26 Oktyabr 2021, Çərşənbə axşamı

Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib.
İclasda rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar rabitə sahəsinin inkişafına da əsaslı zəmin yaradıb, ən müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşid və keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilib.
Vurğulanıb ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyinə verilmiş tapşırıqların icrası ilə bağlı vəzifələr müəyyənləşdirilib, müvafiq “Tədbirlər Planı” hazırlanıb.

Diqqətə çatdırılıb ki, nazirliyin struktur bölmələrinin əməkdaşları bütün yaşayış məntəqələrində fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsinə, qəzalı vəziyyətdəki xətt və dirəklərin dəyişdirilməsinə, müvafiq mal-material ehtiyatının yaradılmasına nail olmalı, rabitə mütəxəssisləri mövsümə uyğun geyim və zəruri avadanlıqlarla təmin edilməli, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilməli və aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Həmçinin nazirliyin aid əməkdaşları tərəfindən yerlərdə xətt təsərrüfatının vəziyyəti təhlil edilməli, nəticələrə uyğun zəruri tədbirlər görülməli, avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması təşkil edilməlidir. Qazanxanalar işlək vəziyyətə gətirilməli, aşkar olunan çatışmazlıqlar dərhal aradan qaldırılmalıdır.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər eyni zamanda qazanxana və istilik sistemləri üzrə ixtisaslı kadrlara olan tələbatı da aktual edir. Bu səbəbdən də hazırda fəaliyyət göstərən qazanxana işçilərinin ixtisasları araşdırılmalı, bilik səviyyələri yoxlanmalı, qabaqcadan təlimatlandırılmalıdır. Zərurət yarandıqda qazanxana və istilik sistemləri üzrə yeni ixtisaslı kadrların hazırlanması üçün müvafiq peşə kurslarında onların iştirakı təmin edilməlidir. Nazirlikdə və tabeli qurumlarda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər də davamlı xarakter almalıdır.
Bunlarla yanaşı, səlahiyyətli nümayəndələr tərəfindən nazirliyin və tabeliyində olan qurumların inzibati binalarına baxış keçirilməli, istilik, su və kanalizasiya xətlərinin istismara yararlılığı araşdırılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib və 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazir­liyi tərəfindən həyata keçiriləcək işlər üçün “Tədbirlər Planı” təsdiq olunub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində keçirilən müşavirədə ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək bildirmişdir ki, 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri muxtar respublikanın qışa hazırlığını geniş təhlil edərək görüləcək işlərlə bağlı dövlət orqanlarına müvafiq tapşırıqlar vermiş, bu sahədə Ədliyyə Nazirliyinin də üzərinə mühüm vəzifələr qoyulmuşdur. Qeyd edilmişdir ki, Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.
Nazirliyin sisteminə daxil olan inzibati binaların qızdırılması nəzarətdə saxlanılır. Cəzaçəkmə müəssisələrinin bütün tələbatları nəzərə alınaraq, məhkumların isti geyim və ərzaqla təminatı sahəsində ehtiyac üzrə sifarişlər verilərək təyinatı üzrə istifadəsi diqqət mərkəzində saxlanılır. Qış mövsümü üçün tədarük edilən qida məhsullarının soyuducu anbarlarda saxlanmasına nəzarət edilir. Məhkumların sağlamlığı da diqqətdə saxlanılır. Tibbi-sanitar hissəsində lazımi dərman preparatalarının alınması, məhkumların mütəmadi olaraq həkim müayinəsindən keçirilməsi, qış mövsümü xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların sifariş verilməsi təmin edilir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq çəzaçəkmə müəssisələrinin giriş və çıxışlarına nəzarət gücləndirilir, kompleks dezinfeksiya tədbirləri davam etdirilir.
Məruzə ətrafında Penitensiar Xidmətin təsərrüfat bölməsinin rəisi, ədliyyə mayoru Dövran Abdinov, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Rəşad Fərzəliyev, Mühafizə Taborunun komandiri, ədliyyə mayoru Ramin Əsgərov çıxış etmiş, nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəis müavini əvəzi, I dərəcəli ədliyyə qulluqçusu Ələkbər Hüseynov “Tədbirlər planı”nı diqqətə çatdırmışdır.

*   *   *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bütün sahələrdə olduğu kimi, səhiyyə müəssislərində də fasiləsiz, ahəngdar iş rejiminin təmin edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir.
Cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun Şərur və Şahbuz rayon şöbələri müasir tibbi avadanlıqlarla təchiz edilərək yeni binalara köçürülmüşdür. Şərur rayon Şəhriyar, Ordubad rayon Yuxarı Əndəmic və Nüsnüs, Şahbuz rayon Ağbulaq kənd həkim ambulatoriyaları yeni tikilmiş, Ordubad Rayon Uşaq Xəstəxanası isə yenidənqurmadan sonra bütün ehtiyac olan avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir.
Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin yenidən qurulması, Şərur rayon Çərçiboğan, Ordubad rayon Dırnıs kənd həkim ambulatoriyalarının, Şərur rayon Dərvişlər, Babək rayon Göynük, Ordubad rayon Vələver kənd feldşer-mama məntəqələrinin, Darıdağ Arsenli Su Müalicəxanasının tikintisi isə davam etdirilir.
Dezinfeksiya işlərini daha da yaxşılaşdırmaq üçün 2 ədədi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və 7 ədədi rayon şöbələrinə olmaqla, gigiyena və epidemioloji xidmətə 9 ədəd maşın verilmişdir.
Yeni istifadəyə verilən müəssisələr istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. Bu səbəbdən son illər qış mövsümü üçün ehtiyac olan yanacaq keçən illərə nisbətən xeyli azalmış, mal-materiala isə ehtiyac qalmamışdır. 2022-ci il qış mövsümündə 82 tibb müəssisəsi fərdi istilik sistemi ilə, 130 müəssisə mərkəzi istilik sistemi ilə, 5 müəssisə neft sobası ilə qızdırılacaq. Bu il də keçən illərdə olduğu kimi, qışa hazırlıq məqsədi ilə bütün elektrik xətləri, transformator, generatorlar, istilik və su xətləri müvafiq qurumlar və müəssisələrin özləri tərəfindən nəzarət qaydası ilə yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.
Səhiyyə naziri payız-qış aylarında baş verə biləcək hər hansı hal üçün müəssisə rəhbərlərinin məsuliyyət daşıdığını vurğulayaraq bildirib ki, sertifikatı olmayan ocaqçılar qazanxana maşinisti kurslarına cəlb olunmalı, səhiyyə müəssisələrinə veriləcək yanacaq və mal-materialdan səmərəli istifadə təmin edilməli, bütün tibb müəssisələrində ocaqçı və gözətçilərin peşə hazırlıqları bir daha yoxlanılmalı, dövlət mülkiyyətinin qorunmasına şüurlu münasibət formalaşdırılmalıdır. Payız-qış mövsümü ilə əlaqədar nəzarət komissiyaları yaradılmalı, müntəzəm reydlər aparılmalı, ocaqçı və gözətçilərin iş vaxtına, geyim formalarına və təhlükəsizlik qaydalarına əməl etmələri nəzarətdə saxlanılmalıdır.
Sonra çıxışlar olub.

  *   *   *

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində keçirilən yığıncaqda müəssisənin direktoru Behruz Əzimov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinə də bir sıra tapşırıqlar verilib.
Verilən tapşırıqların icrasına uyğun olaraq müəssisə və təşkilatları vaxtında yanacaqla təmin etmək məqsədilə Bakı şəhərindən İran İslam Respublikası ərazisindən keçməklə və Bakı-Gürcüstan-Türkiyə yolu ilə Naxçıvan Muxtar Respublikasına yanacaq daşınması üçün ağırtonnajlı avtomaşınlar cəlb edilib. 2021-ci ilin 8 ayında 17435 ton dizel yanacağı, 19171 ton A-92 avtobenzini, 88 ton A-1 avtobenzini, 6498 ton bitum, 3455 ton mazut, 60 ton müxtəlif növ yağlar gətirilib. Yanacağın daşınması mütəmadi olaraq tələbata uyğun həyata keçirilir. Yanacaq daşıyan avtomaşınlara vaxtlı-vaxtında baxılır və onlar saz vəziyyətdə saxlanılır. 1 sentyabr 2021-ci il tarixə müəssisənin anbarlarında 4104 ton dizel yanacağı, 1970 ton A-92 avtobenzini, 332 ton mazut ehtiyatı olub.
Qeyd edilib ki, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün zəruri avadanlıqlarla təchiz olunub. Belə ki, 2 ədəd yanğınsöndürən avtomaşın saz vəziyyətdə müəssisənin qarajında saxlanılır, həmçinin müəssisəyə yanğınsöndürən balonlar və digər yanğın əleyhinə olan avadanlıqlar alınıb. Bundan əlavə, təhlükəsizliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə sıx əlaqə yaradılıb, nazirliyin 4 əməkdaşı müəssisənin mühafizəsinə cəlb edilib.
Diqqətə çatdırılıb ki, cari ilin əvvəlindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq bölgüsü əsasında payız-qış mövsümündə istilik sistemləri olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə yanacağı yerlərdə çatdırmaq üçün lazımi tədbirlər görülür və yanacaq ehtiyatı yaradılır.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclasda Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib.
Qeyd edilib ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqlara əsasən Naxçıvan Beynəlxalq Hava Limanı qış aylarında uçuşların təhlükəsizliyi ilə bağlı işləri nəzarətdə saxlamalı, maşın-mexanizmlərin, elektrik və işıqlandırma sistemlərinin, rabitə qurğularının texniki cəhətdən sazlığını yoxlamalı, tələbata uyğun yanacaq və material ehtiyatı yaratmalıdır.
Vurğulanıb ki, mövsümlə bağlı aerodromun normal istismarının təmin edilməsi üçün bir sıra təlimata uyğun məqsədyönlü tədbirlər həyata keçirilir. Payız-qış mövsümü ilə əlaqədar olaraq uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlarda nişanlanma aparılır. Perronda açıq-örtülü drenaj xətləri yoxlanılır və profilaktik tədbirlər görülür. Bununla yanaşı, mövsümlə əlaqədar ən vacib məsələlərdən biri də soyuq havalarda hava gəmilərinin uçuş-enmə zolağına təhlükəsiz, maneəsiz enib-qalxmasının təmin olunmasıdır. Aerodrom təminatı bu istiqamətdə ardıcıl hazırlıq işləri aparmalı, uçuş-enmə zolağında cari təmir işləri başa çatdırılmalı, ölçü cihazları – skidometr və ATT-2 avadanlıqlarının test yoxlamaları keçirilməli, mühəndis-texniki heyəti payız-qış mövsümünə uyğun işini təşkil etməli, qartəmizləmə qrafikləri hazırlanmalı və tələb olunan səviyyədə aerodromun normal istismarını təmin etməlidir.
Diqqətə çatdırılıb ki, uçuş-enmə zolağının sürüşmə əmsalını ölçmək üçün nəzərdə tutulan qurğular laboratoriyada yoxlanılmalı, texniki baxış keçirilib və hazır vəziyyətə gətirilməlidir. Həmçinin qarlı və soyuq havalarda aerovağzal kompleksi və yardımçı binaların, uçuş-enmə zolaqlarının işıqlandırma sistemlərinin yoxlanılması reqlamentə uyğun olaraq davam etdirilməli, köməkçi yolların və səkilərin qardan təmizlənməsi üçün qartəmizləyən maşınlar hazır vəziyyətə gətirilməli, qış mövsümündə uçuş-enmə zolağının, perronun qar və buzdan təmizlənməsi üçün lazım olan donmaya qarşı hazır maye ehtiyatı yaradılmalıdır.
Bildirilib ki, hava limanı ərazisində yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlər də, öz növbəsində, görülməli, maşın və texnikalar mövsümə uyğun olaraq hazırlanmalıdır. Bütün postlar mövsümlə əlaqədar yoxlanılıb, işçi kollektivi əməyin təhlükəsizliyi üzrə təlimatlandırılıb və heyət yeni qış geyim formaları ilə təmin olunmalıdır.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR