30 Noyabr 2021, Çərşənbə axşamı

Sizə kimdən danışım, kimdən deyim, bir əsr yaşayan, bir əsrdir, xalqı ilə nəfəs alan, dil açıb oxucuları ilə danışan, çətinliklərə baxmayaraq, durmadan, dayanmadan nəşr edilən, yurdunun gözəlliklərini, keşməkeşli günlərini, bugünkü qürurverici inkişafını öz səhifələrinə köçürən “Şərq qapısı” qəzetindən. Bu yurdda yaşayan elə bir ziyalı tapılmaz ki, heç olmasa bir neçə dəfə bu yüzyaşlı “qoca” ilə rastlaşmasın.

Elə bir ziyalı yoxdur ki, onun, necə deyərlər, “şinelindən çıxmasın”. Bəli, yüz ildir, “onun şinelindən neçə-neçə ziyalılar çıxıb”. Mənim onunla ilk tanışlığım isə 2002-ci ilə təsadüf edir. Yazdığım ilk məqaləni, ya da məqalə zənn etdiyim yazımı əlimə götürüb böyük bir binanın birinci mərtəbəsinə sığdırılmış redaksiyanın kiçik pəncərələrindən bütün respublikaya yayılan nurdan pay almağa gəlmişdim. Həmin illərdə redaktor olan mərhum Məmməd Məmmədovun otağına ilk addımımı atanda və Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tələbəsi olduğumu deyəndə səmimi bir tərzdə məni qarşıladı və mənə yol göstərməsi üçün indi məsul katibimiz olan, həmin illərdə müxbir kimi fəaliyyət göstərən Muxtar Məmmədova tapşırdı. Üçüncü və dördüncü kursda oxuduğum illərdə əməkdaşlığımız davam etdi. Əlimə qələm aldığım həmin illərdə universitetin rektoru, akademik İsa Həbibbəylinin, mərhum Hüseyn Həşimlinin, Seyfəddin Eyvazovun mənə və mənim kimi bir çox tələbəyə dəstəyindən güc alır, həvəslənirdim. Sonrakı illərdə ailə vəziyyətimə görə Naxçıvanımdan ayrılası olduğum üçün işləyə bilməsəm də, cəmi iki il burada şahid olduqlarım, öyrəndiklərimi heç vaxt yadırğamadım. İllərlə – nə az, nə çox 15 il cəbhə bölgəsində, düşmənin beş-on metrliyində yaşadığım illərdə orada gördüklərimi qəlbimə yığıb saxladım. İllərlə düşmənin xarabaya çevirdiyi torpaqlarımızın harayını dinlədim və bir gün bu yurd yerlərinin azad olacağına inandım. Bir aprel səhəri yaşadığımız Goranboy rayonunun Ağcakənd qəsəbəsinin sakinləri ilə bərabər, şimşək kimi gurultu səsinə oyandım. Bu, Qələbənin səsi idi. İllər sonra gələn Zəfərin səsi. Aprel zəfərindən sonra hərbçi həyat yoldaşımın xidməti vəzifəsinin davamı üçün Naxçıvana köçürüldük. Və mən illər sonra qeyri-ixtiyari olaraq yenə o ünvana – tələbəlik illərində gəlib-getdiyim o doğma ocağa üz tutdum. Bu dəfə də vətənpərvərlik mövzusunda yazmışdım ilk dəfə olduğu kimi. Həmin o köhnə ünvandan yeni binaya köçürülmüşdü doğma qəzetim. Üçmərtəbəli, işıqlı hər bir şəraitə malik redaksiya. Bir üstünlüyü də ondadır ki, mətbəə də bu binadadır. Daha əvvəlki kimi uzağa getməyə ehtiyac qalmayıb. İndi əvvəlki kimi qadınlar mətndəki hərfləri bir-bir yığmır. Kompüter otağında müasir avadanlıqlar quraşdırılıb. Artıq beş ilə yaxındır ki, əməkdaşı olduğum, qədim diyarın güzgüsünə, ziyalılarının söz meydanına çevrilən bu mətbu orqana hər il göstərilən dövlət qayğısına şahidlik edirəm. Hər nömrəsində oxucularını ümummilli liderimiz Heydər Əliyevin “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” müdrik kəlamları ilə salamlayan və yeni bir mətbuat tarixini yazan yüzyaşlı qəzet artıq illərdir ki, muxtar respublikada təhsilə, səhiyyəyə, mədəniyyətə göstərilən sonsuz dövlət qayğısından, bu gün kəndlə şəhərin inkişaf oxşarlığından, ilanmələyən çöllərə, kəndlərə çəkilmiş içməli su və kanalizasiya sistemlərindən, istifadəyə verilən artezian quyularından, gözoxşayan yaşıllıq zolaqlarından, əsrarəngiz gözəlliyi ilə yaddaqalan yaylaqlarından, barlı-bərəkətli bağlarından, dünya şöhrətli Duzdağın, Gəmiqayanın möcüzələrindən, min bir dərdin dərmanı olan “Sirab”, “Badamlı”, “Vayxır” mineral sularından, minlərlə yeni tikinti obyektlərindən, od-ocağımızı işıqlandıran Külək, Günəş elektrik stansiyalarımızdan söz açır. Xalqımızın tarixiliyini, milli və mənəvi mədəniyyətini işıqlandırır, özünün inkişaf və tərəqqi dövrünü yaşayan, öz simasını dəyişən qədim Oğuz elindən dünyaya səs salır. Şərqin qapısı sayılan və çoxəsrlik tarixə və milli mədəniyyətə malik olan Naxçıvan torpağının keçmişini və bu gününü öz səhifələrində işıqlandırmaqla gələcəyimizə zəngin bir tarixi mənbə yaradır.
Bir vaxtlar dünya azərbaycanlılarının bir araya gəlməsi, Vətən üçün bir yumruq kimi birləşməsi qərarı buradan pərvazlandı. Çox xoşbəxt insanlarıq ki, yüz yaşını qeyd etdiyimiz qəzetimizin səhifələrində, Aprel, Günnüt zəfərlərindən bəhs edə, Qarabağ dastanını yaza bildik. Zəngilanın, Qubadlının, Şuşanın, Laçının azadlığını, düşmənin diz çökdüyünü, təslim olduğunu, Şuşada “Xarıbülbül” musiqi festivalının keçirildiyinin, Şuşa Bəyannaməsinin imzalandığını oxucularımızla bölüşə bildik. Vətən müharibəsində öz igidlikləri ilə əfsanəyə dönən ömürlərdən söhbət açdıq. Elimizin lazım gələndə necə bir yumruq kimi birləşə, düşmənin başına şimşək kimi çaxa bilməsindən, öz qocalıq müavinətini orduya bağışlayan babalarımızdan, oğlunun dəfnində: “Sinəndən vuruldun, ancaq düşmənin qarşısından qaçmadın, sənə halal olsun”, – deyən Azərbaycan qadınından danışdıq, Böyük Qələbənin yazarı olduq. Yüzyaşlı bir “qoca” da gəncləşdi səhifələrində Qələbə xəbərlərini daşıdıqca. O da bizim kimi qürurlandı tarixin tozlu səhifələrini vərəqləyəndə onun arxivindən qələbə xəbərləri oxunacaq deyə.
Deyirlər ki, bir ömür xoşbəxt olmaq istəyirsənsə, sevdiyin işlə məşğul ol. Qələmi əlimə aldığım gündən mən özümü həmin o xoşbəxt insanlardan hesab edirəm. Bu necə hikmətdir, bilmirəm, amma ən çətin anlarımda belə, əlimə qələm alıb yazmağa başlayanda bütün çətinliklər məni tərk edir. Sənətini, gördüyü işi ürəkdən sevən hər kəs yaratdığı bir əsərə, ya da ki gözəl bir rəsmə, qələmə aldığı məqaləyə illər sonra baxanda qürurlanır. Çalışdığı işi ürəkdən sevə bilmək, ona aşiq olmaq isə hər kəsə nəsib olmur. Mənim üçün yazmaq, sadəcə, bir qələm və ağ kağızdan ibarət deyil, yazmaq həm də Vətənini qəlbən sevməkdir. Bu sevgini, bu işləmək, yazıb yaratmaq həvəsini daha da yüksəklərə qaldıran isə dövlət qayğısını öz üzərimizdə hiss etməyimizdir. Bir də deyirlər ki, jurnalistlər ən az ömür sürən peşə sahibləridir. Bəlkə də, ona görə belədir ki, jurnalist hər hansı bir məqaləni hazırlamağa başlayandan yazıb qurtarana qədər təkcə seçdiyi “obyekti” deyil, geniş oxucu kütləsini düşünür, özünü bu yazıya, təbii ki, müxtəlif mövqelərdən yanaşacaq oxucularının yerinə qoyur, xəyalən onlarla “söhbət edir”, ən çox isə “eşitdiyi” iradları ürəyinə salır. Sonra qaralmış vərəqləri əzib bir kənara atır, yenidən işləyir, çalışır ki, yazısı, ilk növbədə, oxucunun tələblərinə cavab verə bilsin. Beləcə, ömrünü saatbasaat, günbəgün əridir bu ağ vərəqlər üzərində. Nikbinliyini də gizlətmir, bilir ki, araya-ərsəyə gətirdiyi yaxşı yazılar insanlar üçün, bütövlükdə, bu həyat üçün həmişəyaşardır və yaşadıqca müəllifini də yaşadacaqdır. Yazmaq və yazdıqlarının tarixdə yaşayacağını bilmək qürurvericidir. Bəzən gecə yarıya, bəzən də gündoğana kimi qəzetin hazırlanmasında məsul olsam belə, heç yorulmur, zövq alıram. Bu qocaman qəzetin əməkdaşı olan gündən onun yüz yaşının tamam olacağı günü səbirsizliklə gözləyənlərdən biri olmuşam. Bu gün doğma evimizin yüz yaşı münasibətilə keçirilən tədbirlərin iştirakçılarından biri olduğum üçün qürurluyam. ­

Yüzüncü yaş günün mübarək, doğma evimiz. Bundan sonrakı səhifələrin də xoş xəbərlərlə, doğma Naxçıvanımızın gözəl günləri ilə bəzənsin. Zəngəzur dəhlizindən keçərək qatarların, avtomobillərin Naxçıvana gəlişindən, doğma yurdumuzun çiçəklənən günlərindən yazmaq diləyi ilə...

 Ramiyyə ƏKBƏROVA
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə keçirilən
yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR