07 Mart 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri cənab Vasif Talıbovun akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq yanvarın 21-də AMEA Naxçıvan Bölməsində  “Akademik İsmayıl Hacıyev – 70” mövzusunda yubiley tədbiri keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Bilik Fondunun sədr müavini Surə Seyid çıxış edərək bildirib ki, İsmayıl Hacı­yev Naxçıvanda yaşayıb-yaradan alimlər içərisində öz elmi məktəbini yarada bilib. Elmi rəhbərliyi ilə 9 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanıb. Rəhbərlik etdiyi dissertasiya şurasında 120-dək iddiaçı dissertasiya müdafiə edərək elmi dərəcələr alıb. O, müxtəlif illərdə Rusiya, Türkiyə, İran İslam Respublikası, İngiltərə, Polşa, Misir Ərəb Respublikası, Çexiya, Cənubi Koreya, Tunis, İtaliya və digər ölkə­lərdə keçirilən elmi tədbirlərdə iştirak edib, əsərləri müxtəlif dillərdə çap olunub. 

Qeyd edilib ki, akademik İsmayıl Hacıyevin elmi fəaliyyətində tarixşünaslıq elmini, Vətən tarixi, eləcə də Naxçıvanşünaslığı özünə elmi istiqamət kimi seçməsi tədqiqatçı- alim kimi yetişməyində əsas rol oynayıb. Bundan başqa, o, Azərbaycan ədəbiyyatı, toponimika, iqtisadiyyat, arxeologiya, etnoqrafiya, sənət­şünaslıq kimi sahələrdə də axtarışlar aparıb, məqalələr nəşr etdirib. İsmayıl Hacıyevin Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan haqqındakı tədqiqatları, ilkin şəhər mədəniyyətinin yaranması və formalaşması haqqındakı fikir və mülahizələri sivilizasiyaların tarixinə həsr edilmiş qiymətli elmi mənbələrdir. Dünyanın bir sıra ölkələrində keçirilən 60-dan artıq simpozium və konfransların iştirakçısı olan İsmayıl Hacıyev həm də nüfuzlu elm qurumlarının və xarici jurnalların redaksiya heyətinin üzvüdür. 2001-ci ildə ABŞ-ın Bio­q­rafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülən, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə “Dialoq Avrasiya Platforması”na və “Dialoq Avrasiya” jurnalının redaksiya heyətinə üzv seçilən akademik İsmayıl Hacıyev 2010-cu ildə ABŞ Bioqrafiya İnstitutunun Qızıl Medalı ilə təltif olunub. Akademik İsmayıl Hacıyevin elmi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, çoxcəhətli və səmərəli fəaliyyətinə görə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. 2011-ci ildə akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanına layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Sərəncamı ilə muxtar respublikada elm sahəsində səmərəli fəaliyyətinə görə akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilib.
Konfransa onlayn şəkildə qoşulan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alim İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə Tədbirlər Planının təsdiq olunmasını, ümumilikdə, muxtar respublikada elm sahəsinə, onun gələcək perspektiv inkişafına verilən yüksək qiymət olduğunu vurğulayıb. Qeyd edib ki, akademikin elmi axtarışları, bu sahədə əldə etdiyi zəngin tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyəti də təqdirəlayiq və çoxcəhətlidir. Elmə, təhsilə böyük sevgisi, zəhmətsevərlik, tarixi keçmişimizi öyrənmək həvəsi, qazandığı zəngin təcrübəsi İsmayıl Hacıyevin Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor və tədris işləri üzrə prorektor vəzifələrində uğurla çalışmasına zəmin yaradıb. Görkəmli alimin Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərməsi, Azərbaycanın tarixi coğrafiyası, XVIII-XX əsrlər Azərbaycan tarixi fənlərinin tədrisini aparması, hazırladığı bir sıra dərs və tədris vəsaitləri onun uğurlu pedaqoji fəaliyyətinin göstəriciləridir.
Akademik İsmayıl Hacıyevin elmi fəaliyyətini xarakterizə etdikdə aydın olur ki, o, hər şeydən əvvəl, Azərbaycan tarixinin müxtəlif problemləri ilə əlaqədar uğurlu və ciddi tədqiqatlar aparan zəhmətkeş alimdir. Görkəmli alim ayrı-ayrı dövrlərdə apardığı tədqiqatlarda Azərbaycan tarixinin ən müxtəlif problemləri ilə məşğul olub, bir sıra məsələlərin ilk tədqiqatçısı kimi tariximizə elmi yeniliklər gətirib, yorulmaz, gərgin əməyi sayəsində arxivlərdən əldə etdiyi dəyərli sənədlər əsasında mübahisəli və qaranlıq məsələləri aydınlaşdırıb, özünəxas təhlil süzgəcindən keçirib, müqayisələr apararaq nəticələrə varmağı bacarıb. 1999-cu ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını Naxçıvan Muxtar Respublikasının Azərbaycanın milli dövlətçilik tarixində yeri məsələsinə həsr edən İsmayıl Hacıyev mövzu üzərində araşdırmalarını sonrakı illərdə də uğurla davam etdirib, tədqiqatlarının nəticəsi olaraq 2018-ci ildə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı mükəmməl monoqrafiya ərsəyə gətirib. Elmi ictimaiyyət və geniş oxucu auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanan əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının mükafatına layiq görülüb.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, Azərbaycançılıq ideologiyasının təbliği, ictimai və humanitar elmlərin, o cümlədən tarixşünaslıq elminin, ictimai fikrin, Naxçıvanşünaslıq elminin, müasir Azərbaycan cəmiyyətinin inkişafına şərəf və məsuliyyətlə xidmət edən İsmayıl Hacıyevin elmi fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, nəzəri irsinin tədqiqi mühüm mərhələ təşkil edir. Onun müxtəlif vaxtlarda nəşr etdirdiyi monoqrafiyaları və çoxsaylı məqalələri bu barədə zəngin baza xarakteri daşıyan sanballı əsərlərdir ki, bu tədqiqat işləri bir növ görkəmli alimin milli dövlətçilik tariximizin dərindən araşdırılaraq öyrənilməsi yolunda atdığı mütərəqqi addımların davamı kimi də xüsusi dəyərləndirilir və çox qiymətli mənbə rolunu oynayır.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Akademik İsmayıl Hacıyev görkəmli elm təşkilatçısı kimi”, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva “Naxçıvan elm məktəbinin akademik nümayəndəsi”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov “Akademik İsmayıl Hacıyev tarixçi alim və pedaqoq kimi”, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvanşünaslığın tədqiqi və təbliğində İsmayıl Hacıyevin rolu” mövzularında çıxışlar ediblər.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən elm siyasətindən, bu sahədə əldə olunan uğurlardan, elmi nailiyyətlərdən geniş bəhs edib, yubileyinin keçirilməsinə, əməyinə verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

“Şərq qapısı”

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR