15 Aprel 2021, Cümə axşamı

Tarixin bütün dövrlərində Azərbaycan qadınları həyatımızın bir çox sahələrində mühüm rol oynayıb. Qadın hökmdarımız Tomris, Şərqdə ilk diplomat qadın Sara xatın, Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri, Şah İsmayılın Aləmşahbəyimi, Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa başçılıq edən Gülsüm xanım xalqımızın tarix səhifələrinə öz adlarını şərəflə yazıblar. Təsadüfi deyil ki, Oğuz türklərinin tarixindən xəbər verən “Kitabi-Dədə Qorqud” dastanlarında Azərbaycan qadını vətənpərvər, sədaqətli, qoçaq, kişilərlə birlikdə döyüşlərə atılan qeyrət nümunəsi kimi göstərilib. Burla xatın, Banuçiçək və digər qadın obrazları həmişə qadınlarımız üçün bir örnək olublar. 

İctimai fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı, fədakarlığı və qəhrəmanlığı ilə seçilən Azərbaycan qadını bu gün də öz missiyasını ləyaqətlə davam etdirir. Yaşadığı yerdən, işlədiyi vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı qadın fədakar, vətənpərvər övladlar yetişdirib Vətən torpağına sipər edir. Odu sinəsinə basıb məğrurluqla söndürür. Yollara dikilən gözlərinə çökən əbədi həsrəti qürurla əvəz edib şəhid olan həyat yoldaşının cənazəsini çiynində əbədiyyətə yola salmağa aparır, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan övladının dəfnində “sənə halal olsun, igidim, torpağımızı azad etdin, qaçmadın düşmənin qarşısından, sinəndən vuruldun, kürəyindən vurulsaydın haqqımı sənə halal etməzdim”, – deyib dünyaya nümunə göstərir Azərbaycan qadını! Qəhrəmanın anası, qəhrəmanın həyat yoldaşı ünvanını qazanan, hünəri qələbə qədər böyük olan qəhrəman qadınlarımızdır budəfəki müsahiblərimiz.

Vətən müharibəsində həm qardaşını, həm də həyat yoldaşını itirsə də, Nargül İbrahimova, məğrur duruşu dillərə dastan oldu, düşmənə meydan oxudu. Adilindən əmanət qalan iki körpəsini bağrına basıb onlarla ovunur indi... Onunla söhbətimizdə deyir ki, Vətən onu qoruyan igidləri ilə yaşayır, var olur həmişə. Bu gün qardaşımla fəxr edirəm. O, cənnətlə müjdələnəndə heç ağlıma da gəlməzdi ki, bir neçə gün sonra övladlarımın atasını da Vətənə qurban verəcəyik. Ailəmizin iki üzvü, iki əzizi, iki oğlu, iki igidi Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldı. 20 günün içində... Həyat yoldaşım Adil də, qardaşım Elton da ixtisaslı hərbçi idilər. Həmişə bir idi sözləri, söhbətləri, amalları: Vətənimiz bütövləşsin, düşmən tapdağında inləməsin yurdumuz. Adil altı ilə yaxın bir müddət idi ki, xidməti vəzifəsini yerinə yetirirdi. Adilin son vəzifəsi qrup komandiri və baş kəşfiyyatçı idi. O, döyüşlərdə şücaətlə iştirak edib və noyabrın 7-də qəhrəmanlıqla şəhid oldu. Bakıda II Fəxri xiyabanda dəfn edildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən Adil İbrahimliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Ondan mənə yadigar qalan iki körpəm, bir də tarixin səhifələrinə yazdığı qəhrəmanlıq dastanıdır. Mən bundan sonrakı həyatımı Adilin qəhrəman xatirəsini yaşatmağa və övladlarımı böyütməyə həsr edəcəyəm. Və bundan da hər zaman qürur duyacam.
Nargül xanım onu da deyir ki, o iki qardaşın bir bacısıdır. Qardaş hər bir bacının ürəyinin şah damarıdır. Elton mənim üçün həm də yaxın dost idi. O, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kurs keçib, təlimləri həmişə yüksək nəticə ilə başa vururdu. Qardaşım qrup komandirinin müavini və kəşfiyyatçı kimi torpaqlarımızın düşməndən azad edilməsində xüsusi xidmətlər göstərib. Şiddətli döyüşlər zamanı yaralansa da, meydanı tərk etməyib, sonadək döyüşərək şəhid olub. Hazırda kiçik qardaşım da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır. Bu gün mən həm şəhid bacısı, həm də şəhid yoldaşıyam. Ürəyim nə qədər sızlasa da, başımı dik tuturam. Çünki onlar Vətənin oğul dediyi igidlərdən oldular, illərdir, ürəyimizdə yanan qoru söndürdülər. Qardaşıma xonça bəzəyə bilməsəm də, qəmdən sınmadım, onun ziyarətgaha dönən məzarına torpaq atdım. Balalarımın toyunda ataları ilə birgə qol qaldırıb oynaya bilməsəm də əyilmədim, onu çiyinlərimdə əbədiyyətə yola saldım. Bununla da bir daha sübut etdim ki, Azərbaycan xalqı, Azərbaycan qadınları yenilməzdir. Bu gün qadınlarımız daha da qürurludur. Çünki nahaq qan yerdə qalmayıb. Ana yurdumuz düşmən tapdağından azad edilib.
Xuraman Nəcəfova üç hərbçi, üç igid anasıdır. O deyir: – Övladlarımın uşaqlıq arzuları məndə fəxarət hissi oyadırdı. Çünki onların hər üçü hərbçi olmaq istəyirdi. Bu istəklərini gerçək etdilər. Bir ana üçün övladlarının arzusuna çatmasından daha əziz nə ola bilər ki? Hər dəfə hansı çətinlikdə olsalar da, heç biri mənə bildirməzdi. Hər şey yaxşıdır, deyərdilər. Elə Vətən müharibəsində olduğu kimi. Övladlarımın 3-ü də 44 günlük şanlı tariximizdə öz yerlərini tutdular.
Balaca oğlum Yaqub Nəcəfov döyüşlərdə böyük şücaət göstərib, şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Bir şəhid, bir qazi anası kimi deyə bilərəm ki, qürurluyam. Düzdür, bir ana üçün övlad itkisindən daha ağır heç nə ola bilməz. Amma Vətən dardadırsa, o övladları qurban verməyin vaxtıdır demək. Çünki Vətən mənim, sənin, onun deyil, bizimdir. Onu qorumaq isə Vətənin igid oğullarının borcudur.
Mən çox qürur hissi keçirirəm ki, belə gözəl övladlarımız sayəsində, bu gün torpaqlarımız işğaldan azad edilib. 44 günlük haqq savaşı bizə bir yumruq olub birləşməyi öyrətdi. Elə bu birliyimizlə də Böyük Qələbəyə nail olduq. Bu gün hər bir Azərbaycan qadını sevinir ki, bir zamanlar qüruru tapdalanan millətimizin qisası alınıb. Azərbaycanın müzəffər, qeyrətli oğulları bu gün məğrurcasına 30 ildir, işğal altında olan torpaqlarımızda xidməti davam etdirir. Onlar arasında ailəmizin bir övladı da onların sırasındadır.
Vətən yolunda mərd, hünərli, qeyrətli oğul şəhid verən digər qəhrəman anamız İlhamə Seyidovadır. Bir zamanlar 3 igidə qayğıkeş, fədakar, cəfakeş ana olan İlhamə xanım, indi hər birimiz üçün yenilməz, əyilməz qəhrəman anasıdır. Azacıq da olsa, dərdinə şərik olmaq istəsəm də bacarmıram. Acısı o qədər dərindir ki, onu heç, bir sözlə, ovutmaq mümkün deyil. Lakin bu gün şəhid ailələrinə böyük dəstək İlhamə ananın da dediyi kimi, dövlətimizin diqqət və qayğısı, insanların hörmət və ehtiramdır.
Evin divarından leytenant Nihat Seyidovun böyüdülmüş şəkli asılıb. Nurüzlü şəhidin gözlərində şəhid olmağın məmnunluğu var, sanki... Saçları bəmbəyaz olan ananın üz cizgilərində illərin yorğunluğu görünsə də, çöhrəsində bir o qədər də xanımlıq, müdriklik, əyilməzlik, mübarizlik iz salıb. İlhamə xanıma əsl Azərbaycan qadını adına layiq olan şəhid analarından yazı hazırlamaq üçün gəldiyimi bildirdikdə – “mənim igid oğlum, qəhrəman oğlum Nihat Seyidov mənə ömürlük yoxluğu ilə barışmaq nə qədər ağır olsa da, bu gün də şərəfli “şəhid anası” adı qazandırdı. Nihatla uşaqlıqdan qürur duymuşam, fəxr etmişəm, qürur duyuram, fəxr edirəm”, – dedi. Açığı, bu sözdən sonra nə deyəcəyimi bilmədim. Sadəcə düşündüm: “Biz necə də xoşbəxt gənc xanımlarıq ki, bizə örnək olan, əsl Azərbaycan qadını adına layiq qəhrəman analarımız, ali, müdrik xanımlarımız var”. İlhamə xanım deyir ki, şəkillərinə baxıram. Bütün şəkillərdə gülür. Təbəssümü adamın ürəyini dağlasa da ağlamıram. Qəhrəman oğlumun səsi qulaqlarımda cingildəyir. “Ağlama, ana! Mən ölməmişəm, şəhidlik zirvəsinə ucalmışam”.
Şəhid Kənan Quliyevin həyat yoldaşı Aysel Quliyeva ilə həmsöhbət olduq. O bildirdi ki, Vətən müharibəsi minlərlə Vətən övladı kimi Kənanın da torpaq təəssübkeşliyini, millət sevgisini, düşmənə nifrət hissini daha da alovlandırdı. Kənan könüllü olaraq özünü odlu cəbhəyə atdı və öz qanı ilə Azərbaycanın şanlı hərb tarixinə adını yazdı, ata-baba torpaqlarımızın geri alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə müharibədə göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Kənan mənə iki il elə vəfalı, sadiq, qədirbilən həyat yoldaşı olub ki, mən ömürboyu onun xoş xatirələri ilə ovunacam. Qəlbimdə daim yaşayacaq. O, müqəddəs şəhidlik məqamı ilə elimizə, obamıza şərəf gətirdi və öz arzusuna çatdı. Torpaqlarımız Kənan kimi mərd, igid, Vətənini könüldən sevən oğulların sayəsində azadlığına qovuşdu.
Bu gün Azərbaycan qadını tarixin heç bir dövründə olmadığı qədər güclü, qürurludur. Çünki o, illərdir, çəkdiyi zəhmətin bəhrəsini gördü. Çünki onun oğulları, qardaşları, həyat yoldaşları illər öncə xəyanət ucbatından itirilən torpaqları geri qaytardı.Yurdumuzu ana Vətənimizə qaytarmaqla illər öncə alnımıza yazılan ləkəni sildi. O igidlər ki Vətəni öz anası, yarı bildi, onun bütövlüyü uğrunda canından keçdi.
Bu Vətənə, bu torpağa belə igid ərənlər bəxş etdiyi üçün baş əyirik qarşında, Azərbaycan qadını! Bu Böyük Qələbədə əvəzsiz payı olan, vüqarı, məğrurluğu ilə hər zaman yenilməz Azərbaycan anası! Bundan belə üzün gülsün hər zaman! Sevinc nəsibin olsun!

 Ramiyyə ƏKBƏROVA
 Gülcamal TAHİROVA
 Telli MƏMMƏDOVA
 Aytac Cəfərli

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR