26 Oktyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.
İclası nazir Tapdıq Əliyev açaraq bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük оlunması istiqamətində sоyuducu anbarların və istiхana kоmplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına bu gün muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının saxlanması üçün ümumi tutumu 21 min 150 ton olan 49 soyuducu anbar yaradılıb. Bunlardan tutumu 16.120 ton olanı anbarlar meyvə-tərəvəz məhsullarının tədarükü üzrə ixtisaslaşıb, tutumu 5.030 ton olanlar ümumi təyinatlı anbarlardır. Cari ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 1620 ton olan 5 soyuducu anbarın yaradılması başa çatdırılıb.

Diqqətə çatdırılıb ki, tədarük dövrü başlayandan bu günədək muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 6506,0 ton kartof, 10,0 ton soğan, 1,3 ton kələm, 116,7 ton alma, 100 ton üzüm olmaqla, 6734 ton məhsul tədarük olunub. Hesabat dövründə kartofun 632 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nağd alınaraq tədarük olunub. Hazırda tədarük davam etdirilir. Soyuducu anbar sahibkarları tərəfindən məhsul tədаrükü ilə yаnаşı, 125 hektar sahədə kartof, 20 hektar sahədə soğan əkininin həyata keçirilməsi də daxili bazara rəqabətqabiliyyətli məhsulların çıxarılmasına, anbarların rentabelli fəaliyyət göstərməsinə şərait yaradıb.
Nazir qeyd edib ki, əhalinin qış aylarında tərəvəz məhsulları ilə təmin olunması mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqətin nəticəsində cari ilin ötən dövrü ərzində ümumi sahəsi 5440 kvadratmetr olan 2 istixana təsərrüfatının yaradılması və sahəsi 552 kvadratmetr olan 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Ümumilikdə, muxtar respublikada 150 min 817 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 34 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində istixana komplekslərində istehsal olunan 731 ton tərəvəz məhsulları istehlakçılara təklif olunmuşdur.
İstehlak olunan malların ekspertizası məsələsinə toxunan nazir bildirib ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən un və un məhsullarının keyfiyyəti də daim nəzarətdə saxlanılıb və 2021-ci ilin ötən dövrü ərzində 601 halda, о cümlədən 371 halda çörək, 138 halda unlu-qənnadı məhsulları, 64 halda un, 12 halda buğda, 16 halda kəpək nümunəsi götürülərək labоratоriyada təhlil edilib və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Tədbirdə payız-qış mövsümünə hazırlığın yüksək səviyyədə aparılması məqsədilə nazir daxili bazarın qorunması, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirilməsi, soyuducu anbarların tutumuna müvafiq məhsulların tədarükünün həyata keçirilməsi, soyuducu anbarlarda avadanlıqların sazlığına mütəmadi nəzarət edilməsi, soyuducu anbarlara tədarük edilən məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğun şəkildə qəbulu və saxlanılması, istixana komplekslərindən səmərəli istifadə olunması və bütün istixana komplekslərində əkin işlərinin başa çatdırılması, həmçinin nazirliyin aparatının və tabeliyində olan qurumların elektrik enerjisi və qazdan istifadə zamanı qənaət tədbirlərinə riayət olunması, qazanxanaların işlədilməsinə müvafiq kurslardan keçmiş əməkdaşların cəlb edilməsi və qazanxanaların fəaliyyətinə nəzarətin təmin olunması istiqamətində tapşırıqlar verilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən iclasda komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli vurğulayıb ki, avqust ayının 28-də 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi ilə bağlı qarşıya vəzifələr qoyulub.
Qeyd olunub ki, qanunvericiliyə əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına uyğunluq sertifikatı əsasında icazə verilir. Standartlara uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Gömrük orqanları tərəfindən standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndiriləcəkdir.
Bildirilib ki, müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə satış yerlərində reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici materialların verilməsi nəzərdə tutulub. İdxal istiqamətində gətirilən qızdırıcı elektrik və qaz cihazlarının buraxılışına aidiyyəti dövlət orqanı ilə birgə baxış keçirildikdən sonra icazə veriləcəkdir.
Dövlət qayğısı hesabına muxtar respublikamızda müasir gömrük infrastrukturunun yaradıldığını önə çəkən komitə sədri gömrük orqanlarında qışa hazırlıqla bağlı görüləcək işlərdən də danışıb. Qeyd olunub ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təminat, su və kanalizasiya xətlərinin vəziyyəti, yanğın təhlükəsizliyi, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəsti ilə təchizatı məsələləri ilə bağlı işlər vaxtında başa çatdırılmalı, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunmalıdır. Elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə edilməli, istilik sistemlərinin fəaliyyəti hava şəraitinə uyğun tənzimlənməli, israfçılığa yol verilməməlidir.
Sonra çıxışlar olub.

*  *  *

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən kollegiya iclasını mədəniyyət nazirinin müavini Həsən Kərimov açaraq bildirmişdir ki, nazirliyin tabeliyində 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 2 respublika əhəmiyyətli kitabxana, 30 muzey və muzeytipli müəssisə, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 400-dən çox klub, mədəniyyət evi, kitabxana, kitabxana filialları və digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu müəssisələrin payız-qış mövsümünə lazımi səviyyədə hazırlığı diqqət mərkəzindədir.
Vurğulanıb ki, nazirlik sisteminə daxil olan müəssisə və təşkilatlardan 1-i ümumiləşdirilmiş havalandırma sistemi, 67-si qazanxana və kombitipli sistem, 355-i ümumi istilik sistemi, 23-ü dizel yanacağı, 2-si maye qaz, 4-ü isə təbii qazla qızdırılır. Hazırda 19 mədəniyyət müəssisəsində tikinti işləri aparılır.
Bildirilib ki, ümumi olaraq Naxçıvan şəhəri üzrə 16, Şərur rayonu üzrə 106, Ordubad rayonu üzrə 47, Şahbuz rayonu üzrə 48, Babək rayonu üzrə 54, Kəngərli rayonu üzrə 21, Culfa rayonu üzrə 43, Sədərək rayonu üzrə isə 9 müəssisə ümumi istilik sisteminə qoşulmuşdur. Mədəniyyət müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar olaraq lazım olan yanacaq və mal-materiallardan, o cümlədən 4 min 620 litr dizel yanacağı, 28 ədəd şifer, 220 kiloqram maye qaz, 175 metr polietilen olmaqla, siyahı hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Diqqətə çatdırılıb ki, 2021-ci ildə də muxtar respublikadakı mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində təmin edilməsi ilə bağlı geniş abadlıq-quruculuq işləri aparılmışdır. Belə ki, bu il Şərur rayonunda Şəhriyar Kənd Uşaq Musiqi Məktəbi, Şəhriyar Kənd Mədəniyyət Evi və kənd kitabxana filialı, Ordubad rayonundaYuxarı Əndəmic və Nüsnüs kənd kitabxana filialları, Əndəmic kənd klubu, Nüsnüs kənd mədəniyyət evi, Şahbuz rayonunda isə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binalar istifadəyə verilmişdir. Bu mədəniyyət müəssisələrinin hamısı istilik sistemi ilə təmin edilmişdir.
Qeyd edilmişdir ki, müəssisə rəhbərləri, kitabxana, klub müəssisələri təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xüsusilə mövcud vəziyyətlə əlaqədar sanitar-gigiyenik vəziyyət diqqətdə saxlanılmalı, müəssisələrdə elektrik enerjisindən və qaz sərfiyyatından, qanunsuz istifadəyə yol verilməməlidir. Müəssisə rəhbərləri elektrik sayğacı olmayan obyektlərdə sayğac quraşdırılması məsələsini indidən həll etməli, müvafiq orqanlar tərəfindən keçirilən reydlər zamanı mədəniyyət müəssisələrində bu kimi hallara rast gəlinmə­məli, aşkar olunan nöqsanlar isə ən qısa müddətdə aradan qaldırılmalıdır. Mədəniyyət müəssisələrində təhlükəsizlik qaydalarına əməl edilməsi üçün müvafiq tədbirlər görülməli, qazanxana işçilərinin peşə təhsilinə diqqət yetirilməli, onlar qış geyimləri ilə təmin olunmalı, mədəniyyət müəssisələrində dizel yanacağı, maye qaz, şifer, polietilen alınaraq bölgü üzrə düzgün bölünməsi və paylanması təmin edilməlidir.
Sonra kollegiya iclası çıxışlarla davam etmişdir.

*   *   *

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncaqda direktor Mahir Əliyev çıxış edərək bildirib ki, cəmiyyətin idarə və strukturlarının 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlığına dair 10 avqust 2021-ci il tarixdə müvafiq qərargah yaradılıb, ötən mövsümdəki işlər təhlil edilərək, aşkar olunan nöqsanlar nəzərə alınmaqla, Tədbirlər planı təsdiq olunub. Mövsümə hazırlıqla əlaqədar ötən dövr ərzində Culfa Lokomotiv Deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onlar texniki baxışdan keçirilib və cari təmir edilib. Culfa İstismar Vaqon Deposunda isə müxtəliftipli vaqonlarda cari və depo təmirləri aparılıb. Ötən aylarda Culfa Lokomotiv Deposunda nasaz vəziyyətdə olan lokomotivlərin təkər cütləri dartı motorları ilə birgə dəyişdirilərək nasazlıqlar aradan qaldırılıb. Payız-qış mövsümündə vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülərək Bakı şəhərindən zəruri ehtiyat hissələri tədarük edilib. İstilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının və aralıq stansiyalarda növbətçi otaqların qızdırılması üçün 6 ton daş kömür ehtiyatı yaradılıb, mövsüm ərəfəsində isə əlavə olaraq 60 ton kömürün alınıb gətirilməsi təmin ediləcək.
Qarşıya qoyulan vəzifələri diqqətə çatdıran Mahir Əliyev bildirib ki, qış mövsümündə hərəkətin təhlükəsizliyinin tam təmin olunması məqsədilə bəzi sahələrə xüsusi önəm verilməlidir. Belə ki, istismarda olan vaqonların və lokomotivlərin mövsümdə fasiləsiz işini təmin etmək məqsədilə onlarda aparılan təmir işlərinin keyfiyyətinə nəzarət daha da gücləndirilməli, yolların, yoldəyişən qurğuların, keçidlərin, süni qurğuların və yol yatağının vəziyyətinə baxışlar keçirilməli, bütün yollar piyada şablonla yoxlanılmalı, nöqsanlar təcili aradan qaldırılmalıdır.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR