26 Oktyabr 2021, Çərşənbə axşamı

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Azərbaycanın xilasının başlandığı gün” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Çıxışda ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində ölkədə ağır siyasi vəziyyət və tənəzzülün hökm sürdüyü diqqətə çatdırılıb. Bildirilib ki, xalqın inam və etibarını, ölkənin gələcək rifahını hər şeydən üstün tutan dahi lider 1991-1993-cü illərdə muxtar respublikadakı siyasi fəaliyyəti ilə əsl vətənpərvər rəhbər missiyasını uğurla yerinə yetirdi. Sözügedən dövrdə baş verən hadisələri təhlil etməklə qətiyyətlə deyə bilərik ki, 3 sentyabr 1991-ci il tarixi Azərbaycanın xilasının başlandığı gündür.

Akademik diqqətə çatdırıb ki, ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə erməni təcavüzünün qarşısını almaq, Naxçıvanın müdafiəsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması, 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı səviyyəsində qeyd olunması kimi tarixi əhəmiyyətli qərarlar qəbul edilib. Azərbaycançılıq ideologiyasının irəli sürülməsi, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əlaqələrinin yaradılması, qısa zaman ərzində iqtisadi islahatların həyata keçirilməsi məhz dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünün mühüm bəhrələri, Naxçıvanın gələcək inkişafına, əhalinin rifahına yönəlmiş uzaqgörən addım idi.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi: xilaskarlıq və qurtuluş missiyası” mövzusunda məruzəsi dinlənilib. Akademik bəhs olunan dövrdə Naxçıvanın düşdüyü blokada şəraiti, erməni qəsbkarlarının məkrli niyyətləri, mövcud iqtisadi və siyasi böhrandan bəhs edib. Bildirib ki, Azərbaycan xalqı çətin sınaq qarşısında qalan ölkənin gələcəyini yalnız görkəmli dövlət xadiminin rəhbərliyində görürdü. Belə ağır şəraitdə rəhbər vəzifəsini uğurla icra etmək təkcə siyasi bilik və istedad yox, həm də əsl vətənpərvər cəsarəti, təəssübkeşlik tələb edirdi.
Vurğulanıb ki, dahi rəhbərin Ali Məclisin Sədri vəzifəsinə seçilməsindən ötən 30 il ərzində Naxçıvan, sözün əsl mənasında, Azərbaycanın inkişaf strategiyasının öncülünə çevrilib. Muxtar respublikanın qazandığı bugünkü yüksəliş səviyyəsi Naxçıvanın gələcək sürətli inkişafından xəbər verir.
“Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlişi və müstəqillik yolunda atılan ilk addımlar” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli dahi şəxsiyyətin Naxçıvana – doğma Vətənə qayıdışı, siyasi fəaliyyətinin ilk günündən etibarən Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə haqqında danışıb. Dahi rəhbər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı il tarixli sessiyasında mühüm tarixi qərarlar qəbul edilmiş, bununla ulu öndər üzərinə çox təhlükəli və məsuliyyətli vəzifə götürmüşdür.
Konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Musa Quliyev, Yaşar Rəhimov və dosent Emin Şıxəliyev mövzu ilə bağlı məruzə ediblər. Məruzəçilər görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlişi, müstəqillik yolunda atılan ilk addımlar, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə törədilən qəsdlər, onların qarşısının alınması istiqamətində görülən tədbirlər və digər mühüm məsələlərlə bağlı təhlillər aparıblar.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR