20 Aprel 2021, Çərşənbə axşamı

Nəqşicahan- Azərbaycanın Şərqə açılan qapısı, müasirliklə qədimliyin vəhdətində böyüdükcə gözəlləşən şəhər

9 fevral 1924-ci ildə  muxtariyyət verilən Naxçıvan inkişafının intibah dövrünü yaşayır.

Tarixi İpək Yolunun üzərində yerləşən, xalqımıza məxsus milli- mənəvi, zəngin təbii sərvətləri ilə məşhur olan, ilk yaşayış məskənlərindən sayılan Naxçıvan tarixi şəxsiyyətləri, elm xadimləri, sənətkarları ilə də tanınır.  Bu torpağın yetirməsi, dünya siyasətçiləri arasında müdrikliyi, uzaqgörənliyi ilə  seçilən  ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi   Azərbaycanın qədim, zəngin tarixə, mədəniyyətə və  çoxəsrlik dövlətçilik ənənələrinə  malik olan Naxçıvan diyarı  mürəkkəb və çətin inkişaf yolu keçmişdir: «Orta əsrlərdə Şərqin iri elm , mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı , işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir.»

Təbii sərvətləri,   yerləşdiyi əlverişli coğrafi mövqeyi ilə  yadellilərin diqqətini çəkən Naxçıvana   sahib çıxmaq istəyənlər bu  torpağın igid oğulları qarşısında təslim olmuş, bəd niyyətlərinə nail ola bilməmişlər.

SSRİ-nin cənub sərhədi sayılan Naxçıvan Azərbaycanın Şərqə açılan qapısı kimi mühüm əhəmiyyət daşıyıb.  Azərbaycan xalqını parçalayan  Gülüstan, Türkmənçay müqavilələrindən fərqli olaraq   Qars, Moskva   müqaviləsi ilə Türkiyəyə bağlanan Naxçıvanla eyni kökə, adət-ənənələrə  malik qardaş ölkə ilə əsrlərdən bəri davam edən əlaqələr daha da möhkəmlənmişdir.

Sovet hakimiyyəti dövründə  Naxçıvanla bağlı  münasibətlər birmənalı olmamışdır. Daşnakların  təzyiqi ilə Naxçıvanın Ermənistana birləşdirilməsi xəbərindən narahat olan Mustafa Kamal Atatürk  1921-ci ildə  Rusiya ilə Naxçıvan problemi ətrafında danışıqların aparılmasına nail olmuşdur. Bu münasibətlə  Rusiyaya göndərilən nümayəndə heyətinə  tapşırığı belə olmuşdur: « Naxçıvan türk qapısıdır. Bu xüsusi nəzəri –etibara alaraq əlinizdən gələni yapınız.» İmzalanmış Moskva anlaşmasında  Naxçıvanın Azərbaycanın tərkibində qalmasına ilkin razılıq əldə olunur. Türkiyənin Qars şəhərində imzalanmış müqavilədə  Moskvada əldə olunmuş razılıq təsdiqlənmiş və  daha da möhkəmləndirilmişdir. Qars müqaviləsini imzalayan Türkiyə,  Azərbaycan, Rusiya,  Gürcüstan və Ermənistan Naxçıvanın Azərbaycan Respublikasının tərkibində qalmasının zəruriliyini vacib hesab etmişlər. Beləliklə, 9 fevral 1924-cü ildə Azərbaycan Respublikasının tərkibində  Naxçıvan Muxtar Respublikası təşkil olunmuşdur. Bu isə  müstəqilliyə aparan tarixi nailiyyətlərdən biridir.

1990-ci  ildə Naxçıvana dönüşü ilə  ata-baba torpağının erməni işğalından qorunması üçün uzaqgörən siyasətinə və  xalqla birliyinə arxalanaraq əsl vətəndaş fədakarlığı göstərən ulu öndər Heydər Əliyevin Muxtar Respublika Ali Məclisinin Sədri kimi   müstəqilliyimizin əbədiliyi naminə həyata keçirdiyi  islahatların hər biri gələcəyə  hesablanmış tarixi missiyalardır.  17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin növbəti  sessiyasına  deputat kimi sədrlik edən Heydər Əliyev «Naxçıvan MSSR»-nin  adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Respublikası Cümhuriyyətinin üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərarın  qəbuluna nail olmaqla,  muxtar respublikanın Ermənistanın işğalından xilası naminə  tarixi  addımlar atdı. Naxçıvanda olarkən bütün Azərbaycan üçün gördüyü xidmətlərdən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən  işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi idi. 1992-ci ildə  Qars müqaviləsinin təzələnməsini tarixi hadisə adlandıran, xəyanətkar, siyasi, tarixi baxışları ilə Azərbaycanın varlığına  ağır zərbələr vuran  AXC-Müsavat iqtidarında təmsil olunan səritəsizlərin Naxçıvanın  muxtariyyatının ləğvi ilə bağlı sərsəmləmələrinə  etirazını «Mən ilk dəfə bununla  1992-ci ildə Naxçıvanda işləyərkən rastlaşdım. O vaxta qədər mən təsəvvür edə bilməzdim ki,  hansısa bir azərbaycanlı  Naxçıvanın muxtariyyatına  müxalif çıxsın» sözləri ilə  bildirən ulu öndər Heydər Əliyev 1924-cü ildə  əldə edilmiş o nailiyyəti tarixi hadisə  adlandırmışdır: «İndi görürsünüz, tarixi- nöqteyi nəzərdən çox ağır, gərgin bir  dövrdə Azərbaycan  torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyət verilmişdir. Amma bu gün xalq, millət, dövlət  qarşısında heç bir xidməti, heç bir səriştəsi olmayan cılız insanlar durub Naxçıvanın muxtariyyətinin əleyhinə çıxırlar. Hansı mənəvi haqla? Hansı hüquqla?.» Ümummilli lider Heydər Əliyev iki qardaş xalq arasındakı  münasibətlərin əbədiliyini «Bir millət , iki dövlət» sözləri ilə  təsdiqlədi. «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq» söyləyən ulu öndər Heydər Əliyevin muxtar respublikadakı fəaliyyətini, xidmətlərini Azərbaycanın müstəqilliyinin qorunmasına yönəlmiş önəmli dövr adlandıran Prezident İlham Əliyevin bildirdiyi kimi,  Ulu Öndər Naxçıvana diqqətlə yanaşırdı: «Ona görə yox ki,  burada anadan olmuşdu, bura onun Vətəni idi. Ona görə ki,  siyasi xadim kimi  Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü.»

Ötən əsrin sonlarında Ermənistan tərəfindən blokadaya alınan Naxçıvana Ulu Öndərin şəxsi nüfuzu sayəsində  qardaş Türkiyə və İrandan  verilən enerji, göndərilən ərzaq və sənaye məhsulları hesabına  çətin vəziyyətdən çıxan naxçıvanlılar Türkiyə ilə Naxçıvanı birləşdirən «Ümid» körpüsü vasitəsilə qardaş ölkəyə gediş- gəliş imkanı qazandılar . Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti  üçün  geniş imkanlara malik Naxçıvan hava limanı,  Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı.

«Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyət malik olan diyardır, eyni zamanda müasir şəhərdir… Naxçıvan muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verib» söyləyən Prezident İlham Əliyevin bu qədim diyara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublika gündən-günə çiçəkləndi, inkişaf etdi. Bütün sahələri əhatə edən quruculuq, abadlıq işləri sayəsində  müasirliklə qədimliyin vəhdətində böyüyən, böyüdükcə gözəlləşən   Naxçıvan intibah dövrünü yaşayır.  Ulu Öndərin yetirməsi, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun  Vətənə, torpağa  bağlılığı, ən əsası isə fədakarlığı nəticəsində Naxçıvan   Avropa şəhərləri ilə müqayisə oluna biləcək  səviyyədə modernləşib.  Tarixi abidələri, müalicəvi əhəmiyyətli suları, buz bulaqları, meşələri, təmiz havası ilə  qonaqları valeh edən muxtar respublika füsünkarlığı ilə  göz oxşayır.  Memarlıq abidələri olan  Mömünə xatın, Qarabağlar, Yusif ibn- Küseyir türbələrində, «Əshabul-Kəhf»  ziyarətgahında aparılan təmir bərpa işləri, Nuh peyğəmbərin qəbrinin üstündə ucaldılan abidə mənəvi irsimizə sahiblik nümunəsidir. C.Məmmədquluzadənin M.S.Ordubadinin, Y. Məmmədəliyevin ev muzeyləri tanınmış şəxsiyyətlərə ümumxalq hörmətidir.  Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşünın Şərq aləmində tanınan muxtar respublikada  keçirilməsi, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunması dünya sivilizasiyasına önəmli töhfələr vermiş, memarlıq abidələri bir çox ölkələri bəzəyən Əcəmi  sənətinə dəyərdir.

Naxçıvan iqtisadiyyatının ildən-ilə diqqəti cəlb edən səviyyədə inkişaf etməsi muxtar respublika rəhbərliyinin fədakarlığının, görülən işə  məsuliyyətlə yanaşmanın məntiqi nəticəsidir. Təbii sərvətlərdən səmərəli istifadə ilə  aparılan tikinti,  quruculuq işləri bu qədim diyara  özgə görkəm verir.  Abadlıq işlərində  yerli məhsullardan istifadə olunur. Yaradılan yeni sənaye müəssisələri, sosial obyektlər, özəl şirkətlər hesabına  işsizlik minimuma endirilib. İstehsal prosesi ən müasir texnologiyalar əsasında  təkmilləşən «Badamlı», «Sirab» mineral sular zavodlarının məhsulları MDB  ölkələrinə ixrac olunur. «Duzdağ»” fizioterapiya mərkəzinin xidmətindən istifadə edən xəstələr burada yaradılan şəraitdən razılıq edirlər. Sistemli və konseptual proqramlar əsasında  tətbiq olunan yeniliklər muxtar respublika sakinləri tərəfindən razılıqla qarşılanır.

Ölkəmizdə insanların məşğulluğu ilə bağlı həyata keçirilən tədbirlər, yeni iş yerlərinin yaradılması dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını  təsdiqləyir. Məşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur. Naxçıvan Muxtar Respublikasında da sosialyönümlü iqtisadi inkişafın təmin olunması ilə bağlı həyata keçirilən tədbirlər içərisində əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər mühüm yer tutur. Səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında məşğulluq sahəsində prioritet istiqamətlərin öyrənilməsi əhalinin rifahının yüksəldilməsində mütərəqqi əhəmiyyətə malikdir. Əhalinin sosial həyat tərzinin yaxşılaşdırılmasında ömənli yeri olan məşğulluq siyasətinin həyata keçirilməsi və uğurla nəticələnməsi muxtar respublika rəhbərliyinin daim diqqətdə saxladığı mühüm sosial  məsələdir. Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə aparılan islahatlar nəticəsində müxtəlif kateqoriyalara məxsus insanlar iş yerləri ilə təmin olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  Sərəncamı ilə təsdiq edilən «2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»”nın icrası isə görülən işlər uğurla nəticələnmişdir.  Proqramın tətbiqi ilə  muxtar respublikada 12 min 479 yeni iş yeri açılmış, əmək  resursları əhalinin istəklərinə və  daxili bazarın tələbinə uyğunlaşdırılmış, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbat sorğulara əsasən müəyyənləşdirilmiş və həllini tapmışdır. 2016-2020-ci illərdə məşğulluq orqanları tərəfindən, əsasən gənclər olmaqla 14 min 699 nəfər vakant iş yerlərinə göndərilmişdir. Kəndlər də daxil olmaqla  keçirilən əmək yarmarkalarına müraciət edənlərin əksəriyyətinin istəkləri yerinə yetirilmişdir.

Aktiv məşğulluq tədbirləri nəticəsində  yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi xüsusi önəm daşıyır. 2016-2020-ci illərdə kiçik və orta sahibkarlığın inkişafı məqsədilə  irəli sürülən layihələrin, təkliflərin reallaşmasına lazımi səviyyədə maliyyə dəstəyi göstərilmiş, yeni işə  başlamaq istəyənlər üçün müvafiq kurslar təşkil edilmişdir.

«Naxçıvan Biznes Mərkəzi»” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sahibkarlığa yeni başlamaq istəyənlər üçün kurslar,  seminarlar,  təlimlər təşkil edilmiş,   fərdi qaydalara uyğun məsləhətlər aparılmışdır. Məşğulluq xidməti orqanlarının əməkdaşları tərəfindən ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan  şagirdlərə əmək bazarının tələbinə uyğun  ixtisaslar barədə məlumatlar verilmişdir.. Həyata keçirilən bütün islahatların təməlində isə Prezident İlham Əliyevin daimi tövsiyəsi olan insana diqqət və qayğı amili dayanır. Gənclərin peşə təhsilinə diqqət artırıldığı kimi evdar qadınların məşğulluqla təmin olunmasına da diqqət artırılır. Beləliklə, ailə büdcəsinin  bazarın təklif və tələbatına uyğunlaşdırılması kimi günün aktual məsələsi olan problemlər vaxtında həllini tapır.

İcrası uğurla həyata keçirilən Dövlət proqramlarının məntiqi davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə «2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”»nın təsdiqi həyata keçirilən tədbirlərin davamlılığını təmin edəcəkdir”.  Bu əminlik onun nəticəsidir ki, son illərdə muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılmış, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılmışdır. Müasir zəmanəmizin bütün çağırışlarına tam cavab verən çoxşaxəli sənayenin dinamik inkişafında xüsusi önəm daşıyan yeni  müəssisələr fəaliyyətə başlamışdır. Sevindirici haldır ki,  daxili bazarın tələbatını ödəmək qabiliyyətində olan, ixracyönümlü məhsul  istehsal edən  müəssisələr çoxluq təşkil edir. Sahibkarlığın inkişafında dövlət dəstəyi mexanizmlərinin və təşviq alətlərinin tətbiqi, sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının sadələşdirilməsi özəl bölmənin inkişafını stimullaşdırmaqla yanaşı, istehsal prosesi zamanı sərf olunan vəsaitlərin azalmasına imkan yaradır. Bu da, öz növbəsində, məhsulun maya dəyərinin aşağı düşməsini təmin edir, rəqabətqabiliyyətliliyi yüksəldir.

Muxtar respublikada  aqrar sahənin inkişafına göstərilən diqqətin nəticəsidir ki, əhalinin kənd təsərrüfatı məhsullarına tələbatı daxili imkanlar hesabına  ödənilir. Süd məhsullarının istehsalı və qablaşdırılması, quşçuluq, arıçılıq, bağçılıq, əkinçilik inkişaf edir. Fermerlərin tələbatdan artıq istehsal etdikləri kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanılması üçün soyuducu anbarların, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanaların  yaradılması nəticəsində əhali bütün mövsümlərdə  keyfiyyətli ərzaq məhsulları ilə təmin olunur.

Sadalananlar muxtar respublikanın bugünkü iqtisadi inkişafına   xronoloji,  qısa nəzərdir.  Naxçıvanın sabahı daha gözəl olacaqdır.   Bunun üçün etibarlı  təminat vardır. 44 günlük Vətən  müharibəsinin bitməsi ilə əlaqədar ötən ilin noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı  bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının,  nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə  maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında  nəqliyyat əlaqəsi bərpa olunur. Yaranacaq dəhlizdən region dövlətlərinin istifadəsi üçün zəmin yaranır.  Ən əsası isə Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi yaranır.  Həmin dəhlizin bərpası ilə  region dövlətləri olan Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın, istəsə Ermənistanın birgə  istifadəsi bölgədə yeni reallıq və iqtisadi əməkdaşlıq üçün   sağlam mühit formalaşdırılır. Yaradılacaq bu şərait  ilk növbədə muxtar respublikanın iqtisadi, sosial inkişafı üçün şaxələnmiş, etibarlı təminatdır.

Xuraman İsmayılqızı

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR