30 Noyabr 2021, Çərşənbə axşamı

Hər dəfə yolum Sədərək – Naxçıvan magistralının Kəngərli rayonunun Xok kəndi hissəsindən keçəndə yol kənarındakı məzarlıqda ayaq saxlayıram. Burada uyuyan, vüsalına çatmayan yeddi oğulun son mənzilində – məzarı  başında dayanıram. Onlara demək istədiyim sözləri misra-misra vərəqə köçürürəm. Məhz köçürürəm, nöqtəsinə, vergülünə toxunmadan, bir sözünü dəyişmədən  əzbər bildiyim bir şeir kimi...

Neçə sevgiləri, neçə toyları, neçə sevincləri yarımçıq qoyur müharibələr. Ancaq müharibələrin sonunda qələbə olanda insanları o qədər yandırmır. Çünki bilirlər ki, o qanlar, o canlar hədər yerə qurban getməyib. İllərdir, həsrətlə yaşayırdıq torpaq acısı ilə. Qəlbimizdəki yara isə sağalmırdı, elə hey qanayırdı. Ta ki o vaxta – igid Azərbaycan əsgərinin torpaqlarımızın azadlığı uğrunda əks-hücuma keçdiyi günə kimi. 27 sentyabr günü elə bir Günəş doğuldu ki, Azərbaycan səmasında onun parlaq şəfəqləri bu xalqın gələcəyinə nur saldı. Elə bir nur ki min il bundan sonra da işıq salacaq yolumuza. Sizin kimi oğulların yurdumuzun azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmağı elimizi, obamızı nura qərq etdi. Sizin sinənizə dəyən düşmən gülləsinin yerindən qan axdıqca üçrəngli bayrağımızın al-qırmızı rəngi şəfəq saçdı. “Şəhid qanı ilə sulanan torpaq basılmaz” – dedi. Bükülüb gəldiyiniz, uğrunda canınızı verdiyiniz müqəddəs bayrağımız indi sizə qürurla keşik çəkir. Sizin kimi oğulların sayəsində artıq bir ildir ki, Günəşi Şuşada salamlayır, Kəlbəcərdə yola salırıq. 30 ildir, yurdundan ayrı düşənlər yurd-yuvasına qayıdır. Şuşamız çiçək açıb, Ağdam ağ günlərinə qayıdıb, Füzuli Hava Limanına “Qarabağ” adlı təyyarə enir. Vaqifin ruhu şad olub, xarıbülbül öz doğmaları üçün açır. İllərdir, düşmən tapdağında nəfəsi kəsilən ulu torpaq dərindən bir ah çəkib rahat nəfəs alır. Sizin dünyaya əbədi yumulan gözləriniz Qarabağın gözlərinə nur oldu, son nəfəsiniz onun nəfəsi oldu. İndi bu torpaq gülür, dirçəlir. Yurduna ayaq basan hər insan ruhunuza dualar oxuyur. Bütün Azərbaycan xalqı sizə minnətdardır, Vətənimizin igid oğulları. Torpağı öz yarından, anasından, canından çox sevib “Vətən sağ olsun!” – deyən oğullar. Dünyaya gəldiyi torpaqdan yüz kilometlərlə uzaqda nər kimi döyüşüb başımızı uca edənlər. Kəngərlililərin, naxçıvanlıların tarixboyu igid olduqlarını bir daha sübuta yetirən başımızın ucalığı olan oğullar. Vətəni, yurdu əmanəti bilib uğruna can verənlər – Təbriz, Ülvi, Kəmaləddin, Aslan, Basid, Elmar, Niyaməddin – bir-birindən igid, bir-birindən qoçaq yeddi oğul. Biri 22, digəri 24, o biri isə 33 yaşını cənnətdə qarşılayıb. Vətən müharibəsində Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı azadlığa qovuşsun deyə, canından keçən oğulların, sadəcə, yeddisi. Üç min oğuldan yeddisi – eyni kəndin igidi. Sözlər də yetərsiz qalır, cümlələr aciz olur sizin igidliyinizi vəsf etməyə. Bütün sevgisini torpağa verən, özləri bu torpaqda əbədi iz olanlar. Bir kənddə böyüyüb eyni amal uğuruna şəhidlik zirvəsinə ucalanlar. Yeddi ananın, bacının nisgili, qüruru, qələbəni bizə gətirən oğullar. Yeddi evin çırağı, yeddi gözəlin adaxlısı, yeddi bacının qardaşı və Vətənin oğul dediyi 7 igid. Qələbəni bizə gətirən igidlər, sizin kimi oğulların əllərində bayrağımız işğaldan azad edilmiş yurd yerlərinə sancıldıqca bu müqəddəs torpaq qürurlandı, fəxr duydu. Bağrı yandı hər dəfə qoynuna məzar qazıldıqca, amma sınmadı, çünki bilirdi ki, bu məzarlar əbədiyyət üçündür. Tanrının süfrəsinin qonaqları köçdükcə yurdumun bağrına, ürəyi qan ağlasa da, gözləri güldü qəhrəman yurdun. Qəhrəmanlar yetirən bir torpaq bu günə kimi şəhid qanı ilə sulanmışdı, müqəddəsləşmişdi. Tarixin keşməkeşli yollarında xalqımızın igidliyi bu məkanın həm Vətən torpaqlarının ilk, həm də son sərhədi olduğunu, müqəddəsliyini sübuta yetirdi. Vətən müharibəsində igidlik göstərən oğullar da onların davamçıları oldular.

Artıq bir ildir ki, bu kənddə yeddi ananın gözləri yol çəkir. Bu ağlı, qaralı yol uzana-uzana uzaqlara gedir. Çoxlarının həyat yoldaşı, oğlu, qardaşı, nişanlısı bu yolla getdi. Kimisi bayrağa büküldü gəldi, kimisi bayraq çiynində. Yollara dikilən gözlərə əbədi həsrət çöküb – əbədi zəfərlə ölümsüzlük qazananların həsrəti. Sizin kimi oğulların məzarı and yerimizə dönüb. İndi gənclərimiz tariximizi sizdən öyrənir. Sizin məzar daşlarınıza yazılan Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan kəlmələrindən. Böyük qayıdışın qanla yazılan kəlmələrindən. Tarixin axışını dəyişən oğullardan.
And yerimiz olan məzarlar başından ayrılanda oğullarını ziyarətə gələn əli xonçalı anaları görəndə Sənubər xanım Kəngərlinin bu misralarını xatırlayıram.

Qəlbindəki təlatüm bilinirdi üzündən,
Ana açdı sandığı, sellər axdı gözundən.
O, bir nişan üzüyü, bir ağ örpək çıxardı,
Vaxtilə bu şeylərin gənc bir sahibi vardı.
Vətənin dar günündə o sarıldı silaha,
Odlu vuruşmalardan qayıtmadı bir daha.
Ananın bu halına mən ürəkdən yanıram,
Biranlığa özümü mən də ana sanıram.
Qəlbimdən bir səs gəlir:
Müharibə olmasın!
Qoy nişan üzükləri sandıqlarda qalmasın.

Siz son şəhidlərimiz olun, analar bir də ağlamasın, qız-gəlinlərimizin gözləri yollarda qalmasın, balalarımız atasız olmasın, toy xonçaları məzarlara gəlməsin. Əbədilik zəfərimiz buna ən böyük zəmanətdir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR