıvan və əks istiqamətdə iritutumlu avtobuslar fəaliyyət göstərməyə başlayıb, ümumilikdə, 683 ailə təsərrüfatçısına məxsus 11 min 350 kiloqram kənd təsərrüfatı məhsulları yarmarkaya daşınıb. Bu işlərin davamı olaraq avqust ayının 31-dən etibarən Naxçıvan-Culfa-Ordubad və əks-istiqamətdə iritutumlu avtobuslarla sərnişindaşıma xidməti təşkil edilib.
Vurğulanıb ki, 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan şəhərində məskunlaşmanın sıx olduğu ərazilərdən sayılan Xətai və 21-ci məhəllə sakinlərinin ictimai nəqliyyata olan tələbatını asanlaşdırmaq məqsədilə 9 nömrəli marşrut fəaliyyətə başlayıb, iyun ayının 1-dən etibarən isə şəhərdaxili nəqliyyatda mikrorayonla Sahil Parkını birləşdirən mövsümi 10 nömrəli marşrut xətti istifadəyə verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev ötən ilin yekunları və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, hesabat ili ərzində agentlik şura ilə birlikdə din xadimlərinin biliklərinin artırılması, həmçinin dini təhsil almağa meyilli olan sakinlər üçün Naxçıvan şəhər “Sarvanlar”, Babək, Şərur, Ordubad və Şahbuz şəhər məscidlərində qadın və kişilərdən ibarət müvafiq təkmilləşdirmə kursları təşkil edib. Hazırda 81 nəfər təkmilləşdirmə kurslarında iştirak edir. Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirib. Naxçıvan Muxtar Respublikasından 52 nəfər xarici ölkələrdə yerləşən ziyarətgahları ziyarət edib. Belə ki, 25 nəfər İran İslam Respublikasının Məşhəd, 27 nəfəri isə Kərbəla şəhərində ziyarətdə olub.
Vurğulanıb ki, agentlik tərəfindən Dinşünaslıq ixtisası üçün yaradılmış kitabxanaya 300 ədədə yaxın dini təyinatlı ədəbiyyat verilib, eləcə də kitabxananın zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılıb. 20 ok­tyabr 2020 tarixində Dinşünaslıq ixtisasına yeni qəbul olmuş tələbələrlə görüş keçirilib, onlara bu ixtisasın xüsusiyyətlərindən və əhəmiyyətindən bəhs edilib.
Agentlik əməkdaşları da ixtisaslarına uyğun olaraq Dinşünaslıq ixtisasında təhsil alan tələbələrin tədris məşğələlərində yaxından iştirak ediblər.
Məruzə ətrafında çıxışlar olub.

*  *  *

2020-ci ildə görülən işlər və 2021-ci ildə qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən iclası şuranın sədri Anar İbrahimov açıb. Bildirib ki, Həmkarlar İttifaqları Şurası bu ilin mart ayında şuranın tabeliyində olan muxtar respublika şəhər (rayon) Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və ilk təşkilatların fəaliyyətinə yenidən baxıb, şurada struktur dəyişikliyi aparılıb, komitələrin və ittifaq üzvlərinin say tərkibində yol verilmiş nöqsanlar aradan qaldırılıb.
Qeyd olunub ki, hazırda Naxçıvan Muxtar Respublikası Həmkar­lar İttifaqları Şurasının tabeliyində 6 muxtar respublika, 10 şəhər (rayon) Birləşmiş Həmkarlar İttifaqı və 757 ilk təşkilat fəaliyyət göstərir. Şura 45 min 894 ittifaq üzvünü öz ətrafında birləşdirir ki, onlardan 23 min 97-si qadın, 22 min 797-si kişidir. Gənc ittifaq üzvlərindən qadınların say tərkibi 5675, kişilərin say tərkibi isə 4109-dur. Ötən il gənclərin həmkarlar ittifaqlarında ilk təşkilatın sədri kimi məsul vəzifələrə irəli çəkilməsi də diqqət mərkəzində saxlanılıb. Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası əməkçi insanların sosial-iqtisadi və hüquqi mənafelərinin qorunmasına da xüsusi diqqət yetirib, 16 aprel 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Həmkarlar İttifaqları Şurası və Sahibkarlar Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanıb. Muxtar respublika, şəhər (rayon) Birləşmiş Həmkarlar İttifaqı komitələri öz tabeliyində olan təşkilatlarda kollektiv əmək müqaviləsi bağlanmasına nail olub, üzvlük haqlarının yığılmasına nəzarəti gücləndirib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən iclasda fondun sədri Əli Quliyev çıxış edib. Bildirilib ki, 2020-ci ildə muxtar respublikanın sosial-iqtisadi həyatında qeydə alınan inkişaf Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin gəlir və xərcləri üzrə proqnoz göstəricilərinin də yerinə yetirilməsinə müsbət təsir göstərib. Fondun xəzinə hesabına 112 milyon 489 min manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 18 milyon 839 min manat, 2019-cu ildə yığılan vəsaitdən isə 34 milyon 682 min manat çoxdur. Ümumilikdə isə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 62,2 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb. Həmçinin fond büdcəsinin xərcləri 183 milyon 880 min manat icra olunub ki, bu da 2019-cu illə müqayisədə 31 milyon 882 min manat, yaxud 21,0 faiz çoxdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 180 milyon 696 min manat vəsait yönəldilib ki, bu da əvvəlki illə müqayisədə 31 milyon 530 min manat, yaxud 21,1 faiz çoxdur. 176 milyon 708 min manat pensiya, 3 milyon 988 min manat isə sosial sığorta üzrə müavinətlərin ödənilməsinə ayrılıb. Məcburi dövlət sosial sığortası üzrə müavinətlərin ödənilməsinə ayrılan vəsaitdən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 236 min 600 manat, hamiləliyə və doğuma görə 1 milyon 416 min 500 manat, uşağın anadan olmasına görə 708 min 700 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 530 min 900 manat, dəfn üçün 1 milyon 95 min 300 manat xərclənib. 2020-ci il ərzində bank xidmət haqqı və plastik kartların dəyərinin ödənilməsinə 906 min manat, fondun aparatı və onun yerli orqanlarının saxlanılmasına isə 2 milyon 278 min manat xərclənib.
Vurğulanıb ki, pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin tamamlanması üçün 75 milyon 402 min manat dotasiya alınaraq yerli şöbələrə göndərilib.
Məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Dövlət Texniki Kollecində “2020-ci ilin yekunları və 2021-ci ilin qarşıda duran vəzifələri” mövzusunda keçirilən tədbiri kollecin direktoru Asəf Ruşanov açaraq geniş məruzə ilə çıxış edib.
Qeyd edilib ki, ötən il kollecdə 6 fənnbirləşmə komissiyası, 3 laboratoriya, 12 fənn kabinəsi fəaliyyət göstərib. Dərslərin laboratoriya şəraitində aparılmasına üstünlük verilib, əksər dərslər isə kabinə şəraitində keçirilməklə tələbələrin əyani vəsaitlərdən istifadə etməsinə şərait yaradılıb. Hesabat dövrü ərzində kollecdə 8 ixtisas üzrə kadr hazırlığı aparılıb, 59 açıq dərs keçilib, burada çalışan elmi dərəcəli müəllimlər tərəfindən muxtar respublika ümumtəhsil məktəblərində 12 saat nümunəvi dərs tədris olunub.
Bildirilib ki, ötən ilin aprel-iyun aylarında tələbələrin dərs materiallarını yaxşı mənimsəmələri, onlar tərəfindən yaranmış sualların cavablandırılması və mövzular ətrafında geniş izah vermək məqsədilə fənn müəllimləri tərəfindən fənlər üzrə dərslərin onlayn şəkildə tədrisi aparılıb. Kollecdə elektron təhsilin tətbiqi daim diqqət mərkəzində saxlanılaraq muzeylərlə kollec arasında distant təhsil prosesi davam etdirilib, 9 onlayn dərs keçilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamının icrası ilə əlaqədar kolleclə muxtar respublikada fəaliyyət göstərən müvafiq hami təşkilatlar tərəfindən birgə hazırlanmış tədbirlər planına uyğun olaraq 21 açıq dərs keçilib. Eyni zamanda kollecin Baytarlıq ixtisası üzrə təhsil alan tələbələri üçün praktik dərslər onlayn pro­qramlar vasitəsilə təşkil edilib, Dövlət Baytarlıq Xidmətinin bazasından istifadə edilərək 14 açıq dərs və treninq keçilib. Ötən dövr ərzində kollecin tələbələri istehsalat təcrübəsində iştirak edib, təcrübələr bitdikdən sonra buraxılış qruplarında təhsil alan tələbələr dövlət imtahanına buraxılmış və nəticələrə əsasən 6 ixtisas üzrə 7 qrupda 99 nəfər tələbəyə subbakalavr ixtisas dərəcəsi verilib ki, onlardan da 10 nəfəri fərqlənmə diplomuna layiq görülüb.
Diqqətə çatdırılıb ki, ötən il kollecin 140 nəfər məzunu ali təhsil müəssisələrinə sənəd verib, onların 73 nəfəri respublikanın nüfuzlu ali məktəblərinə qəbul olunub. Həmçinin kollecdə 5 idman növü üzrə 5 idman klubu yaradılıb, 21 tələbə təhsil haqqı xərclərindən azad olunub, kollecin 26 nəfər tələbəsinin təhsil xərcləri Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən ödənilib.
Məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR