26 Oktyabr 2021, Çərşənbə axşamı

Avqust ayında Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə imtahanların keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.

2-16 avqust tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları keçirilib. 214 vakant vəzifənin çıxarıldığı budəfəki müsabiqəyə indiyə qədər bu istiqamətdə keçirilmiş imtahanlar üzrə ən çox – 858 namizəd müraciət edib. Müsabiqədə daha çox qeydiyyat Şərur (225), Ordubad (161) və Culfa (121) rayonları üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti ibtidai sinif (210), riyaziyyat (113), Azərbaycan dili və ədəbiyyat (94), tarix (92) və ingilis dili (86) müəllimliyi üzrə qeydə alınıb. Müsabiqənin nəticələrinə görə 171 vəzifənin tutulması üçün imtahanlarda iştirak edən 829 namizəddən 134 vəzifə üzrə 493 namizəd müvafiq keçid balını toplayıb. 37 vəzifə üzrə heç bir namizəd keçid balını toplaya bilməyib. 29 nəfər isə imtahanlarda iştirak etməyib. 43 vəzifənin tutulması üçün müraciət edən olmayıb. Müsabiqədə iştirak edənlərlə müvəffəqiyyət qazananların say nisbətində ən yüksək nəticələri isə 83 faizlə Babək rayonu, 70 faizlə Naxçıvan şəhəri, 69 faizlə Culfa və 58 faizlə Ordubad rayonlarından müraciət edən namizədlər göstərib.
“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının aparılması qaydaları”na uyğun olaraq vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını toplamaqla, ən yüksək nəticə göstərmiş şəxs müvafiq vəzifəyə təyin olunacaq.
Avqust ayında Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət musiqi təhsili müəssisələrində, Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzində, digər dövlət qurumlarında, dövlət teleradio və mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqələrin sənəd qəbulu başa çatıb, eyni zamanda dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün müsabiqə elan olunub. Elan edilmiş müsabiqə üzrə sənəd qəbulu davam edir.
Avqust ayında mərkəz tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında 70, müəllimlərin sertifikasiya imtahanları üçün hazırlıq kurslarında 360 nəfər olmaqla, ümumilikdə, 430 nəfər iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR