26 Oktyabr 2021, Çərşənbə axşamı


Yaxın günlərdə Naxçıvan mətbuatının tanınmış nümayəndələrindən “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovanın “Müasir Naxçıvan”, Televiziya və Radio Şurasının sədri Rauf Əliyevin “Əsrə bərabər illər” adlı kitabı işıq üzü görüb.

“Müasir Naxçıvan” kitabında müəllifin müxtəlif illərdə “Şərq qapısı” qəzetində və mərkəzi mətbuat orqanlarında, Türkiyə mətbuatında dərc olunmuş bədii-publisistik yaradıcılıq nümunələri toplanıb. Muxtar respublikanın ictimai-siyasi həyatına nəzər salan, sosial-iqtisadi inkişafını əks etdirən, ordu quruculuğu və hərbi-vətənpərvərlik mövzusunda yazılmış, ulu öndərin ideyalarına sadiq şəkildə həyata keçirilən humanitar-siyasətin mahiyyətini açan analtik-siyasi, təhlili məqalələr, icmallar, oçerk, müsahibə, reportaj və yol qeydləri, yeni nəşr və tamaşa resenziyaları, ssenarilər oxuculara təqdim olunub. Yeni nəşrdə yer alan, ölkədə və muxtar respublikamızda aparılan mətbuat və informasiya siyasəti, Naxçıvanda elm və təhsilin inkişafı, oxunması zəruri olan kitablarla bağlı məqalələrdə mövzunun mahiyyəti üzə çıxarılaraq faktlara əsaslanan dolğun təəssürat yaradılır. Kitabı Ali Məclis Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən yüzillik yubileyi geniş şəkildə qeyd olunan “Şərq qapısı” qəzetinin son illərdəki fəaliyyəti ilə bağlı yığcam yaradıcılıq hesabatı da adlandırmaq olar. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr bu dəyərli vəsaitdən istifadə etməklə müasir jurnalitikanın tələblərini, qəzetçilik üslubunu, bu sahənin janr, üslub, dil spesifikasını öyrənə bilərlər.       

“Əsrə bərabər illər” adlı kitabdakı materiallar altı fəsildə toplanıb: “2015-ci il: Sürətli inkişaf və tərəqqi ili”, “2016-cı il: Nizam-intizam inkişafın, yüksəlişin, yeni-yeni uğurların başlıca səbəbi, aparıcı qüvvəsidir”, “2017-ci il: Xalqın iradəsi, rəhbərin dühası, güclü iqtisadiyyatın formalaşmasına və yüksək rifaha yol açıb”, “2018-ci il: Qədim və müasir Naxçıvan - İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı”, “2019-cu il: Sosial-iqtisadi yüksəlişini uğurla davam etdirən Naxçıvanda “Ailə təsərrüfatları ili” və “2020-ci il: Zəfər ilinin uğurları”. Fəsillərin adlarından göründüyü kimi, kitab muxtar respublika həyatının bütün sahələrini  əhatə etməklə, qazanılan uğurlar barədə oxucuda əyani təsəvvür yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərin də geniş işıqlandırıldığı bu dəyərli nəşri həm də muxtar respublikanın altı illik quruculuq salnaməsi hesab etmək olar. Çünki nəşrdəki materiallarda muxtar respublikada görülən işlərin mahiyyəti, onların nəticələri peşəkar jurnalist qələmi ilə şərh və təhlil edilir.

Ümumilikdə hər iki kitabda yer alan, fotolarla müşayiət olunan müxtəlif janrlı yazılar – informasiyalar, icmallar, reportajlar, oçerklər, resenziyalar, bədii-publisistik nümunələr Naxçıvanın tarixi, mədəniyyəti, keşməkeşli dünəni, bugünkü inkişafı, ictimai-siyasi vəziyyəti, cəmiyyət həyatı, reallaşdırılan uğurlu siyasətin bəhrələribarədə incə detalları ilə oxucuda zəngin təəssürat formalaşdırır.

Nail ƏSGƏROV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR