20 Aprel 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Muxtar respublikanın yaradılması Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etmiş və xalqımızın həyatında əlamətdar hadisəyə çevrilmişdir.
XX əsrin 20-ci illərində Naxçıvan diyarı çox çətin və mürəkkəb hadisələrlə qarşılaşmış, Zəngəzurun itirilməsi ilə Azərbaycandan ayrı düşmüş, məkrli düşmənimiz olan erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atmışlar. Lakin qəhrəman naxçıvanlılar bölgənin işğal edilməsinə yol verməmiş, onu qoruyub saxlamış və Azərbaycanla birləşməsinə nail olmuşlar.

Hadisələri çətinləşdirən ən mühüm cəhətlərdən biri də bir sıra iri kapitalist dövlətlərinin tutduqları mövqe, Naxçıvan diyarının Ermənistana verilməsi üçün müxtəlif yollardan istifadə etmələri idi. Bu dövlətlərdən biri general-qubernatorluq yaratmaqla, başqa birisi bitərəf, yaxud neytral zona formalaşdırmaqla, üçüncüsü isə torpaqları güzəşt etməklə Ermənistanı sovetləşdirmək yolunu tuturdular. Ermənilərin fikirləri bu idi ki, Cənubi Qafqazda inzibati ərazi bölgüsü aparılarkən onlara az pay düşmüşdür. Lakin başa düşmək istəmirdilər ki, ərazilərin əsl sakinləri və sahibləri azərbaycanlılardır.
XX əsrin 20-ci illərində bolşevik Rusiyasının da məqsədi başqa dövlətlər kimi, Naxçıvanı Ermənistana vermək, bununla türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək idi. Erməni daşnakları isə yaranmış şəraitdən istifadə edərək Azərbaycanın bir sıra torpaqlarını “böyük Ermənistan”a qatmaq siyasəti aparmışlar. Onların bu niyyətlərində Naxçıvanın zəbt edilməsi ilk planda dururdu. Ermənilər açıq-aşkar bildirirdilər ki, “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz”.
Qəhrəman naxçıvanlılar erməni basqınlarını mərdliklə cavablandırmış, məkrli düşmənlərin niyyətlərinin reallaşmasına imkan verməmişlər.
Naxçıvanlıların qəhrəmanlığından bəhs edən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli Azərbaycan parlamentindəki çıxışında demişdir: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar”.
Ermənistanın Naxçıvana olan iddialarının artdığı bir dövrdə – 1918-ci il iyulun 7-də Kazım Qarabəkir Paşanın başçılığı ilə türk ordusu Naxçıvana gəldi və erməni özbaşınalığının qarşısını almaq üçün yerli əhaliyə kömək göstərdi. Lakin Birinci Dünya müharibəsində məğlub olduqlarına və Mudros müqaviləsinin şərtlərinə görə, türk qoşunları Azərbaycanı, eləcə də Naxçıvanı tərk etməli oldu.
Naxçıvanlılar bu diyarı erməni işğalından qorumaq üçün 1918-ci il noyabrın 18-də Araz-Türk Cümhuriyyəti adlı respublika yaratdılar. Əmir bəy Nərimanbəyovun rəhbərlik etdiyi hökumətin tərkibi 6 üzvdən ibarət idi. Mehridən başlamış Sərdarabada qədər olan 8,7 min kvadratkilometr respublikanın ərazisi idi. Bu cümhuriyyətin yaradılmasında başlıca məqsəd bölgənin erməni işğalı altına düşməsinə imkan verməmək idi. Qısa müddətdə 20 tabordan, 500 nəfərlik süvari alaydan ibarət hərbi qüvvələr yaradılmışdı. Respublika əhalisinin öz müstəqilliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqları müdafiə edən könüllü dəstələr işğalçıları təkcə darmadağın etmir, eyni zamanda İrəvanın özünü qorxuya salırdı. III Kalbalı xanın rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər. Bunu Ermənistan Respublikasının ilk baş naziri O.Kaçaznuni 1923-cü ildəki çıxışında açıq etiraf etmişdir.
Naxçıvanın müdafiəsində Araz-Türk Cümhuriyyətinin qüvvələri ilə yanaşı, Cəfərqulu xan, Rəhim xan, III Kalbalı xan, Kərim xan, Bəhram xan və yerli ziyalıların çox böyük xidmətləri olmuşdur.
İngilislər və amerikalılar Naxçıvanı erməni “idarəçiliyinə” vermək üçün çox canfəşanlıq göstərdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyəti, Müsəlman Milli Şurası və Naxçıvan əhalisi buna imkan vermədilər.
Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvan general-qubernatorluğunu yaratdı. İlk əvvəl general-qubernator Bəhram xan Naxçıvanski, sonra isə Səməd bəy Cəmillinski oldu.
1920-ci ilin aprelində Azərbaycanda bolşevik hakimiyyəti yaradıldı. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edildi və Hərbi İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan Hərbi İnqilab Komitəsinin sədri M.Bektaşov Azərbaycan SSR XKS-nin sədri Nəriman Nərimanova belə bir məktubla müraciət etdi: “Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir”.
Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli mövqeyi və mübarizəsi ermənilərin Naxçıvanla bağlı planlarını pozdu. Bu işdə iri dövlətlər də onlara kömək göstərə bilmədilər. Məkrli niyyətlərini hələlik pərdələyən ermənilər və Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil sovet respublikası kimi tanımış və bu diyar ilə əlaqədar iddialarından imtina etmişdir.
Naxçıvan diyarının əhalisi özlərini Azərbaycandan ayrı təsəvvür etmirdilər. Onlar hələ o vaxt öz qəti fikirlərini belə ifadə etmişdilər: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”. N.Nərimanov və onun yaxın silahdaşlarının qəti mövqeyi və prinsipiallığı sayəsində Naxçıvanı Ermənistana birləşdirmək cəhdi baş tutmadı. 1921-ci ilin yanvarında keçirilən rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizi diyarın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasında B.Şahtaxtinskinin də böyük əməyi və tarixi xidmətləri olmuşdur. O Leninə göndərdiyi məktub, teleqram və arayışlarda Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Beləliklə, referendumun nəticəsi, B.Şahtax­tinskinin təklifi, Türkiyə tərəfinin ədalətli yanaşması ilə Naxçıvan üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi və Naxçıvanın Azərbaycanın tərkibində qalması ilə nəticələndi. 1921-ci il martın 16-da Siyasi Büro Azərbaycanın himayəsində Naxçıvan Sovet Respublikasının təşkili barədə qərar qəbul etdi və həmin gün imzalanan Moskva müqaviləsinin 3-cü maddəsində də bu cəhət öz əksini tapdı: “Naxçıvan vilayəti bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.
1921-ci il oktyabrın 13-də Azərbaycan, Gürcüstan, Ermənistan SSR ilə Türkiyə arasında Rusiya nümayəndəsinin iştirakı ilə imzalanan Qars müqaviləsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini bir daha təsdiqlədi və onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdir – bunlar Türkiyə, Azərbaycan, Ermənistan hökumətləri idi.
1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr getmişdi. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti – geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan aralı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1923-cü il iyunun 16-da Naxçıvan muxtar diyar adlandırıldı. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyası və sonrakı konstitusiyalarla təsbit edildi.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə – 1992-ci ilin mart və avqust aylarında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirmişdir. Dahi rəhbər dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməklə, Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etməklə Ermənistanın ilk və ən böyük beynəlxalq siyasi məğlubiyyətə uğramasına nail olmuşdur.
Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir...”
Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlandı və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Konstitusiyanın birinci maddəsində göstərilir: “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır... Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir”.
Ulu öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Naxçıvanın muxtariyyət statusunun ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğunu bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.
Ümummilli lider, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaratmış və təmin etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu öndər Naxçıvan Muxtar Respublikasını inkişaf etmiş bir diyar kimi görmək istəyirdi. Bununla əlaqədar Prezident cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm...”
1995-ci ildən Naxçıvan Muxtar Respublikasına cənab Vasif Talıbov rəhbərlik edir. Son 25 ildə Naxçıvan Muxtar Respublikası blokada şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, hərtərəfli, dinamik və dayanıqlı inkişafa nail olmuşdur. Ali Məclis Sədrinin məqsədyönlü fəaliyyəti, qətiyyətli mövqeyi, yüksək idarəetmə bacarığı, Heydər Əliyev siyasətinə sədaqəti Naxçıvanın uğurlu inkişafını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası müdafiə, enerji və ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, gözəl bir diyara çevrilmişdir. Sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə elə böyük nailiyyətlər qazanılmışdır ki, əvvəllər bunlar ancaq arzu edilə bilərdi. Naxçıvan Muxtar Respublikası abad, səliqəli, gözəl bir diyara çevrilmiş, yollar abadlaşdırılmış, 2 min kilometrə qədər yeni asfalt yollar çəkilmiş, Heydər Əliyev Beynəlxalq Hava Limanı yaradılmış, 2 uçuş-enmə zolağı salınmış, 15 ildən artıqdır ki, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılmış, elektrik enerjisinin generalizasiya gücü 220 meqavata çatdırılmış, bunun böyük bir hissəsi alternativ və bərpaolunan enerji hesabına təmin edilmişdir. Naxçıvan enerji idxal edən respublikadan enerji ixrac edən diyara çevrilmişdir.
Yüksək dövlət qayğısı strategiyası işığında Naxçıvan böyük sürətlə, hərtərəfli şəkildə inkişaf edərək ölkəmizin ən inkişaf etmiş regionlarından biri səviyyəsinə çatmışdır. Təsadüfi deyildir ki, muxtar respublika Azərbaycanın regionları arasında 2017 və 2018-ci illərdə 18 parametr üzrə lider region səviyyəsinə yüksəlmişdir.
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2,9 milyard manatı ötmüş, 2019-cu illə müqayisədə 2020-ci ildə sənaye məhsulu 1,4, əsas kapitala yönəldilən vəsaitlər 1,1, kənd təsərrüfatı məhsulu 4,6, informasiya və rabitə xidmətləri 5,2 faiz artmışdır. 2020-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 510 milyon 547 min ABŞ dolları təşkil etmişdir.
Tarixin heç bir dövründə Naxçıvan indiki qədər güclü və abad olmamışdır. Muxtar respublikada ardıcıl olaraq həyata keçirilən möhtəşəm quruculuq prosesləri müstəqil Azərbaycanın yeni Naxçıvanını yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərlərində burada görülmüş işlərdən razı qaldığını dəfələrlə bildirmişdir: “...Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.
Beləliklə, Naxçıvanın muxtar respublika statusu qazanması və 97 illik inkişafı onun siyasi cəhətdən formalaşmasına, iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsinə çatmasına gətirib çıxarmışdır. Ona görə də bu status qorunmalı və inkişaf etdirilməlidir.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR