15 Aprel 2021, Cümə axşamı

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil olunan məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir. Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri də sərgi-satışda sərgilənən sənətkarlıq nümunələrinə baxıblar.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova sərgi haqqında məlumat verərək qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən dövlət qadın siyasəti muxtar respublikada da layiqincə icra olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası müddətində komitə tərəfindən aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb olunması üçün müvafiq tədbirlər görülür. Artıq 5 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı təşkil olunur. Belə sərgi-satışların təşkilində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərimizi, çoxəsrlik adət-ənənələrimizi gənclərə aşılamaq, nəsildən-nəsilə ötürülərək keçmişdən bu günümüzə gəlib çatan milli dəyərlərimizi əl işlərimizə köçürüb yaşatmaqdır.

 

Diqqətə çatdırılıb ki, sərgi-satışda rayon (şəhər) icra hakimiyyətlərinin təşkilatçılığı ilə istedadlı qadınlarımızın, o cümlədən kəndlərimizdə yaşayan evdar qadınlarımızın, həmçinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların da əl işləri sərgilənir. Vurğulanıb ki, bugünkü sərgi-satışda sərmayə kapitalı verilən 26 qadının əl işi sərgilənir.

 

Qeyd edilib ki, sərgi-satışa Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 424 qadının 6488 əl işi, 6 sağlamlıq imkanları məhdud kişinin 25 sənətkarlıq nümunəsi olmaqla, ümumilikdə, 430 şəxsin 6508 əl işi cəlb olunub. Toplanılan əl işləri arasında, 2395 muncuqla iş, 1547 dekorativ iş, 1727 toxuma, 379 tikmə, 134 dekortiv tablo, 48 tikmə tablo, 6 vitraj, 142 yağlı boya, 35 sulu boya, 20 toxuma tablo, 44 xalça, 3 ağac üzərində yandırma, 13 taxta üzərində oyma, 9 mis üzərində döymə, 2 ebru, 3 hyperrealizm və 1 miniatür vardır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə sərgi-satışa 95 müəllifin 1000-ə yaxın əl işi ilə qatılıb. Burada 18 yaşadək uşaqlar da daxil olmaqla sağlamlıq imkanları məhdud şəxslərin, eyni zamanda ahıl vətəndaşların da əsərləri nümayiş edilir. Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzi 76 müəllim və tələbə ilə birgə 210 əsərlə sərgi-satışda uğurla təmsil olunur. İlk günlərdən etibarən toxuma, tikmə, xalçaçılıq, dekorativ tətbiqi sənət nümunlərinin sərgiləndiyi əsərlər böyük maraqla qarşılanır.

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov satış-sərgi ilə tanış olarkən qeyd edib ki, muxtar respublikada yaradılan mədəni mühit və münbit şərait qadınların zəngin potensialının üzə çıxarılması və dəyərləndirilməsi üçün əlverişli zəmin yaradır. Belə tədbirlərin təşkili qadınların cəmiyyətdə layiqli yer tutmaları və çəkdikləri zəhmətin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Prorektor sərgidə nümayiş olunan əsərləri yüksək qiymətləndirib və yaradıcı qadınlara uğurlar arzulayıb. Könüllü kimi fəaliyyət göstərən Aytac Əliyeva yaradılan şərait üçün minnətdarlıq ifadə edib. Seymur Talıbov və universitetin kollektivi çox sayda hədiyyəlik əl işləri alıblar.

“Şərq qapısı”

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR