26 Oktyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni cəmiyyətin sədri Yəhya Allahverdiyev açaraq bildirib ki, muxtar respublikada əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə suvarılan sahələrin genişləndirilməsini təmin etmək, suvarılan torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq üçün 2021-ci ilin birinci yarısında meliorasiya və irriqasiya işlərinin miqyası artırılaraq bütün mövcud imkanlar səfərbər edilib, istismar, təmir və tikinti işləri həyata keçirilib.


Qeyd olunub ki, muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlara maksimum 249,9 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 203,1 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində təkrar suvarma ilə 170317 hektar torpaq sahəsi su ilə təmin olunub. Muxtar respublikada torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması üçün rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib.
Vurğulanıb ki, rayon Meliorasiya və Su Təsərrüfatı idarələri tərəfindən rayon mərkəzi və ətraf kəndlərdə əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün mövcud xətlər və hidrotexniki qurğular, subartezian quyuları vaxtında təmir olunmalı, yeni su xətlərinin çəkilməsi davam etdirilməli, çəkilmiş su xətlərində təzyiqin normada saxlanılması, qəzalara yol verilməməsi üçün profilaktik tədbirlər həyata keçirilməli, baş vermiş qəza hallarının dərhal aradan qaldırılması üçün qəza briqadaları yaradılmalı, işin səmərəli olması üçün briqadalar lazımi avadanlıq, maşın-mexanizmlərlə təmin edilməlidir. Eyni zamanda payız-qış mövsümündə idarələr tərəfindən vətəndaşlarla vaxtaşırı maarifləndirici söhbətlər aparılmalı, şaxtalı günlərdə yerinə yetirilməli işlər haqqında təlimatlandırılmalıdırlar. Payız-qış mövsümündə binaların girişində su xətlərinin və sayğacların donmasına qarşı tədbirlər görülməlidir. Fərdi evlərdə sayğacların yerləşdiyi quyuların qapaqlarının alt hissəsi izolyasiya olunmalıdır. Payız-qış mövsümünə hazırlıq işləri vaxtında sona çatdırılmalı, suvarma mövsümü bitdikdən sonra su nasoslarına baxış keçirilməli, nasoslar dayandıqdan sonra onların vakuum sistemləri boşaldılmalı, nasosların üst qapaqları açılmalı, nasaz olan avadanlıqlar yenisi ilə əvəz edilməli, kabel ötürücü kanallarda təmizlik işləri aparılmalıdır. İçməli su və kanalizasiya ilə əlaqəli fasiləsiz işləməsi nəzərdə tutulan nasos stansiyalarda lazımi şərait yaradılmalı, maşinistlər enerji kəsintiləri zamanı donmanın qarşısını almaq üçün yerinə yetirilməli tədbirlər haqqında təlimatlandırılmalıdırlar. Dezinfeksiyaedici məhlulların və digər ehtiyat hissələrin tədarükü görülməlidir. Həmçinin əhaliyə verilən içməli suyun keyfiyyəti ciddi nəzarətdə saxlanılmalı, su ehtiyatlarından səmərəli istifadə olunmalı, hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi material ehtiyatı yaradılmalıdır. Payız-qış mövsümünə qədər mövcud kaptajlara, kəhrizlərə, subartezian quyularına içməli su və kanalizasiya sistemlərinə nəzarət edilməli, suların keyfiyyəti yoxlanılmalı, təmizlənməli, sanitar-gigiyenik qaydalara uyğunlaşdırılmalı, su obyektlərindən düzgün istifadə edilməsi üçün maarifləndirici söhbətlər aparılmalıdır. Kanalizasiya şəbəkələrində mütəmadi olaraq yoxlamalar aparılmalı, nəzarət quyularına baxış keçirilməli, zərurət yaranan tədbirlər icra olunmalıdır. Payız suvarma mövsümü başa çatdıqdan sonra su anbarlarına sugətirən kanallar lildən təmizlənməli, kanal və hidrotexniki qurğularda təmir-bərpa işləri başa çatdırılmalı, kanal və arxlarda suyun maneəsiz axını təmin edilməli, son illərdə tikilmiş qapalı suvarma şəbəkələrində suların boşaldılması təmin olunmalıdır. Su ehtiyatlarından səmərəli istifadə edilməsi və əkin sahələrinin su ilə təchizatının yaxşılaşdırılması üçün su anbarlarında, onların suburaxıcı qüllələrində tələb olunan təmir-bərpa işləri görülməli, suvarma mövsümü başa çatdıqdan sonra lazım olan su ehtiyatlarının yaradılması təmin edilməlidir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Səbuhi HƏSƏNOV

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR