15 Aprel 2021, Cümə axşamı

8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada, eləcə də ölkəmizdə qadınlara verilən dəyəri, göstərilən ehtiramı özündə əks etdirir.
Azərbaycan qadını tarixin bütün zamanlarında öz ucalığını qoruyub saxlamış, Vətənə, ailəyə sədaqəti, bağlılığı, fədakarlıq və qəhrəmanlığı, ictimai fəallığı ilə seçilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahələrdə öz layiqli yerini tutması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirmiş, qadınların cəmiyyətdəki mövqeyinin əhəmiyyətini vurğulayaraq demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə yanaşı, onların demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratmışdır. Həmçinin ulu öndər tərəfindən imzalanmış “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncam və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman ölkənin sosial-iqtisadi və mədəni həyatında qadınların rolunun artırılması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.
“Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Bu gün ölkəmiz qadın hüquqları sahəsində möhkəm milli hüquqi baza formalaşdırmaqla yanaşı, eyni zamanda qadın hüquqlarına dair bir sıra beynəlxalq sənədlərə qoşulmuşdur. Eyni zamanda Azərbaycan qadınının ictimai mövqeyinin kompleks şəkildə möhkəmlənməsi üçün ölkəmizdə münbit imkanlar vardır”, - deyən ulu öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə qadın siyasəti daha geniş və müasir şəkildə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətdə rolu gündən-günə möhkəmlənir. Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan qadınının ictimai həyatımızdakı dünənki, bugünkü mövqeyi dilimizə, Vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuş və gələcəkdə də olacaqdır”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara göstərilən diqqətin, onlara verilən dəyərin, hüquqlarının qorunmasına göstərilən qayğının təzahürüdür.
Muxtar respublika əhalisinin 231 min 21 nəfəri, yəni 50 faizi qadındır. Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyətinin ildən-ilə artması muxtar respublikada həyata keçirilən qadın siyasətinin uğurlu nəticəsidir. Statistik rəqəmlər də bunu təsdiqləyir: hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24 faizini qadınlar təşkil edir. Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 24 min 931-i, yəni 44 faizi qadındır ki, onların da 104-ü ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 9-u bələdiyyə sədridir. Naxçıvan qadınları muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Belə ki, muxtar respublikada Ombudsman, nazir, komitə sədri və müavinləri, icra başçılarının müavinləri, rektor, hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Həmçinin dövlət qulluğunda işləyənlərin 23, təhsil sahəsində işləyənlərin 70, mədəniyyət sahəsində işləyənlərin 64, səhiyyə və sosial təminat sahəsində işləyənlərin isə 82 faizi qadındır. Təhsil, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələrində 112 qadın rəhbər vəzifələrdə çalışır. Muxtar respublikada qadınlarımızın idmana cəlb edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, muxtar respublikada 9 mindən artıq qadın idmanla məşğul olur ki, bu da idmanla məşğul olanların 26 faizi deməkdir.
Naxçıvan qadınları Azərbaycan elminə mühüm töhfələr verərək elmi dərəcələr almışlar. Belə ki, muxtar respublikada elmlər doktorlarının 4-ü, fəlsəfə doktorlarının isə 100-ü qadındır. Bu da ümumi elmi dərəcəsi olan şəxslərin 33 faizini təşkil edir. 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 54 faizini, yəni 830-nu qızlar təşkil etmişdir ki, bunların içərisində 500-700 intervalında bal toplayanların 164-ü, yaxud 60 faizi qızlar olmuşdur.
Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur.
Qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində işlər və sosial layihələr həyata keçirilir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün istedadlı qadınların əl işlərindən ibarət yaradıcılıq müsabiqələri, sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların əsərləri nümayiş etdirilir. İstedadlı, eləcə də sağlamlıq imkanları məhdud, aztəminatlı ailənin üzvü olan qadınların əl işlərinin sərgi-satışı təşkil olunur, bu sərgi-satışlarda əl işləri satılaraq sahiblərinə ödənilir.
Naxçıvan Muxtar Respublikasında qadınların özünüməşğulluqlarının artırılması, eyni zamanda mikrosahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi üçün qrant layihələr həyata keçirilir. Belə ki, 2019 və 2020-ci illərdə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “genderə həssas dayanıqlı İnkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqrama əsasən Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində qadınların maliyyə savadlılığının artırılması üçün təlimlər təşkil olunmuş, 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilmişdir. Həmçinin aztəminatlı və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb olunmaları üçün tədbirlər görülmüşdür.
Muxtar respublikada davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin artırılmasında və sosial rifahın yüksəldilməsində qadınlarımızın xüsusi rolu vardır. Hazırda muxtar respublikada 7390 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, bu da ötən illə müqayisədə 723 nəfər çoxdur. Son illər ərzində muxtar diyarımızda yüzlərlə yeni ailə təsərrüfatları formalaşıb. Ailə təsərrüfatlarının genişləndirilərək sahibkarlıq subyektlərinə çevrilməsi istiqamətində ötən müddət ərzində muxtar respublikada 1040 ailə təsərrüfatı qeydiyyata alınmışdır ki, bunun da 79-u qadınlar tərəfindən idarə olunur.
Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, muxtar respublika qadınlarının 170-i Azərbaycan Respublikasının, 181-i isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülmüş, 153 qadın orden, medal və nişanlarla təltif olunmuşdur.
Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab İlham Əliyev demişdir: “Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini davamlı dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər”.

Hər bir Azərbaycan qadını kimi, muxtar respublika qadınlarının da bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Öz sələflərinin yolunu böyük ənənəvilik prinsipi ilə davam etdirən muxtar respublika qadınlarının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına əsaslı təminatdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR