11 Aprel 2021, Bazar

Xocalı... Yaralı yerimiz Qarabağ idisə, qanayan yaramızdır Xocalı... Qürurumuzun, ləyaqətimizin sınağa çəkildiyi, insanlığın utanc anıdır Xocalı... 1992-ci il... Fevralın 25-dən 26-na keçən o müdhiş gecə... Donan, vəhşicəsinə qətl edilən, dünyaya göz açmamış yaşamaq haqqı əlindən alınan körpələrin, ağ duvaq nəsibi olmayan qızların, əlinin xınası qanlı palçığa qarışmış gəlinlərin, yeriməyə taqəti qalmayan, övladlarına yük olmamaq üçün “məni buraxın, siz qaçın”, – deyən ahıllarımızın ah-naləsi, övladı qucağında donan, düşmən əlinə keçməsin deyə əli ilə övladını boğan anaların fəryad etdiyi gün!..

Yağı düşmən nə düşünürdü?! Bütün dünya kimi bizim də sonsuzadək gözümüzü, qulaqlarımızı bağlayıb, haqq səsimizi öz fəryadımızda boğacağımızımı?! Təbii ki, çox yanılırdılar! Vaxt yetişdi, vədə çatdı! İlbəil daha da azğınlaşan, iştahası daha da artan, insan qanına gözü doymayan qarı düşmənə “dur!” deməyin məqamı idi!
Bəli, daşıya bilmədiyimiz vicdan yükü, intiqam yükü ağır idi! Dözə bilmirdik! Amma bilirdik ki, hər şeyin vaxtı var! “Haqq nazilər üzülməz”, – deyib atalar. Tapdalanan haqqımızı, əlimizdən alınan mənəviyyatımızı geri almağın, bizim olanı bizə qaytarmağın vaxtı çatmışdı! Artıq heç bir güc bizim Xocalının, xocalıların və müxtəlif tarixlərdə vəhşicəsinə həyatına son qoyulmuş doğmalarımızın qisasını almağımıza mane ola bilməzdi! Şəhidlərimizin qanı yerdə qala bilməzdi! “Xocalıya ədalət!” şüarımızı məhz özümüz reallaşdırmalı, ədaləti biz bərpa etməli idik!
Kimsə saxlaya bilərdimi ailəsi gözü qarşısında işgəncələrə məruz qalan, təhqir olunan, qətl edilən oğulları?! Dur demək asan idimi körpəlikdən Qarabağ laylası ilə böyüyən igidlərə?! Əsla!
Faciədən, soyqırımdan doğan qisas daha böyük olurmuş! Qeyrətdən, təəssübdən, nifrətdən doğan intiqam hissi daha qarşısıalınmaz olurmuş! Ana Vətənin çağırış harayı evdəki körpənin, – “ata, getmə!”, – sözündən daha ötkün olurmuş! Qucaqda-qundaqda qaçqın düşən oğulların tank üstündə qayıdışı daha möhtəşəm olurmuş!
Ali Baş Komandanına arxalanan, xalqına, ordusuna güvənən, xalqı üçün, namus-qeyrət yolunda canını qurban deyən, şəhadəti qürur sayan oğullar idi 44 günlük DASTAN yazan! O oğullar ki hər gün düşmənlə üz-üzə dayanıb ədalətin bərpa olunacağı günü gözləyirdi! O oğullar ki hər saniyə ürəyində “kaş ki “irəli!” əmri bu gün verilərdi”, – deyə düşünürdü! O oğullar ki məhz nə vaxtsa, Xocalının qisasını almaq eşqilə o kişilik rəmzi libasları – hərbi formaları geyinərək üçrəngli bayrağımıza and içmişdilər! Onlar – məhz o oğullar yazdı qələbə dastanımızı! Hər addımında Allaha, bir də dövlətimizin gücünə, iradəsinə arxalanan oğullar! Döyüşdə belə, mərdlik, ləyaqət göstərərək, – sən ailəlisən, özünü qoru, səni gözləyən var, – deyib özünü döyüş yoldaşına sipər edən qəhrəmanlar! Tanksız, topsuz Şuşaya bayraq sancan igidlər idi Xocalının qisasını alanlar!
Göydə Allah, ürəyinin üstündə üçrəngli bayraq, arxasında xalq, dövlət olan, yalnız Ali Baş Komandanına arxalanan oğullar! Vətən sizə oğul, dedi! Xalq sizə qəhrəman dedi! Sizi isə ailəniz, övladlarınız belə, geri çəkilməyə, silahı atmağa vadar edə bilmədi! Ya şəhid olacağıq, ya qalib, – dediniz! Belə də etdiniz!..
Tarix təkrardan ibarətdir – deyiblər! Amma bilməyiblər ki, sizin kimi oğullar tarixi başdan yazacaqdı! Qəddini dikəlt, başını qaldır, Xocalı! İntiqamın alındı! Səni tarix kitablarından tanıyan övladların qisasını qiyamətə qoymadı! Mübarizlər, Poladlar, Cəbrayıllar, Xudayarlar çatdı harayına, Xocalı! Rahat uyuyun, şəhidlərim! Tarixin şahid olduğu şəhadətiniz mübarək! Hələ bu xalq sizin haqqınızda çox dastanlar yazacaq! Sizin kimi igidləri olan Azərbaycan daim yaşayacaq! Üçrəngli, ay-ulduzlu bayrağımız daim dalğalanacaq!

Aidə CƏLİLZADƏ
Naxçıvan Dövlət Universitetinin
İngilis dili və tərcümə kafedrasının baş müəllimi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR