26 Oktyabr 2021, Çərşənbə axşamı

yaxud Qars müqaviləsinə məhəl qoymayan etnosun acı sonluğu

Yüzillik dövr yubileylər üçün ən yaxşı zaman bölümü olmaqla bərabər, həm də keçmişin, indiki dövrün və gələcək nəsillərin tarixi gerçəklikləri bir arada yaşaya bilməsi üçün də ən rasional bir müddətdir. Bu mənada, son yüz il ərzində xalqımızın yaddaşında dərin izlər qoymuş hadisələrin təhlili onu deməyə əsas verir ki, tarixi dərindən öyrənib və öyrətmədən bir zamanlar baş vermiş yaxşı-yaman hadisələrin qısa zamanda unudulması da qaçınılmazdır ki, bu da zamanla ermənilər kimi bədnam qonşularımızın faşizm xislətinin və onları alət edən beynəlxalq qüvvələrin məkrli siyasətinin bizə vurduğu dəhşətli zərbələrlə nəticələnmişdir. Bu mənada, Naxçıvanın Azərbaycan Respublikası tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə zəmanət verən Qars müqaviləsinin 100 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı böyük tarixi əhəmiyyət daşıyır. 

13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsi Birinci Dünya müharibəsinin sona çatması və bundan sonra Avropada yeni yaranan dövlətlər arasında sərhədlərin şəkilləndirilməsi üzrə aparılan siyasi danışıqlar ərəfəsində bağlanılaraq tarixdə dərin iz buraxıb. O zaman Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan dövlətləri arasında aparılan danışıqların nəticəsində Naxçıvanın Azərbaycanın tərkibində toxunulmazlığı birdəfəlik olaraq təsbit edilmişdir. Bundan sonrakı dövr isə indiki kimi məğlub durumda olsa da belə, yerində rahat otura bilməyən ermənilərin sovet dövründəki min bir fitnə-fəsadları nəticəsində, əslində, Qars müqaviləsi ilə qəti şəkildə müəyyənləşdirilmiş sərhədlərin pozulması ilə nəticələnmişdir. Bu isə ötən dövr ərzində ölkəmizin yurd qeyrətli alimlərini və siyasətçilərini narahat etmişdir ki, onlardan biri də 100 illik yubileyinə hazırlaşdığımız “Şərq qapısı” qəzetinin 1998-ci il 4 fevral tarixli sayında “Qars müqaviləsinə məhəl qoyulmadığından…” başlıqlı yazı ilə çıxış edən görkəmli coğrafiyaşünas alim Səfəralı Babayev olmuşdur.

Qars müqaviləsi mövzusu son dövrlərdə aktual olmaqla, çox sayda alim və tədqiqatçı jurnalistin diqqətini cəlb etməkdədir. Xüsusən yaxın keçmişimizdə Qarabağı işğal edərək Naxçıvan ərazilərinə də iştahalanan ermənilərin çirkin niyyətlərinə qarşı tutarlı arqumentlərlə çıxış etmək baxımından bu tarixi sənəd həmişə əldə əsas olub. Məkrli ermənilərə heç zaman, heç bir yerdə inanmamağı, onların yalvarışlarının belə, təhlükəli olduğunu bu məqaləsində israrla qeyd edən tanınmış alim, AMEA-nın müxbir üzvü Səfəralı Babayev də tarixi Qars müqaviləsinin əhəmiyyətini sadə dil üslubu və dərin elmi arqumentlərlə izah edərək, əslində, bu müqavilənin bağlanılmasından sonra Naxçıvana aid ərazilərin ermənilər tərəfindən necə “oğurlandığını” açıq dəlillər və tarixi sənədlərlə oxuculara çatdırır. Belə ki, yazıda da qeyd olunduğu kimi, bir zamanlar, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometrlik əraziyə malik olmuş ölkəmizin tarixi Zəngəzur torpaqlarının itirilməsi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasının da Qars müqaviləsinə əsasən təsbit olunmuş ərazisinin 1929-cu ildən sonra 625 kvadratkilometrinin tədricən “yox olaraq” Ermənistana birləşdirilməsi prosesləri getmişdir. Şübhəsiz, mərkəzi Moskva hakimiyyətinin gizli himayəsindən ürəklənən həyasız ermənilər müxtəlif bəhanələr gətirərək nəyin bahasına olursa-olsun, bunu həyata keçirməyə çalışmışlar. Nəticədə, məqalədə də göstərildiyi kimi 1928, 1932, 1942 və 1963-cü illərdə çəkilmiş topoqrafik xəritələrdə ermənilərin ələ aldıqları kartoqraflar tərəfindən saxtakarlıqlara yol verilərək tədricən on minlərlə hektar Naxçıvan torpaqları indiki Ermənistan ərazilərinə qatılmışdır. Bunlar da ozamankı Azərbaycan rəhbərliyinin “gözündən qaçmaqla” sonralar cəzasız qalan ermənilərin daha da quduzlaşmasına, necə deyərlər, arxazəmini yaratmışdır.
Bəs Naxçıvanın həmin itirilmiş əraziləri hansılardır? Əslində, bu gün ildönümü yaxınlaşan 44 günlük şanlı Vətən müharibəsindən sonra təslim olmuş işğalçı Ermənistandakı tarixi yurd yerlərimiz olan Qərbi Zəngəzur və ona bitişik ərazilərdəki bu torpaqlar bir zamanlar bütöv Azərbaycanın tərkib hissəsi olmuşdur. Məqalədə də göstərildiyi kimi, Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvana məxsus olmuş Sədərəyin Kərki kəndinə aid olan ərazilərin böyük bir hissəsi, eləcə də Şərur rayonunun Xaçik, Horadiz, Şahbuz rayonunun ərazisi olmuş Oğbin, Sultanbəy, Ağxəç, Ses, Almalı və İtqıran kəndləri ilə yanaşı, Ordubad rayonuna məxsus olmuş Qorçevan kəndləri və eləcə də Kilit kəndinin torpaqlarının bir hissəsi bu yolla erməni təcavüzünün qurbanlarına çevrilmişlər. Əslində, bir zamanlar bu kəndləri yaxşı tanıyan indiki ahıl və nisbətən yaşlı nəslin insanlarının söhbətlərindən xatırlayırıq ki, hələ sovetin “yenidənqurmasına” qədər azərbaycanlılar yaşamış bu yaşayış məntəqələri ilə həmsərhəd olan Naxçıvan kəndləri sakinlərinin köhnədən qalma tanışlıqları və hətta qohumluq əlaqələri də qorunub saxlanılırdı, onlar arasında gediş-gəliş də var idi… 1988-ci ildən başlanan hadisələrin nəticələri belə, artıq hər kəsə məlumdur.
Tarix göstərir ki, ermənilər hər kəsin imza atıb hörmət etdiyi beynəlxalq sənədlərə məhəl qoymayan və bəzi hallarda da bundan qazanclı çıxan dünyadakı tək bir etnik qrupdur. Ancaq, necə deyərlər, zaman dəyişilmiş və astarı üzündən daha təhlükəli olan erməni sifətini artıq bütün aləm tanıyır. Bu gün otuz illik işğalçı sərxoşluğundan sonra müzəffər Azərbaycan Ordusunun təpəsinə vurduğu dəmir yumruqdan sərsəmləyən erməni cəmiyyəti gündüzlər bir-birini didib, gecələr də revanşist xəyallarla bir növbəti sabah üçün narahat yuxuya dalır. Və belə görünür ki, bu yuxudan da heç vaxt ayılmayacaqlar. 

 Əli CABBAROV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR