11 Aprel 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib. Belə ki, “Naxçıvan Muxtar Respublikasında ictimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin, həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işçilərinin maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsinə dair qaydaların təsdiq edilməsi haqqında qərarlar qəbul olunmuşdur. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda dəyişiklik olunmuşdur. Dəyişikliyə əsasən prokurorluq işçisinə onun hər bir ailə üzvünə görə qulluq keçdiyi dövrdə müvəqqəti mənzilin kirayəsi üçün ödənilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.

Bununla yanaşı, 2021-ci il 9 fevral tarixli Qərara əsasən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və müəllimlərin müsabiqə yolu ilə işə qəbulunun aparılması haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 dekabr tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən kompensasiyanın miqdarı 90 manat məbləğində müəyyənləşmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə də dəyişiklik olunmuşdur.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə müvafiq olaraq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatlarının əvəzinə verilən müavinətin məbləği 50 manata qaldırılmış, eləcə də həmin şəxslərin dövlət, ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin və ya AMEA-nın xərclər smetası hesabına mövsümü paltar və ayaqqabı ilə təmin olunması üçün nəzərdə tutulmuş məbləğ 265 manat müəyyən edilmişdir.
Nazirlər Kabinetinin 2021-ci il 11 fevral tarixli Qərarına uyğun olaraq “İcbari Tibbi Sığorta üzrə “Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin haqqı müəyyənləşdirilmişdir. Belə ki, Qərara əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən tibbi xidmətlərdən “sürücülük vəsiqəsi üçün tələb olunan sağlamlıq haqqında arayış”ın ödənişi üçün 30 manat, “digər sağlamlıq haqqında arayışlar” üçün isə 15 manat məbləğində vəsait müəyyən olunmuşdur. Qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR